Bugünlərdə haqqa qovuşmuş qocaman şair, gənc yazarların yaxın dostu, gənəşik yeri Əbülfət İslamın
zamanında xeyir-dua verdiyi yazarlardan biri də istedadlı ədəbiyyat araşdırmaçısı, şair-publisist, öyrətmən Gülnar SƏMAdır. Ə.İslamın G.Səma haqqına 2011-ci ildə qələmə aldığı bu yazını DGTYB.ORG oxucusu ilə paylaşarkən, müəllifə Tanrıdan rəhmət, onun xeyir-dua verdiklərinə, yetirmələrinə də yeni yaradıcılıq uğurları diləyimizi yetiririk.

Mən onu tanıyanda VIII sinifdə oxuyurdu. Az danışan, danışanda da fikirlərinin obrazlılığına heyrət ediləcək bir qız idi. Xahiş etdilər ki, onun şeir dəftərçəsinə baxım. Yazılarında poetik ifadələr olsa da, şeiriyyətin texnikası pozulur, fikir dolaşıqlığı yaranırdı. 
Gülnarla iki il ardıcıl bu istiqamətdə məşğul oldum. Çox hafizəli və tapşırıqları dərhal yerinə yetirən idi. Az bir zamanda, müəyyən mənada məni qane edən şeirlər yazmağa başladı. Sevindim. Zəhmətim itməmişdi. İlk “Uğur olsun, Gülnar!” başlıqlı yazını da onun şeirləri ilə bərabər mətbuata mən verdim. Yazı dərc olunanda Gülnardan çox mən sevinirdim. Artıq Gülnar müxtəlif janrlarda şeirlər yazırdı. İstəyirdim onun özünəməxsus təxəllüsü olsun. Tanrı məni çox intizarda qoymadı. Onun təxəllüsü göylərdən gəldi – Gülnar Səma.
IX sinifdə oxuyarkən “Mən sehirli səmayam” adlı şeirlər kitabı çap olundu. Kitabı əlimə aldığım andan sevincimi sözlə ifadə etməkdə acizəm. Dünya gözlərimdə bir az da gözəlləşmişdi.
Orta məktəbi bitirənə qədər daha bir kitabın çap olunmasını istəyirdim. Lakin yuxarı siniflərdə tədris proqramlarının ağırlığı və Gülnarın təhsil almaq istəyi mənim arzumu xeyli ləngitdi.
BDU-nun filologiya fakültəsinə qəbul oldu. Qaynar ədəbi mühitə bir az da yaxınlaşdı, qaynayıb-qarışdı. Müxtəlif dövrü mətbuat səhifələrində tez-tez şeirləri, bədii və publisistik yazıları dərc olundu. Gülnar Səma sənətin ağ yoluna çıxmışdı. Bir müəllim – ustad kimi bununla qürur duyurdum.
Gülnar Səma imzası artıq geniş oxucu kütləsinə yaxşı tanışdır. Bakı ədəbi mühitində özünəməxsus yeri olan Gülnar ali təhsili başa vurub doğma Tovuza qayıtdı. Sərhəd kəndi olan Muncuqluda ümumi-orta məktəbin dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başladı. Eyni zamanda Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin ən fəal üzvlərindən biri kimi özünü təsdiq etdi, ədəbi birliyin mətbuat katibi seçildi.
Ədəbi Birlik üzvlüyünə təzəcə qəbul edilmiş gənc yazarların yeni şeirlərini, həm də onların haqqında “Uğur Olsun!” yazısını müxtəlif mətbuat səhifələrində çap etdirdi. Estafeti Gülnar Səmaya vermişəm.
Oxuculara təqdim olunan “İçimdəki söhbətlər” adlı kitab Gülnar Səmanın bu günə qədərki yaradıcılığının oxuculara hesabatıdır.
Uğurlu olsun Gülnar Səma! Ancaq unutma ki, oxucuların səndən daha maraqlı və daha dəyərli əsərlər gözləyirlər. Qoy göylərdə süzən ilham pərinin qanadları yorulmasın! Amin!!!


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə