2016-cı il yun ayının 23-də (saat 14.00) Azərbaycan Yazıçılar Birliyinin NATƏVAN Klubunda DGTYB üzvü Allahşükür AĞAnın ilk şeirlər kitabının təqdimatı keçiriləcək. Gənc şairi ilk kitabının çıxması münasibəti ilə qutlayır, həmin kitabda yer almış şeirlərdən dördünü dgtyb.org oxucusuna təqdim edirik:

Ayaqların xatirəsinə

Mən susdum, sən susdun, biz
susan kimi.
ayaq izlərimiz qarışqalar tək,
Dırmaşdı dağlara..
Qayalara,
Qayaların başındakı
çalalara..
Orda yuva qurdular.
Daha mehriban oldular.
Bilirsən, tanklar gəlirdi
Ayaq izlərimizi ayaqlamağa..
Mən susdum,
Sən susdun,
Biz susduq.
Tankın adamlardan əvvəl
ayaq izlərini öldürməyinə..
Tək bir əsgər ayaqqabısı
qalmışdı.
Yolun tən ortasında,
Amma ayaq izləri
Quş dəstəsi tək
Göy üzünə
Çoxdan uçmuşdular.
Bax, o vaxtdan durna qatarı
Göy üzündə
Ayaq izlərinə oxşayır.
Sanki göylər
Abidə qoyub
Ayaqların xatirəsinə...


Ağlamaq

Ağlamaq,
Özü də gözəl ağlamaq
Bir az yaşamaqdı, məncə.
Doğma Saatlıda,
Hərdən buludlar gəlir
Başımın üstə əylənməyə.
Tək bir damcı düşür,
Qəlbimdəki qəmə.
Hansı ölkədən gəlib bilmirəm?
O damcı,
Gözlərimə düşəndən
Başladı kipriklərimin qırmancı.
Yəni uçmaq həvəsim.
Gözümə düşən o damla
Kiminsə göz yaşıymış.
Gəlib- gəlib
əylənib gözümdə.
Bu saat elə bilirəm
Qara bulud var bəbəyimdə.
Məni harasa aparası...

Dünya

Dünyanınkı nədir,
Get balaca uşaqla top oyna
Adını da qoy : Dünya.
Top vur qonşunun
pəncərəsinə
Uşaqlar oyansın şüşə səsinə
Adını da qoy : Dünya..
Əlində dən tut,
bir sərçənin gözündə
Əllərinə ensin
bir parça
göy üzü
adını da qoy : Dünya.
əllərinə düşsün
bir parça bulud
əlində
buğda bitsin
adını da qoy :Dünya.
Sevdiyin qızın adı Röyadırsa
Adını dəyiş qoy
Dünya.
Sev kərəm kimi,
Soyul kələm kimi,
Bit, qurtar,
Bu da sevdiyin Dünya...

Əgər...

Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək
Pulları çiçəklərə çevirə bilsəydik,
sevgi azalmazdı, əsla...

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə