Aynurə N. PAŞAYEVA
AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və Publisistika şöbəsinin elmi işçisi


1944-cü ilə qədər soyqırım anlayışı dünya ictimaiyyətinə məlum deyildi. Bu termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. Müasir ingilis dilində işlədilən “genocide”, yəni “soyqırım” sözü mənşə etibari ilə qədim yunan sözü olub, genos “nəsil, kök, soy” sözü ilə latın dilindən “caedo” “öldürürəm” sözlərinin birləşməsindən meydana gəlmişdir. Genosid terminini ilk dəfə təklif edən hüquqşünas Lemkin belə əsaslandırdı ki, soyqırımı-müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra beynəlxalq hərbi tribunalı faşist liderlərini “bəşəriyyət əleyhinə cinayətlərdə” ittiham etdi. Tribunalın ittiham aktında “soyqırım” anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlənilmişdir. 
9 dekabr 1948-ci ildə BMT tərəfindən “Soyqırım cinayətinin qarşısının alın¬ması və cəzalandırılması haqqında” Konvensiya qəbul edildi, ancaq bu konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə mindi. Bununla da, ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edil¬məsinə yönələn cinayətlər soyqırım adlandırılmaqla, Konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qarşıya qoyuldu. Azərbaycan Respublikası Milli Məc¬lisi tərəfindən qəbul olunmuş BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmışdır. (Soyqırım cinayəti: beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu, CBS, 2010, s.3.).
Çox böyük təəssüflə qeyd edirik ki, bu gün soyqırıma məruz qalan xalqlar sırasında Azərbaycan xalqı da yer alır. Azərbaycanlıların üzləşdiyi bu faciələr ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə öz siyasi qiymətini aldı.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağla bağlı yaranmış gərgin siyasi vəziyyət eyni zamanda güclənən milli özünüdərk prosesi nəticəsində ictimai rəyə daha operativ münasibət bildirən bədii publisistikada erməni separatçılarının törətdikləri qırğınların tarixi köklərinin araşdırılmasına qarşı böyük maraq oyandı. 1953-cü ildən bəri “Azərbaycan” jurnalında Müstəqillik illərində soyqırım termini işlənməyə başlanıldı və soyqırımın tarixi kökləri, yaranma səbəbləri publisistləri düşündürən əsas məsələlərdən biri oldu.
1918-1920-ci illərdə Zəngəzur, Bakı, Quba, Şuşa, Şamaxı və digər bölgələrdə həyata keçirilən soyqırımlar Nəriman Həsənlinin “Tayqulaq «xalq qəhrəmanı» və ya quldur Andronik...”, Teymur Əhmədovun “Erməni xəyanəti (Andranik Ozanyanın vəhşiliyi)”, Əbülfət Qasımovun “Genosid”, Şəmistan Nəzirlinin “Azərbaycan sərkərdələrinin faciəsi (1918-1920-ci illər)” və s. publisistik məqalələrdə özünə yer almışdır. Bu məqalələr real faktalara, tarixi xronikalara, müxtəlif mətbu orqanlara əsaslandığından erməni soyqırımının araşdırılması baxımından əhəmiyyət daşıyır.
1918-1920-ci illərdə türklərə qarşı soyqırım siyasəti yürüdən Çar Rusiyasının uydurduğu “Böyük Ermənistan” xülyasının ləyaqətli icraçılarından olan erməni qul¬duru Andronik publisistlərimiz tərəfindən ikiüzlülüyü, xəyanətkarlığı ilə daim ifşa olunmuşdur. Müasir dövr Fransa mətbuatında Androniki “milli qəhrəmanı” elan edərən yazılara etiraz edən N.Həsənlinin “Tayqulaq «xalq qəhrəmanı» və ya quldur Andronik...” məqaləsində Andronikin Türkiyənin Ərzurum, Muş, Van, Qars cəbhəsində, 1912-1913-cü illər Balkan müharibəsində, Şaumyanın dəstəyi ilə Naxçıvanda, Zəngəzurda törətdiyi qırğınların tarixinə nəzər salır, 1927-ci ildə xəyanətkalığı ilə Daşnaksütyun partiyasından qovulsa da, Androniki erməni xalqının milli qəhrəmanı səviyyəsinə yüksəldən Şaumyan olduğunu qeyd edir. Publisist Andronikin Şərqi Anadoluda, Naxçıvanda törətdiyi qırğınların arxasında dayanan dəstəyi oxucuya çatdırır: “Ümumiyyətlə, 1918-21-ci illərdə Azərbaycana dişini qıcayan amerikan-ingilis işğalçıları başda olmaqla (sonralar Sovet Rusiyası da onlardan daha qəddar canavar olduğunu sübuta yetirdi) Antanda dövlətləri daşnak qoşunlarını silahlandırır, milli qırğınlar törədirdilər, həmin qırğınlar nəticəsində Ordubad, Naxçıvan, Şərur-Dərələyəz qəzalarında 60 minə yaxın əhali qılıncdan keçirildi. Üç yüzə yaxın kənd odlara qalandı, talan və qarət edildi” (Həsənli Nəriman. Tayqulaq «Xalq qəhrəmanı» və ya quldur Andronik... //“Azərbaycan” jurnalı, Bakı, 1997, №7-8, s. 140).
Andronikin başçılığı ilə Zəngəzurda törədilən qırğınları konkret mətbu orqanlara, arxiv materiallarına istinadən sübuta yetirməyə çalışan prof. Teymur Əhmədov Şaumyanın Andronika məhz V.İ.Lenin tövsiyəsi ilə yardım etdiyini qeyd edir. Andronikin güc mənbəyi yerli erməni əhalisi idisə, digər güc mənbəyi ingilis–amerikan qüvvələrinin dayandığını qeyd edir, onun ABŞ konsulluğuna yazdığı teleqramı ilə sübuta yetirməyə çalışır: “Teleqramda deyilir: Xainlər və satqınlar əhatəsinə düşdüyüm üçün xahiş edirəm məni dəstə rəisi vəzifəsindən azad edəsiniz” (Əhmədov Teymur. Erməni xəyanəti. //“Azərbaycan” jurnalı, Bakı, 1999, №8, s.149).
Publisist Ə.Qasımov XIX əsrin 80-90-cı illərində yaradılan Armenakan, Hnçak, Daşnaksütyun partiyalarının qarşısında qoyduğu vəzifələri açıqlayaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri terrorun məqsədini aydınlaşdırır. Belə ki, “ermənilər niyyətlərinə çatmağın mümkünsüzlüyünü dərk edərək, türklərə. Azərbaycanlılara qarşı soydaşlarında nifrət ruhu aşılamaq, havadarlarının köməyilə soyqırımı həyata keçirmək, etnik təmizləmə yolu ilə boşaldılmış ərazilərdə erməni dövləti yaratmaq qərarına gəlmişlər” (Qasımov Əbülfət. Genosid. //“Azərbaycan” jurnalı, Bakı, 2007, №11, s.169).
1917-ci il fevral inqilabı nəticəsində yaranmış qarışıq şəraitdən istifadə edən ermənilərin öz maraqlarına uyğun ardıcıl soyqırımlar həyata keçirirdilər. Ə. Qasımov öz məqaləsində 1918-ci il mart-aprel soyqırımlarında Qubada 162, Şamaxıda 53 kəndin viran edilməsi, yarım milyonluq ölkə əhalisinin 180 min nəfərinin həlak olmasını statik nəticələrlə qeyd edir. 1920-ci illərdə həyata keçirilmiş soyqırımlara qarşı duran yüzlərlə azərbaycanlı yüksək rütbəli hərbi məmurlar haqqında Ş. Nəzirli “Azərbaycan sərkərdələrinin faciəsi (1918-1920-ci illər)” məqaləsində 1920-ci ildə Əsgəranda ermənilərin hücumunu dəf edən, ölkənin baş qərargah rəisi general-mayor Həbib bəy Səlimovun, general-mayor Murad Gəray bəy Tlexas, İbrahim ağa Usubov və s. güllələnməsi, general-mayor Cavad bəy Şıxlınskinin və s. xarici dövlətlərə mühacirətə getməsi haqqında məlumatlar öz informativliyi ilə maraq doğurur.
Adları çəkilən publisistik məqalələrdə müəlliflər törədilən qırğınlarda əsas məqsəd “Böyük Ermənistan” dövləti yaratmaq siyasətinin durduğunu aydınlaşdırırdılar. “Böyük Ermənistan” siyasətinin uydurma olduğunu real faktlara və mənbələrlə sübuta yetirməyə çalışan görkəmli tarixçimiz, AMEA-nın müxbir üzvü Yaqub Mahmudlunun elmi qənaətləri öz əksini tapmışdır: “Min təəssüflər olsun ki, böyük dövlətlər öz siyasi maraqları naminə ermənilərdən bir vasitə kimi istifadə etmək üçün “Böyük Ermənistan” uydurmasından həmişə məharətlə istifadə etmişlər. Xaricdən verilən vədlərdən çirniklənən və “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər isə bi siyasətin yedəyində gedərək Türkiyə, Azərbaycan və Gürcüstandan ərazilər qoparmaq üçün XIX əsrin əvəllərindən başlayaraq Azərbaycana, Şərqi Anadolu və Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı dünya tarixində misli görünməmiş vəhşiliklər-kütləvi qırğınlar, soyqırımları törətmiş, deportasiyalar həyata keçirmişlər” (Mahmudov Yaqub. Real tarix və “Böyük Ermənistan” uydurması.Bakı, Turxan NPB, 2014, s.125-126).
İllər ötdükdən sonra ermənilərin xalqımıza törətdiyi soqırım siyasəti ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə öz siyasi qiymətini aldı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. “1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayətkar hərbi əməliyyat həyata keçirildi. Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə qarşı, SSRİ rəhbərliyinin Azərbaycan xalqı barəsində apardığı qərəzli siyasətə, yerli rəhbərliyin sazişçilik, əslində isə xəyanətkar fəaliyyətinə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın bir sıra rayonlarına qanunsuz surətdə sovet hərbi hissələri yeridildi. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 137 adam öldürüldü və 612 nəfər yaralandı” [Mehdiyev Ramiz. Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri.Bakı, Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsi, 2000, s. 11].
Tarixin bu dəhşətli faciəsi Azərbaycan publisistlərində siyasi hadisələrə qarşı operativ maraq və münasibət oyatdı. Çünki “bədii-publisist yaradıcılıq sənətkardan qələmə aldığı mövzu-problemlə bağlı reallıqları konkret şəkildə ifadə etməyi, hadisələri, situasiyaları canlı, xarakterik fakt, ad, ünvanlarla, elmi-məntiqi dəlil və sübutlarla əks etdirməyi tələb edir. Bununla belə, yazıçı-publisist öz yaradıcılıq vəzifəsini dil, üslub, süjet, kompozisiya baxımından özünəməxsus bir ustalıqla, obrazlı şəkildə yerinə yetirməli, bədii sözün gücündən məharətlə istifadə edərək emosional təsir oyatmağı bacarmalıdır” [Ədəbi proses 2013.Bakı:Hədəf nəşrləri, 2014, s. 161].
Xalqımız müstəqilliyini bərpa etdikdən sonra “Azərbaycan” ədəbi-bədii jurnalının bütün nömrələrində (əsasən hər il dərc olunan ilk nömrəsində) Qanlı 20 Yanvar faciəsi öz əksini tapmışdır. Musa Mərcanlının “Təcavüz”, İsa İsmayılzadənin “Üç il də belə gəlib keçdi..”, “Gözü yolda qalan şəhid ruhları”, “Şəhid ucalığı”, Faiq Balabəylinin “Dəryada gəmim qalıb”, Tofiq Abdinin “Dövlət çevrilişi”, İntiqam Qasımzadənin “Narahat ruhlar”, “Şəhidlik mək¬təbi”, Bəxtiyar Vahabzadənin “Şənbə gecəsinə gedən yol” və s. publi¬sitik məqalələrində azərbaycanlılara qarşı törədilən Qanlı Yan¬var soyqırımı müəlliflərin iştirakçısı, şahidi olduqları hadisələr fonunda öz əksini tapmışdır. Bu publisistik məqalələrdə xarakterlərin daxili aləmlərinin açılmasına xidmət edən konflikt, süjet və obrazların təsviri yox, faciəyə qarşı müəllif obrazı, müəllif emosional hissi ifadəsinin təsir gücü daha çox öndədir. Adı çəkilən publisistik məqalələrdə faktoqrafiyaya meyillilik daha çox müşahidə olunsa da, fəlsəfi düşüncə, müla¬hizələr, analogiyalara da yer verilmişdir.
Musa Mərcanlının “Təcavüz” publisistik məqaləsində müəllif bir publisistdən çox tarixçi kimi çıxış edərək qısa xroni¬kalarla 20 Yanvar faciəsinin tarixi köklərini, tö¬rədilmə səbəblərini araşdırır, proses¬ləri analitik təhlil süzgəcindən keçirdikdən sonra sübuta yetirir ki, 1988-ci ildə Dağlıq Qarabağ Muxtar vilayə¬tinin Ermə¬nistana birləşdirilən zaman Sovet dövrünün təşviqatçılıq, təbliğatçılıq prinsipinin təsiri altında fəaliyyət göstərən Azərbaycan mətbuatı ictimaiyyətimizdə baş verən siyasi proseslərdən xəbərsiz buraxmışdı: “Ermənilər qan-qan deyən vaxt nə dostluq? Azərİnform xüsusilə canfəşanlıq edir. Məlumat yayır ki, Qorbaçovun müraciəti hər yerdə, həm də ermənilərin arasında böyük razılıqla qarşılanmışdır.” [Mərcanlı Musa. Təcavüz // Azərbaycan, Bakı, 1991, №8, s. 170].
Həmin dövrdə sərt senzura nəzarəti, mətbu orqanların “yuxarıdan” edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 illik “sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi çox şeyi mətbuatda açıq söyləməyə hələ o zamandan cəsarət etmirdi.
Publisist Musa Mərcanlı məqalədə Dağlıq Qarabağın Azərbaycandan verilməsi xəbərinin mətbuatdan gizlədilməsi, kütləni siyasi baş verən informasiyalardan məhrum olması kütləvi qırğınların baş verməsinə səbəb olan amil kimi dəyərləndirir: “”Moskovskie novosti” qəzetinin 14-cü nömrəsində A.Saxarovun məqaləsi çıxır. Məqalədən belə aydın olur ki, hörmətli akademik DQMV-in Ermənistana birləşdirilməsi üçün heç də ermənilərdən az çalışmır.
Bakı qəzetləri hələ dostluqdan dəm vurur... [Mərcanlı Musa. Təcavüz // Azərbaycan, Bakı, 1991, №8,, s. 172]”
Hətta bəzən xalq kütəsinin informasiyadan məhrum olması bir yana, fiziki təcavüzə məruz qalması publisisti olduqca dərindən sarsıdır. Öz söz silahını səbəbkarlarına qarşı yönəldir: “Sentyabrın 22-də hadisələrdən, informasiya qıtlığından cana doymuş bir qrup adam Bakıda-Dənizkənarı parkda dinc yürüş keçirmək istəyib. Azərbaycan SSR DİN xəbər verir ki, milis işçiləri yürüşü “uğurla dəf etmişdir”. Bərəkallah, DİN! Bakıda 20 nəfərə qarşı bu cür uğurlu əməliyyat keçirirsən, amma Stepanakertdə qayda-qanun yarada bilmirsən. Gərək tarixə düşə sənin bu “operasiyan” [Mərcanlı Musa. Təcavüz // Azərbaycan, Bakı, 1991, №8, s. 176] ”
İsa İsmayılzadənin bədii publisistik janrda qələmə aldığı “Üç il də belə gəlib keçdi..”, “Gözü yolda qalan şəhid ruhları”, “Şəhid ucalığı” publisistik məqalələrində müəllif sanki şəhidlərin gözü önündə xalq tribunasında çıxış edir. 20 Yanvar faciəsinin rəhbər vəzifə tutan erməni cinayətkarlarının cəzasız qalması müəllifi daha çox düşündürsə də, xalqın qəhrəmanlıq yaddaşı, əzmkarlığı, mübarizliyinə qarşı olan sonsuz inam qələbəyə doğru nikbin ümidlərini sarsıtmır. Bəzən publisistin bu adı çəkilən mə¬qalələrində pessimist bir ruh duyulsa da, xalqımızın milli yaddaşına qarşı olan arxayınlıq hissi onun gələcək qələbəsinə böyük ümidlər oyadır: “HEÇ VAXT qaysaq bağlamayacaq yaralarımız o gecədən üzü bəri baxışımızda, ürəyimizdə, qan yaddaşı¬mızda, torpağımızın hər qarışında göyüm-göyüm göynədikcə, bir balaca təsəllidən toxtaqlıq tapırıq: tarix boyu itirə-itirə gələn, qanı su ilə yumağa adətkər olan bir xalqın indi müqəddəs and yeri var-onu həmişə səfərbər eləməyə, Vətən hissini, qeyrət hissini başı üstündə bayraq kimi qaldırmağa gücü çatan müqəddəs qəbir¬lər var, ŞƏHİD QƏBİRLƏRİ! Özü də, şəhərin ən uca, ən görümlü yerində..” [İsmayılzadə İsa. Şəhid ucalığı //Azərbaycan, Bakı, 2010, №1,, s. 3].
Baş verən gərgin ictimai-siyasi şəraitdə xalqımızın milli özünüdərkində, milli ruhunun oyanışında, həmçinin bədii-fəlsəfi, poetik fikir tariximizin inkişafında özünəməxsus xidmətləri olan, əsərlərini böyük vətəndaşlıq narahatlığı ilə qələmə alan xalq şairi Bəxtiyar Vahab¬zadə xalqımıza qarşı törədilən ağır genosid siyasətinə hiddətli etiraz səsini qaldırdı. Siyasi proseslərə ayıq münasibət bildirən, ötən əsrin 50-ci illərindən qələmi ilə mübarizə aparan, ən yüksək kürsülərdə, Azərbaycan SSR Ali Sovetinin sessiyalarında öz sözünü deməkdən çəkinməyən, döyüşən şair, publisist Bəxtiyar Vahabzadə baş verən faciələrə qarşı hiddətli münasibətini 1990-cı ildə yazdığı “Şənbə gecəsinə gedən yol” məqaləsində qəzəbli şəkildə bildirdi.
B.Vahabzadə erməni genosidinin tarixi köklərini araşdırıb onun ideoloji yönlərini, istiqamətlərini həmin adı çəkilən məqalədə oxucusuna böyük vətən yanğısı ilə çatdırdı. Erməni lobbisinin dəstəyi ilə bütün dünya mətbuatında çıxış edərək 1988-ci ildən bu yana azərbaycanlılara qarşı törətdikləri müsibətlərin üstündən xətt çəkib ədalətin xilafına çıxaraq bizi “vəhşi”, “mədəniyyətsiz” millət adlandırıb özlərini “əzilən xalq” kimi qələmə verən ermənilərə qarşı sonsuz qəzəbini publisist bu əsərində açıq şəkildə, böyük cəsarətlə bildirdi. Çünki sərt senzura nəzarəti, mətbu orqanlara “yuxarıdan” edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 illik “sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi o dövrdə çox şeyi mətbuatda açıq söyləməyə cəsarət etmirdi. Ancaq “Azərbaycan” jurnalının 1990-cı il 9 və 10-cu saylarında çap olunan “Şənbə gecəsinə gedən yol” məqaləsində müəllif 20 Yanvar faciəsinin yüzlərlə dəhşətli epizodları fonunda sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi genosid aktını ifşa etmişdir. Müəllifin genosid barədə informasiyası müşahidə etdiyi, şahidi olduğu hadisələr, gündəlik izlədiyi mətbuat orqanlarından qaynaqlanırdı. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, B.Vahabzadə bu əsəri qələmə alan zaman hələ xalqın taleyinə qara hərflərlə yazılacaq Xocalı soyqırımından, itiriləcək Azərbaycan torpaqlarından xəbərsiz idi.
Genosidə tarixilik aspektindən yanaşan B.Vahabzadə öz xalqının başına gətirilən dəhşətli faciəni araşdıran zaman şəxsi mühakimələrində genosidi mənəvi və fiziki adlandırmaqla iki yerə ayırır. Ermənilərin separatçı-bölücü siyasətinə, xalqımıza qarşı yürüdülən hiylə, böhtan dolu yazılara etiraz edən, erməni və erməni yönlü mətbu informasiya mənbələrinə qarşı müqavimət göstərməyə çalışan, xarici mətbuatın bizə qarşı çıxışlarına vaxtlı-vaxtında layiqli cavab verən B.Vahab¬zadənin ruhunu mənəvi genosid daha çox sarsıdırdı. Ancaq o, ermənipərəst çıxışlarla mətbuatda iştirak edənlərə, erməni əhalisini açıq-aşkar azərbaycanlılara qarşı qoyanları, milli münaqişənin gedişinə göz yumanları görəcək qədər ayıq, ona qarşı dayanan qüvvələr içərisində belə baş verən prosesləri oxucusuna çatdıra biləcək qədər cəsarətli qələm sahibi idi. Əsərdə mənəvi genosid tarixi saxtalaş¬dıran, Qafqazda əsassız ideoloji bünövrə yaratmağa çalışan ermənilərin uzun illərdən bəri bizə qarşı yürütdükləri məkrli məqsədlərinin məcmusunu təşkil edir. Mənəvi genosidin gücləndiyi vaxta təsadüf edən yenidənqurma və aşkarlıq dövrünün “geniş imkanlar” açdığı bir zamanda ermənilər üçün öz mənfur niyyət¬lərini açıq şəkildə ifadə etməyə münbit zəmin yarandı. Mənəvi genosidin əsas hissəsini təşkil edən ekoloji genosid anlayışının mahiyyətini aydınlaşdıran publisist vaxtilə xalqın böyük səadəti kimi qələmə verilən “ölü zona”ya çevrilən Sumqayıt zavodları, zəhərli dərmanlarla yetişdirilən pambıq əkinini göstərərək səbəbkarları Moskvadan alqışlar qazanmaq üçün çalışan öz rəhbərlərimizi də bu hadisədə qınayır: “Yenə plan xatirinə məktəbli balalarımızı pambıq tarlalarında min cür əzab-əziyyətə qatlaşmağa məcbur etmək, ilin dörd-beş ayını təhsildən məhrum etmək mənəvi genosid deyilmi? “Genosid” deyəndə ağzına çullu dovşan sığışmayan, vay-şivəni ilə dünyaya səs salan qonşularımız bəs bizim genosidi niyə görmürlər? Niyə SSRİ-də yaşayan xalqlar içərisində yalnız türkdilli xalqlar pambıq əkib-becərməlidir” [Vahabzadə Bəxtiyar.Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı,1990, №10, s.13].
Vahid ideoloji konsepsiyanın olmadığı 1990-cı illərdə mənəvi ge¬nosidə qarşı cəsarətlə mübarizə aparan, xalqın milli heysiyyətini tapdalayanlara qarşı etiraz səsini ucaldan B.Vahabzadə X.Rzanın, A.Zamanovun və başqalarının cəzalandırılmasını böyük təəssüf hissi ilə qeyd edir, oxucuda vətənpərvərlik, təəssübkeşlik hissini daha da artırırdı.
Azərbaycanın çətin iqtisadi şəraitində 250 min köçkünün Türkiyə Bolqa¬rıstanın¬dan, 40 min məhsəti türkünün Özbəkistandan ölkəmizə köçürülməsi xalqımızın assimilyasiyaya uğraması məqalədə mənəvi genosidin örnəklərindən biri kimi diqqəti cəlb edir. “Şənbə gecəsinə gedən yol” məqaləsində Moskva tərə¬findən Azərbaycanın siyasi səhnəsindən sıxışdırılması, kölgədə saxlanılması, ancaq ermə¬nilərə yüksək maddi və mənəvi imtiyazların tətbiq olunması bizə qarşı qərəzli, ayrıseçkili münasibət kimi mənalandırılır. Mənəvi genosidin daha çox dərinləşməsinə səbəb olan amil isə xalqımıza qarşı səsləndirilən “vəhşi”, “genosid cəlladları” kimi təhqirləri qarşısında öz rəhbərlərimizin susmaq mövqeyini tutması¬dır.
B.Vahabzadə əsərdə 1918-ci ildə Azərbaycanda törədilən qırğınların sahibi, vaxtilə adına heykəllər ucaltdığımız S.Şaumyan, onun havadarı S.Lalayanı lənətləyir, ermənilərin Dağlıq Qarabağ iddiaları, tarixi saxtalaşdırmaq cəhdləri, xalqımıza qarşı törədilən faciələrin səbəblərini aydınlaşdırır, tutarlı arqumentlərlə böhtançı erməni siyasətini ifşa edir, bu siyasi prosesə şərait yaradan Qarbaçov və bəzi azərbaycanlı rəhbərləri də tənqid etməkdən çə¬kinmirdi. Publisist faciənin səbəbkarlarını aydın şəkildə görür: “Bizə çoxdan məlumdur ki, başımıza açılan bu oyunlar təkcə balaca xalqın, erməni lobbisinin işi deyil. Bu işlərin başında erməni mafiyasına istiqamət verən, onu güclü silahlarla təchiz edən, hətta açıq-açığına müdafiəsinə keçib hər məsələdə Azərbaycan xalqını təkləyən M.S. Qarbaçov özü durur” [Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı, 1990, №9, s. 17].
Genosidin arxasında dayanan əsil həqiqəti araşdıran publisist gəldiyi qənaətləri tarixi faktlar əsasında təsdiq edir. Baş verən siyasi proseslərə ağlın, məntiqin gözü ilə baxan B.Vahabzadə bu doğru qənaətini tarixşünaslığımızda öz əksini tapan faktlarla müqayisə etdikdə publisitin düzgün qərar verdiyinin şahidi olarıq: “Və əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəflətən Yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun göstərişi, güc nazirləri Yazov, Bakatin və Kryuçkovun bilavasitə başçılığı ilə müxtəlif növ ordu hissələri Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqa¬nıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissə¬lərində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Beləliklə, Rusiya imperiyasının və çarizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki «zəngin» tarixi təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı” [6, s.4].
B.Vahabzadə əsərdə Azərbaycan xalqını nahaq günahlandıranlar, Qarabağ hadisələrini 1988-ci ilin fevralında Sumqayıtda baş verənlərlə əlaqələndirənləri sorğu-suala çəkir, haqlı olaraq onları ittiham edir: “Bəs Xocalı faciəsindən niyə danışmırsan? Bəs Ermənistanın Quqark rayonunda 12 nəfər azərbaycanlının başının kəsilib yandırılmasından niyə danışmırsan? Sumqayıt hadisəsinin genosid hesab edən cənablar vaxtilə Ermənistan əhalisinin 43 faizinin azərbaycanlılar oldu¬ğu halda, bu gün orda bir nəfər də azərbaycanlının qalmasını niyə genosid adlandır¬mırlar? Niyə bu faktı danırlar ki, Ermənistandan qovulan zaman öldürülən azərbaycanlıların sayı Sumqayıtda öldürülən ermənilərin sayından on qat çoxdur” [Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı, 1990, №9, s. 24-25].
Publisist ermənilərin mənəvi genosid iddialarına məhəl qoymur. B.Vahabzadənin genosidi əyani faktlardan çıxış edərək canlandırmaqda əsas məqsədi xalqın milli şüur və düşüncə tərzinə təsir etmək, milli yaddaşı dirçəltmək, geniş oxucu kütləsi arasında azadlıq, müstəqillik toxumu səpmək, fiziki genosidi təsvir etməklə məqsədi cinayətkarları ittiham etmək, meydan oxumaqdır. Bəxtiyar Vahabzadə qarşı düşmən tərəfin tarixini, keçmiş mənfur siyasətini anlayacaq qədər ayıq düşüncə sahibi idi.
Onun genosid yaddaşı ötəri, keçici deyil, bu yaddaş özündə milliliyi və həqiqəti əks edən bədii ruhu, mənəvi özünəməxsusluğu yaşadır. Genosidə qarşı nifrətli emosiyalarla çıxış edən publisist bütün diletant yanaşmalar, böhtanlar içərisində ictimai mezaxizm xəstəliyinə tutulan ermənilərə qarşı millətin yeganə çıxış yolunu öz gedəcəyi yolda qibləsini düzgün təyin etməkdə, Azərbaycan xalqının milli istiqlal mübarizəsinin mənəvi-ideoloji hazırlıq mərhələsində görürdü. Əsrlərdən bəri dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan, dünya xəzinəsinə Ü.Hacıbəyov, Niyazi, Nizami, Füzuli kimi böyük simalar bəxş eləmiş milləti “vəhşi”, “qeyri-mədəni” adlandırmaqla törətdikləri cinayətləri ört-basdır edən erməniləri publisist kəskin şəkildə ifşa etmişdir.
Ancaq emosiya ilə məntiqin sərhədini çətin müəyyənləşdiyi “Şənbə gecəsinə gedən yol” məqaləsində publisist qanlı faciənin törədildiyi şənbə gecəsindən sonra millətinin bu ağır baryerlər qarşısında qələbəsinə qarşı əminlik hissi oyadır. B.Vahabzadə qəzəbini tək qələmi ilə bildirmir, o dövrdə siyasi proseslərə müdaxilə etmiş, bir neçə ziyalı şəxslərlə birlikdə Qırmızı Ordunun Bakıdan çıxarılmasını Azərbaycan SSR Ali Sovetindən tələb etmiş, öz qəzəb və hiddətini M.Qarbaçova göndərdiyi teleqramda da açıq bildirmişdir: “Xalqımın qanını töküb sonra ona başsağlığı göndərmək dəhşətli ikiüzlülükdür. Sənin rəhbər olduğun partiyadan çıxmağı özümə şərəf sayıram” [Vahabzadə Bəxtiyar.Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı,1990, №10, s. 15].
Xalq şairi emosional ifadələrlə oxucuda tarixi prosesə, siyasi hadisələrə qarşı fikir formalaşdırır, analitik təhlili polemik keyfiyyətlərlə zənginləşdirir. B.Vahab¬zadə əsər boyu xal¬qına doğru yönələn tarixin səhnə ekranından üsyankar hiddətini, cavabını bədii suallarla kütləyə aydınlaşdırmağa çalışır: “Nə idi çiçəyi burnunda ölən yeniyetmələrimizin, torpağımızın bütövlüyünü qorumaq istəyən cavanlarımızın, qız-gəlinlərimizin günahı? Vətən torpağını sevmək, onu qorumaq istəmək haçandan günah hesab olunmuşdur? 40-45 il bundan əvvəl indi sizin əlinizlə şəhid düşən bu gənclərin ata-babaları məgər rus torpağı yolunda öz canlarından keçməmişdimi? Ata-babaların o zaman sizə göstərdiyi o xidmətin, fədakarlığın cavabını beləmi qaytararlar ey nankorlar? 200 ildir mən sənin qulun oldum, nökərin oldum, gün çıxandan gün batana qədər mən sənin üçün əlləşdim, sənə canım və qanım bahasına neft verdim, pambıq verdim, taxıl verdim özüm becərdiyim məhsulu özüm sənə göndərdim. Sən mənim hesabıma dünyanın ən qüdrətli dövləti oldun, dünyaya meydan oxudun, ölkələrə hədə-qorxu gəldin, indi bu idi mənim yaxşılıqlarımın əvəzi? Biz bu sitəmi götürdük, Allah götürməsin!” [10, s. 11-12]. “Bu suallar isə xalqının, bəşəriyyətin dünyanın dərdləri ilə yaşayan sənətkarın fəlsəfi düşüncələrinin, narahat duyğularının əks sədasıdır” [Gündoğdu Bayram. Bəxtiyar Vahabzadənin publisistikası: filologiya üzrə fəlsəfə dok. Dissertasiyasının avtoreferatı, Avtoreferat, Bakı, 2010, s.4].
AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Azərbaycan” jurnalının 2000-ci il 8-ci sayında nəşr etdirdiyi “Millət şairi, yaxud B.Vahabzadə fenomeni” məqaləsində yazırdı: “Bəxtiyar öz böyük poeziyası, müdrik fəlsəfəsi, coşğun publisistikası üçün birinci növbədə narahat ehtiraslarına borcludur, narahat ehtiraslar insanı dağa-daşa sala bilər, onu “normal” həyatdan məhrum edər, ancaq həmin insanı, hər necə olursa-olsun, nəticə etibarilə həqiqətin astanasına gətirib çıxarır.” [Nizami Cəfərov. Millət şairi, yaxud B.Vahabzadə fenomeni. //Azərbaycan, Bakı, 2000, №8, s.39].
Böyük həqiqətə sədaqətlə xidmət edən B.Vahabzadə məqalədə faktların mahiyyəti, özünəməxsus keyfiyyətləri, çevrəsi və analogiyaları, bədii suallarla açılır, dəyərləndirilir. Təhlil etdiyi hadisə və faktın gerçəkliyə uyğunluğu aydınlaşır. Bəzən təhlil dərinləşdikcə, faktın ümumiləşdirmə miqyası da böyüyür. Genosidin mahiyyətini aydınlaşdırmaqdan ötrü publisistin tez-tez səsləndirdiyi suallar onun siyasi və elmi hazırlığını, polemika ustalığını, kəskin məntiqini, inandırma qüvvəsini sübuta yetirir. O, mətbuatda əsassız dəlillərlə çıxış edən ermə¬ni genosid cəlladlarına cavab vermək, susdurmaq istəyi müəllifin əsərin sonuna kimi rahat buraxmır. B.Vahabzadə 20 Yanvar faciəsinin dəhşətli epizodlarını deyil, daha çox onun arxasında duran genosid aktını həyata keçirən məkrli məqsədləri məntiqi inandırma yolu ilə ifşa etmişdir.
Milli oyanışımızda, milli dirçəlişin xalq ruhuna yol tapmasında, “insanlardakı buz bağlamış vicdanların” donunu açmaqda, yatmış ruhlarda itib-batmış milli qeyrətin tapılma¬sında, soydaşlarımıza xalqın keçmişini, kökünü anlatmaqda” böyük rolu olan B.Vahabzadənin genosidə qarşı fəal publisistik kəsər və prinsipial vətəndaşlıq mövqeyi məqalədə aydın bir şəkildə görünməkdədir. Ona görə də milli özünüdərkin ilkin rüşeymlərini ədəbiyyatımıza gətirən, qan yaddaşımızın bərpasında xüsusi rolu olan Bəxtiyar Vahabzadənin “Şənbə gecəsinə gedən yol” məqaləsi tarixşünaslığımızda, ədəbiyyatşünaslığımızda, publisitikamızda tədqiqata cəlb olunub erməni soyqırımının araşdırılması baxımından əhəmiyyət kəsb edir.
Maraqlı informativ xarakteri ilə seçilən Faiq Balabəylinin “Dəryada gəmim qalıb” məqaləsi 20 Yanvar hadisələrinin iştirakçısı olan dənizçilərin müsahibələrindən toplanmışdır. Bakıdakı qırğınların qarşısını alan Xəzər Neft Donanmasının dənizçi qəhrəmanları müxtəlif təqiblərə məruz qalsalar da, gəmilərin “SOS” siqnalı ilə dünyanın 50-dən çox ölkəsinə faciəmizin səsini bəyan etmişdilər.
Əvvəldə sadalanan publisistik məqalələrdə publisistlərimiz bəzən “20 Yanvar gecəsi olmaya bilərdimi?” sualına cavab ax¬tar¬mağa çalışmışdılar. Daha çox emosiya ilə hərəkətə keçən xalqın vahid idaredici qüvvəsinin olmadığını qeyd edən İntiqam Qasımzadə “Narahat ruhlar” məqlaəsində bu sualı belə cavablandırır: “20YANVAR gecəsi qurbansız keçinmək olmazdımı?! - məzəmmət və ittiham dolu bu sual sonralar tez-tez eşidilirdi; ara söhbətlərində də, ali məclislərdə də. Əlbəttə başa düşüləndir, itkiləri¬mizə görə keçirdiyimiz sarsıntıdan doğurdu bu sual. Lakin gəlin hissə qapılmayaq, yaxın keçmişə müraciət edək: Macarıstan və Çexoslavakiya hadisələrini xatırlayaq. Məgər həmin ölkələrdə də-birində çox, birində az-qan tökülməmişdimi?!” [Qasımzadə İntiqam. Narahat ruhlar. //Azərbaycan, Bakı, 2010, №1, s.4].
Faciənin törədildiyi gün Azərbaycan dənizçilərinin şücaətindən bəhs edən publisist Faiq Balabəyli respondenti o zamankı Xəzər Neft Donanmasının rəisi işləmiş Yaşar Cabbarovla pardığı müsahibəsində yazırdı.“Yanvar faciəsi olmaya bilərdimi? Birmənalı şəkildə deyim ki, bu hadisə gec-tez olmalı idi. Ola bilsin ki, gecikəydi bu hadisə, amma mütləq olacaqdı. Çünki çürüməkdə olan, özülü çat verən, imperiya son gücünü toplayıb nə isə etməli, çabalayıb yaşamaq eşqini büruzə verməli idi. Çünki imperiyanın son nəfəsi idi. Pribaltika respublikalarının, onlardan qabaq Qazaxıstan olaylarının məntiqi davamı kimi də başa düşmək olar Bakı qırğınını” [Balabəyli Faiq. Dəryada gəmim qalıb. //Azərbaycan, Bakı, 2004, №1, s. 8]”.
Vahid ideologiyanın olmadığı, lakin böyük qəhrəmanlıq keçmişə malik olan xalqın düşmən qarşısında nümayiş etdirdiyi birliyi, böyük əzmkarlığı publisistlərin yaradıcılıqlarında böyük fərəh hissi ilə qeyd olunmuşdu: “Uzun illər azadlıq mücadiləsini yadırğamış xalqımız QAN YADDAŞının fəhmi ilə ayağa qalxmışdı, qollarındakı buxovdan qurtulmaq istəmişdi və olduqca yırtıcı, son dərəcə amansız düşmənlə üz-üzə gəlmişdi. Onu irəli aparan azadlıq eşqi, müstəqillik yanğısı idi;məhz müstəqillik yanğısı. Təcrübə isə yox idi. Fəhlə, kəndli, müəllim, elmi işçi, mühəndis, yazıçı, müəllim, tələbə, bir sözlə cəmiyyətin bütün təbəqələri ayağa qalxıb minbir fitnə ilə torpaqlarımızı ermənilərə satan imperiya dəllallarına: “Yox!”-deyirdi” [Qasımzadə İntiqam. Narahat ruhlar. //Azərbaycan, Bakı, 2010, №1, s. 3].
Milli şüurun güclənməsində böyük rolu olan, həqiqətpərəstliyə sadiq, 20 Yanvar faciəsinin ağrılarınını, kədərini dərindən duyan B.Vahabzadə publisist B.Vahabzadə gərgin siyasi burulğanların içərisində “Şənbə gecəsinə gedən yol” məqaləsində xalqın əzmkarlığına, mətanəti qarşısında səcdə edir: “Mən bir daha inandım ki, bu xalqı qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz.
Ey mənim dözümlü xalqım, görə bilmədiyiniz, qiymətləndirə bilmədiyimiz ürəyinə, bu ürəkdə yatan namusuna, qeyrətinə qurban olum!Sən nə qədər böyüksənmiş!”[10, Vahabzadə Bəxtiyar.Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı,1990, №10, s. 20].
20 Yanvar faciəsi ilə bağlı yazılan publisistik məqlalələrdə bəzən adı çəkilən faciə ilə bağlı gələcək proqnozlar da verilir. Həmin proqnozlarda qəlbi vətən yanğısı ilə döyünən İsa İsmayılzadənin nikbin ümidləri “Gözü yolda qalan şəhid ucalığı”, “Üç il də belə gəlib keçdi..” məqalələrində xüsusi vurğulanır: “Zaman hər şeyə məlhəm qoyur. Hər ağrı-acını ovudur, unutdurur-deyirlər. Amma 20 Yanvar faciəmiz heç cür ovudulan, ovunan deyil-dünyanın bütün loğmanlarını məlhəmlərini bir yerə yığsan belə...” [İsmayılzadə İsa. Gözü yolda qalan şəhid ruhları. //Azərbaycan, Bakı, 1997, №1-2, s. 4]; “Nə qədər ki, müqəddəs torpaqlarımız var, nə qədər ki, yağı düşmənlərimiz bölgələrimizdə, onun sinirlərində at oynadır-and yerlrimizin çoxalacağına hazır olmalıyır...
Şəhidlərimizin ruhunu sevindirəcəyimiz günü necə böyük intizarla gözlədiyimizi ifadə eləməyə sözün gücü çatmaz” [İsmayılzadə İsa. Üç il də belə gəlib keçdi... //Azərbaycan, Bakı, 1993, №1, s. 4].
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı Soyqırımı Nurəddin Qənbərin “Gözün aydına Bakı, Xocalı Bakıya gəlir” (“Azərbaycan”, 1999, №6) məqaləsində yer almışdır. Əsərdə qəhrəman hadisələri yaşayıb nəql edən müəllifin özüdür. Müəllif Xocalının yerlə yeksan olunmasının səbəbkarı kimi mövcud müharibə şəraitindən şəxsi qazancları üçün istifadə edən, vətəndaşlıq hislərindən məhrum olmuş dövlət məmurlarında görür. “Böyük qardaşımız”ın verdiyi vertol¬yot Xocalıya enə bilmədi. Bakı Xocalıya gedə bilmədi, Xocalı Bakıya gəlir, gözün aydın Bakı! Ona görə ki, aşağıda “Böyük qardaşımız”ın 366-cı alayı fəsad qurubmuş, ona görə ki Gəncədəki rus polkovniki ilə 366-nın polkovniki öz aralarında razılaşıblarmış. Ona görə ki, Ağdamdakı bir-biriylə didişən, dartışan bölük-bölük dəstələrin özbaşınalıq edən nadan başçılarının sözləri bir-birinə düz gəlmirdi” (Nurəddin Qənbər. Gözün aydın Bakı, Xocalı Bakıya gəlir... //“Azərbaycan” jurnalı, № 6, 1999, s.155).
Real tarixi faktlardan çıxış edərək erməni yalanlarına qarşı mübarizə müasir dövrümüzdə xüsusi aktuallıq kəsb edir. Xalqımızın yaddaşına qanlı faciə kimi daxil olan 1918-1920-ci illər soyqırımı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvar faciəsindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü və milli haqlarımıza obyektiv yanaşmanın nümayiş olunması ilə bağlı inamını birdəfəlik itirdi. Milli yaddaşımızda əbədi həkk olunan bu qanlı faciələr üzərindən illər ötsə də, öz tarixi tipologiyasını qoruyub saxlayacaq, publisistik məqalələrdə böyük kədər, qürur, şərəf hissi ilə xatırlanacaq, gələcək nəsillər dəhşətli soyqırımlardan nəticə çıxarıb Azərbaycan ədəbiyyatını orijinal və sanballı əsərlərlə zənginləşdirib bütün dünyaya tanıdacaqdır.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə