20 yaşlı öyrəncinin sosial-tənqidi hekayəsi:

NADİR LƏNƏTİ
 
Dünyanın bütün ölkələrində ən çox hörmət görən şəxslər müəllimlərdir. Əgər düşünsək ki, ölkənin rəhbəri də bir zaman hər hansısa bir parta arxasında əyləşib bugün bizim saymadığımız müəllimlərdən, ya da onlardan bir-iki nəsil əvvəlkilərdən dərs alıb, o zaman müəllimlərin xaricdə niyə bu qədər hörmət gördüyünü anlaya bilərik. Bəs bizdə niyə belə deyil? Burada iki sual ortaya çıxır: Ya rəhbərlərimiz heç bir zaman bu parta arxasında əyləşməyib, ya da rəhbərlərimiz də bizim kimi müəllimlərindən lazımi hörməti görməyib, ya da təhsili...
Mən bugün bir tarix müəllimiyəm - şagirdlərin ən zəhləsi gedən və lazımsız gördüyü tarix fənnini tədris edən müəllim. 8-ci sinifə qədər bu peşə heç vaxt xəyallarımı bəzəməyib. Ümumiyyətlə mən də tarixə nifrət etmişəm. Amma mənim səbəblərim digər hər kəsinkindən daha fərqli idi. Mən tarixi öyrənə bilmədiyim üçün deyil, bütün tariximiz böyük bir məğlubiyyətlər külliyatına bənzədiyi üçün sevmirdim. Hansı tarixə nəzər yetirirdimsə, hansı dövrə fərq etmir, yenə də biz məğlub olurduq. Bizim neftimiz, torpaqlarımızın, təbiətimizin gözəlliyi, bərəkəti, ümumiyyətlə bizim olanları tərifləyə biləcəyimiz hər şey bizim bədbəxt olmamıza səbəb olmuşdu. Tarixdə gördüyümüz demək olar ki, hər bir imperiyanın tərkibində olmuşuq. Uzun sözün qısası məni tarixi sevməyə sövq edəcək heç nə yox idi. Ta ki, Nadir müəllimi tanıyanadək...
8-ci sinifdə mən öz məktəbimi dəyişdim. Böyük ayrılıqlar və s. Çox düşünürdüm ki, bir daha belə gözəl sinif yoldaşları, müəllimlər tanımayacam. Amma nədənsə çox tez unutdum köhnə məktəbimi. Bu bizim xislətimizdə var hər hal ki, belə oldu. Hətta xatırlayıram ki, köhnə sinif yoldaşlarımın universitet zamanlarında sosial şəbəkələr vasitəsilə məni tapması belə çox da həyəcanlandırmamışdı və onlar məni tapmasalar mən onları heç vaxt tapmaq fikrinə belə düşməyəcəkdim. Həmçinin, əlbəttə ki, onların görüşmək təkliflərinə hər dəfə bir bəhanə ilə yox deyəcəkdim və s. Bu mənim problemim idi, çünki universitetə girdikdən sonra digər sinif yoldşalarımı da tez unudacaqdım, ya da işləməyə başladıqda qrup yoldaşlarımı. Nə isə, qəbul edirəm ki, unutqan biri olmuşam.
Amma heç vaxt unutmayacağım insanlar da olub. Bunlardan biri mənim ikinci məktəbimdəki tarix müəllimim Nadir müəllim idi. Nadir müəllim inanılmaz biri idi, adı kimi çox nadir bir insan idi. İnanılmaz idi, ona görə yox ki, o, möhtəşəm biri idi. Xeyr, tam əksinə çox adi və sıradan biri idi. Amma həm də çox yalançı idi, danışdığı hər şey inanılmaz idi. O, tarix müəllimi olsa da tarixi heç vaxt bizim dərsliklərdən keçmirdi. Onun əlində hər mövzuya dair dəftərçələr var idi ki, o, dərsi məhz bu dəftərçələrdən mühazirə şəklində keçirdi. Bir çox dəfə məktəbimizə gələn komisiya işçiləri və bəzən də məktəb direktoru ona bunu irad kimi tuturdular, amma xeyri yox idi. O, yenə də öz bildiyini edirdi. Məhz bu xasiyyətinə görə o, çoxlu sayda məktəb dəyişmişdi. Hətta mən yeni məktəbimə yazılan zamanlarımda Nadir müəllim sadəcə mənimçün deyil, bütün yeni sinif yoldaşlarımçün də yeni idi. Yəni o da bu məktəbdə tarixi tədris etməyə yeni başlamışdı. Onun qeyri-adi bir xasiyyəti vardı. Zaman keçdikcə əvvəldə ona çox hörmət edən müəllim kolleqası nifrət etməyə başlayırdı. Əksinə əvvəllər bizə çox yazdırdığına görə zəhləmiz gedirdisə ondan, zamanla sevməyə başlayırdıq. O, bizim bütün haqlarımızı müdafiə edir və digər müəllimlər qarşısında bizi hər yolla qorumağa çalışırdı. Üstəlik 9-cu sinifdən etibarən o, bizim sinif rəhbərimiz olmuşdu. Təkcə bizə deyil, dərs keçdiyi bütün uşaqlara çox diqqət göstərirdi bəlkə də, amma bizi daha çox sevirdi. Yəni biz elə güman edirdik. O, bizim qəhrəmanımıza çevrilirdi. Sırf onun bizi daha çox sevməsi üçün öyrətdiklərini daha dərindən öyrənməyə çalışırdıq. Tez-tez paralel siniflər arasında tarixdən bilik yarışları keçirirdi. Bəzi tarixi hadisələri uşaqlardan istifadə etməklə sənhələşdirirdi. Məktəbdə yeni texnologiyalardan, məsələn proyektrlardan ən çox o istifadə edirdi. Tez-tez onun dərslərində animasiyalara baxırdıq. O, tarixi bizə sadəcə tədris etmir, həm də sevdirirdi. Hər bir tarixi qəhrəman haqqında iri-iri kompozisiyalar, inşalar yazdırırdı. Hadisələr haqqında internetə baş vurmağımızı məsləhət edirdi. Biz internetdən topladığımız məlumatları danışma günlərində gətirib danışırdıq. Ən çox bəyəndiyi və daha düzgün saydığı məlumatları gətirənləri xüsusi ulduzları ilə təltif edirdi. Ən çox ulduzu olan 3 şagird yarımil sonundakı məşhər sorğu-sualından azad edilirdi. Məşhər sorğu-sualı deyirdik, çünki həqiqətən də çox çətin suallar düşürdü bu zaman. Ondan 5 almağın özü bizim üçün böyük bir fəxr idi. Son nəticə olaraq deyə bilərəm ki, o, həqiqətən də bizə tarixi sevdirməyi bacarmışdı.
Bəzən çox maraqlı suallar verirdi və sualın cavabını öz ixtiyarımıza buraxırdı. Mən hər zaman ön partada əyləşirdim və heç vaxt onun sevgisini qazana bilməmişdim. Son nəticədə problemin ön partada olduğunu zənn edib gerilərə getmişdim. Nadir müəllim çox qatı türkçü idi. Həm də çox böyük bir gopçu idi. Mən onun timsalında bütün türkçülərin gopçu olduğunu zənn edirdim. Amma zamanla fikirləri o qədər çox qəlizləşdi və inanılması çətin bir hal aldı ki, artıq uşaqların da ona olan daha dərin hörməti itməyə başladı. Məsələn o deyirdi: "Mən eynəyi daha yaxşı görməkçün yox, görməməkçün taxıram" ya da bəzən o, 3000 yaşının olduğunu iddia edirdi. Deyirdi ki, o, sirat körpüsünü də görüb, hətta oradan keçib də. Hətta o, Marsa da getmişdi. Çox gülünc görünürdü getdikcə. Bəziləri onun yavaş-yavaş ağlını itirdiyini deyirdi. Məncə haqlıydılar da. Amma o, bir gün mənə və yalnız mənə olduqca inanılmaz bir hekayə danışdı. Mən onun etimadını isə çox rahat qazandım. Sadəcə bir sualına cavab verməklə. Günlərin bir günü Nadir müəllim dərsdə belə bir sual verdi: "Əziz uşaqlar, əlinizdə olsaydı əgər keçmişə getmək və nəyisə dəyişə bilmək iqtidarında olsaydınız nəyi dəyişərdiniz ki, bu hər kəsin həyatına çox ciddi təsir göstərsin?" Bu suala yazılı şəkildə cavab verməli idik. Üstəlik bu həmin müəllimin bizə keçirdiyi sonuncu dərs idi. Müəllimlərin və bəzi valideynlərin şikayəti səbəbindən müəllim növbəti dərs keçdiyi məktəbindən də qovulacaqdı. Güman ki, bu sual məqsədli soruşulmuşdu. Bir çox cavablar yazıldı. Amma müəllimin ən diqqətini cəlb edən cavab mənim cavabım idi. Mən cavab olaraq yazmışdım ki, "əgər keçmişə qayıtmaq mümkün olsaydı, mən Gülüstan və Türkmənçay müqavilələrinin imzalanma tarixlərinə geri dönər və bu müqavilələrin imzalanmasını, dolayısıyla Azərbaycanın parçalanmasını əngəlləyərdim". Nə qədər absurd görünsə də bu fikir həqiqətən də mənə aid idi. Görünür bu cavab tarixi çox sevən türkçü və vətənpərvər, həm də çox idealist və biraz da gopçu olan müəllimimin çox xoşuna gəlmişdi ki, mənimlə tək danışmağa qərar vermişdi. Mənə elə gəlirdi ki, müəllimim bütün görüş boyunca mənə təriflər yağdıracaqdı... Amma hər şey çox daha fərqli baş tutdu...
Həmin gün müəllimin nitqi bugün olmuş kimi xatirimdədir:
"Hə oğlum, indi sənə danışacaqlarım sənə nə dərəcədə inanılmaz görünəcək,bilmirəm, amma yenə də danışacam. Mən artıq gedirəm, hiss edirəm ki, bugün keçdiyim dərs sonuncu dərsim idi. Belə bir vəziyyətdə bunları deməklə sənin gözündə hansı yerdə qalacağımı dəqiq bilmirəm. Amma dediyim kimi, cəhd edib deyəcəm. Bugün dərsdə sizdən soruşduğum şey təsadüfi deyil idi. Aranızda sənin verdiyin cavabı verəcək şagirdləri axtarırdım ki, bu təkcə sən oldun. Uzun sözün qısası...
Uzun illər əvvəl idi. Mənim bir tarix müəllimim var idi ki, bax eynən mənim kimi idi. Uşaqlara inanılması çətin söhbətlərdən danışırdı və s. O bir gün mənim sizə verdiyim sualı bizə verdi. Mən isə cavabında sənin mənə verdiyin cavabı ona dedim. O, məni evinə çağırdı. Gözəl qonaqlıqlar verməyə başladı. Sanki gözümdəki tarixə olan sevgini və oxumaq həvəsimi görmüşdü. Uzun günlər boyunca çoxlu qonaqlıqlardan sonra əsl məqsədini mənə açıqladı. Adı Nadir müəllim idi – mənim adaşım idi. Daha doğrusu mənim ismim o zamanlara qədər Vüsal idi, nəysə. O dedi ki, əlində xüsusi bir qurğu var. O bunun köməkliyi ilə məni həmin getmək istədiyim zamana göndərə bilər. Bundan sonra gedib parçalanmış torpaqları birləşdirə bilərsən. Mənim bu hərəkətimdən sonra isə, əgər bacara bilsəm, tarix kitablarındakı bütün həqiqətlər geri dönüb görəcəkdim ki, dəyişib. Bu proses mənim zamanımla bir neçə dəqiqəyə, keçmişdəki zamanla isə bir insanın ömrünə bərabər olacaqdı. Mən orada yenidən bir ata və ananın övladı olaraq doğulacam, böyüyəcəm və bir gün bu parçalanma üçün nəsə edəcəm. Bəzi risklər vardı, amma sırf tarixə olan marağım və sevgim, həm də mənim edə biləcəklərimin tarix kitablarına düşməsi marağı məni razı salmağa kifayət etdi. Qurğuya əyləşdim və illər öncəsində yenidən doğuldum. Adımı Nadir qoydu yeni atam və anam. Onlara keçmiş həyatımla bağlı heç nə demədim. Iməkləməyi, gəzməyi, sonra dili, sonra isə elmi yenidən öyrəndim. Artıq elə bir zaman yetişdi ki, keçmiş həyatımla bağlı hər şeyi unutdum. Sonra torpaqların parçalanması zamanlarında bir yol tapıb böyük bir iqtidara sahib şah oldum. Torpaqları birləşdirdim. Sizin zamanınızda buna Nadir Şah, qurduğum dövlətə isə Nadir Şahlığı deyəcəkdilər. Yəqin xatırlayırsan bu adı?” Amma sonra Nadir şah dünyadan köçdü, o zaman birdən özümü bir qurğunun içində əyləşmiş kimi gördüm. Hər şey yaddaşıma geri döndü. O zaman müəllimim qarşımda dayanmışdı və cəmi 6 dəqiqə vaxt ötmüşdü. Müəllimim üzümə baxıb tüpürdü və bununla da Nadir Şah olaraq millətə necə əziyyət etdiyimi xatırladım. Məqsədim tarixi dəyişmək idi, mən isə Şahlıq qurdum. Mən bunun həqiqət olduğuna o qədər inanırdım ki, hələ o qurğuya əyləşməmiş, yəni hər şeyin həqiqi olduğunun sübutun yaşamamışdan öncə artıq, xəyal edirdim ki, mən geri dönəndə vətəndaşı olduğum SSRİ dağılacaq və yerində tamam başqa bir vəziyyət – məsələn müstəqil Azərbaycan Respublikası olacaq. Amma gördüm ki, yenə SSRİ vətəndaşıyam. Açıb bir neçə dəqiqə Nadir müəllimin kitablarını vərəqlədim və anladım ki, mənim – Nadir Şahın ölümü ilə imperiyası dağıldı və ardınca yeni bir rüsvayçılıq – xanlıqlar yarandı. Bunlar mən getməmişdən öncə belə yazılmamışdı. Bax o gün anladım ki, bu millət düzəlməyəcək. Birləşib vahid olmaq əvəzinə, ona ixtiyar verilsə hərə öz evində bir dövlət yaratacaq. O gün məni Nadir müəllimim lənətlədi və o gün bu gündür bir müəllim olaraq çalışdığım hər məktəbdən qovulur, bir yerdə qərar tuta bilmirəm. Nadir müəllimim öldükdən sonra SSRİ dağıldı və görmək istədiyim müstəqil dövlətdə yaşayıram. Amma ...
İndi növbə səndədir oğul, bu bir lənətdir! O gün anladım ki, nəyisə düzəltmək istəyirsənsə, keçmişdən yox, gələcəkdən başla. Mənim gələcəyim sənsən, sənin gələcəyin sənin şagirdlərin olacaq.”
Beləliklə, o gündən sonra Nadir müəllimi bir daha görmədim. O, güclü bir gopçu idi, ya bütün bunlar həqiqət idi? Onun Nadir Şahla bağlı tarixdə yazılmayan şeylərdən danışmağı, araşdırdıqda bunun həqiqət olduğunu öyrənməyim məni bir qədər çaşdırmışdı. Sonda mənə “sənə danışdıqlarımı heç kimə danışma, unutma ki bu bir lənətdir” demişdi. Bunu yalnız mənə danışdığını da demişdi.
Mən böyüdüm, universitet həyatı və s. Sonra ilk dərsim oldu. Şəxsiyyət vəsiqəmdə adım Şəhriyar olaraq qeyd olunmuşdu, amma mən ilk gün özümü uşaqlara Nadir olaraq tanıtdım. Hər şeyin – bu lənətin nə demək olduğunu artıq anlamışdım. Uşaqlara mən də Nadir müəllimin mənə, ona isə özünün “Nadir müəllim”-inin danışdığı gopları danışmağa başladım. Mən eynəyi ona görə taxırdım ki, bəzi şeyləri görməyim. Demək istəmirəm, amma əslində mənim 3000 yaşım var. İnanmayacaqsız, amma mən Sirat körpüsünü də görmüşəm, hətta oradan keçmişəm də. Marsa da getmişəm, amma narahat olmayın, orada NASA-nın dediyi kimi, yadplanetlilər yaşamır. – Bunlar çox gülünc gəldi, hə? Elə şagirdlərimə də gülünc gəlir, necə ki, bizə də gülünc gəlirdi.
Bu lənətin əslində nə olduğunu isə, bir gün köhnə sinif yoldaşımlarımdan biri ilə görüşüm zamanı öyrəndim. O da bir tarix müəllimidir. Ona çox dözə bilməyib, o gün Nadir müəllimə “heç kimə deməyəcəm” deyərək söz verdiyim bütün hər şeyi danışdım. O isə əvəzində:
- Sən bir qoca gopçuya bax! Axı demişdi təkcə mənə deyib?!
- Deməli sənə də deyib?
- Hə, özü də tək mənə demişdi.
- Amma necə də olsa, o istədiyini etdi, hə?
- Hə, bax sən də və elə mən də indi müəllimik və tarixi çox sevirik.
- Müəllimik, çünki lənətlənmişik. Aya 200-300 manata lənətlənmişik. Başqa işim olmasa arzularımdakı villanı necə tikəcəm?
- Onu demirəm, məni sabah işdən atacaqlar, bu artıq 4-cü məktəbimdi. Danışdığım şeylər uşaqların psixologiyasına mənfi təsir edirmiş, valideynlərin şikayəti ilə hər dəfə qovuluram məktəbdən. Üstəlik bugün artıq neçənci dəfədir ki, uşaqlardan “tarixi dəyişməli olsaydınız, hansı zamana gedər və nəyi dəyişərdiz?” sualını verirəm.
- Deməki sən də özünü uşaqlara Nadir kimi təqdim etmisən?!
- Aha.
- Ha, ha, ha, bu nəcə də gülməlidir?! Bu həqiqətən lənətdi bəlkə?
- Hə, gör hələ bizdən başqa daha neçə uşağa danışmışdı bunu, üstəlik, daha neçə Nadir müəllim var idi görəsən?!
O gün bu lənət pozuldu və biz bir-birimizə bunu danışdıq. Tam 11 ildir ki, o uşağı axtarıram, hansı ki, növbəti Nadir o olacaq. Amma yoxdu. Axı Nadir, ya da adını dəqiq bilmədiyimiz həmin müəllimimiz haradan biləydi ki, bir gün internet, Facebook və bu tip şeylər uşaqlarımızı zəhərləyəcək və yeni bir lənətə çevriləcək?! Amma bu Nadir lənəti kimi gələcəyi düzəltməyə deyil, məhv etməyə yönəldilmiş bir lənət olacaq. İndi tam 11 ildir anlatdığım heç nə mənim növbəti Nadiri tapmağıma yardımçı olmadı. Dostum da tapmayıb heç. Çünki indiki uşaqları daha böyük yalanlarla aldadırlar. Mənim yalanım çox cılız və gülməli görünür. Bu hekayəni yazmaqda məqsədim isə həmin o uşaqlara heç olmasa sosial yolla yol tapmaqdır. Elə buna görə də bu hekayənin ismini Nadir lənəti qoydum. Görəsən bizdən sonrakı Nadir kim olacaq?
Hə, bir də, əgər müəllimimiz həyatdadırsa və bu hekayəni görürsə, ona bir-iki sözüm olacaq:
Əziz müəllimim! Səndən üzr istəyirik ki, bu lənət pozuldu. Amma indiki uşaqlar bizim qədər uşaq deyillər və bizim qədər vətəni də düşünmürlər. Çünki onların atalarına da heç bu maraqlı deyil. Yenə düz bilmişdiz, indi həqiqətən də adamların hərəsinin öz evində bir "dövlət" qurduğu dövrdür və heç kəsə də Azərbaycan, Azərbaycanın maraqları maraqlı deyil, sanki... İndi adamlar daha çox magistratura, ya da başqa bütün bəhanələrlə, hətta zibil atmaq bəhanəsilə ölkədən qaçmaq istəyirlər. İndi adamlar bu ölkənin himnindən başqa bütün himnləri ayaq üstə dinləməyə hazırdır, elə bil... İndi adamlar var, bayraqda yaşıl boyasının 3-cü zolaqda, ya 1-ci zolaqda olduğunu belə bilmir. İndi adamlar üçün faciələr – “bir küləkdir və gəlir, keçir”. .. Adamlara tarix maraqlı deyil, Qarabağ, torpaqların bütövlüyü, yaşadığımız heç bir faciə maraqlı deyil - dilim qurusun..! Haqlıydınız əziz müəllimim, günah bizdədir – sivil insanlarda - Din adıyla pul qazanan, qurduğu hər 10 cümləsinin birində söyüş söyən, milləti bölənlərdə; haqlarını bilməyən... əskərlikdən çəkinən "vətənpərvərlər"dədi günah; millətin qızlarına söz atıb, öz bacılarının namusunu qoruyanlarda, sevməkçün qız yox, gəlin axtaranlarda..! Hər il kafelərə, geyimlərə, toy və yaslara, hay-küyə, xala-xalaya özünə görə bir olimpiyadanın pulunu qoyub, olimpiyadanın xərclərini "hesablayan" bizlərdədir o günah..! Günah bizdədir, əziz müəllimim, günah bizdədir – “Adi Xalqda”...
Cavid QƏDİR
 
Salam Mən!
Dəqiq bilirəm, oxuyursan bu sətirləri... Söz vermişəm axı, öz əcəlimlə, qocalaraq öləcəm. Onu da bilirəm ki, təəccüblənmirsən. Həə, qocaa, nələr görmüsən, nələr..? Gözlərindən görürəm, yenə ürəyiyumşaqsan, hamını bağışlamağa hazırsan. Ay qardaş, sən İsa Məsih deyilsən axı. Tüpür hər şeyə. Unutmusan 10 il öncə demişdik, istənilən vaxt hər şeyə tüpürmək olar... amma istənilən vaxt hər şeyə yenidən başlamaq yox..! Ona görə də çox ciddiyə alma həyatı – Kafkanı xatırla: “Ölümün olduğu yerdə ciddi nə ola bilər”?.. Yaxşı, yaxşı, Kafkanı sevmədiyini mən də bilirəm, elə mən də sevmirəm. Həm də, hər şeyi ciddiyə almaq həyatı ən xırda təfərrüata qədər qaydasında olanlara xasdır. İtin qursağı yağ, bizimki xoşbəxtlik götürmür... Bilirəm, xoşbəxt deyilsən. Həyatı anlayanlar xoşbəxt ola bilərmi axı..?
Bu cür – dəvə nalbəndə baxan kimi süzmə məni. Hər şeyi bilirəm, hər şeyi... Unutmusanmı gələcəyi görə bildiyimi?..
...Yenə “yox” deyə bilmirsən, hə? Az ağrımısan ona görə, az xəyal qırıqlığına uğramısan? Əl çək bu üzüyumşaqlıqdan, barı on il sonra da olsa üzübərk ol..! Heç olmasa ruhunu kökləyə, “dəngə” sağlaya bilmisən? Həyatının qadınını necə, tapmısan, yanındadı, yoxsa yenə kənd yerindəki it damı kimi yalnızsan? Yoxsa o da daşıya bilmədi sənin ruhunu? Ruhdan özgə nəyin var ee, sənin?.. Hələ də kosmopolit, liberal, gözəlliyi ruhda axtaran Cavidsən? Yenə sınırları, vətən, millət anlayışını qəbul etmirsən? Belə də bilirdim, mənim adamım(san)..! Yadıma düşmüşkən, yenə Cem Adrianla Teoman birinci sıradadı, hə? Remarkın “Zəfər tağı”nı da ki, əzbərləmiş olarsan... Zalım..!
...Yenə adamların şablon arzularında Cıdır düzü var, sən Tanrı?.. Hələ on il öncəki qərar... qüvvədədir yenə? Adamlara inanmamağı deyirəm... Ədəbiyyatdan da danış sən Tanrı. Dünyanı xilas edə bilib? Dəyişməyi necə, bacarıb barı? Dəyişsə də könhə-kürüş satan qarıyla alveri baş tutar, yəqin bilirəm. Bu dünya kimə, nəyə lazımdı axı?! Hələ bir dəyişmək də fikrinə düşsün... Çox maraqlıdı on il sonra necəyəm? Yəqin alnımdakı qırışlar dərinləşib, hə? Bəs saçlarım?! Tökülübmü tamam? Gözlərim yenə sərxoş baxır? İndinin özündə də inandıra bilmirəm ki, içki içən deyiləm. Bəs sən? Sən içirsən?
Dayan, görək, lap qarışdırdım, müraciət forması necə olmalıdı? “Sən”, “Mən”, ya “Özüm”? Axışına buraxsaq necə? Axı, biz eyni adamıq, hər şeydə ortaq mövqeyə gələ bilərik. Həm mən daha cavanam, nəzərə al. Amma sən 35 yaşında orta yaşlı bir kişi... Evlənmisən, işlərin necə gedir, bəs uşaqlar? Ya da belə soruşum: Bir şey-mey çıxırmı, çax-çuxun varmı?
Yoxsa, yenə əlindən kitab düşmür? On il sonranın dünyası necədi? Yenə yaxşılar uduzur? Yenə doğrular məğlub olur? Yenə səmimilər aldanır?..
Bunlar cavabını bildiyim suallardı. Cavabını bilmədiyim suallar da var axı...
Heç olmasa ən böyük arzularından olan otaq dolusu kitab sahibi ola bilmisən? Həə, həə, cavabını bilmədiyim suallar azdı, lap az... Unutmusan gələcəkdən dürlü-dürlü bilgilər verdiyimi..?

***
Kodekslərin dəyişməyib ki? Həyat yenə gözəldirmi? Yaşamağa dəyərmi? Hələ də heç nə düzəlmir? Barı hər şey yaxşı olacaqmı? Bəs eşq? Eşq varmı? Heç olmasa, de görüm, olacaqmı?..

***
...Sən Tanrı, cavab ver: O necədi, o?..

BAKI-2015, mayıs
Adil AYDIN (Nəhmətli)

Sevgi sanki möcüzələr dünyasında yalançı bir qanad kimiydi, dostum. Qanadları çırpdım və onlar uçub getdilər. Mən göy üzünə baxa qaldım... Ən yüksəkdə olduğumun fərqinə varmadan ən aşağılarda olduğumu düşündüm... və bir gün kompleksləri tamamilə məhv edəndə qanadlar geri qayıtdı. Qayıtmağına qayıtdı... ancaq bu dəfə mən uçdum göy üzünə, qanad(lar) yerdə qaldı...

***
Cibimdəki qartopu... Çırpınıb kömək diləyirdi. Mən qəhqəhə çəkib gülürəm, bilmirəm qaçıram, yoxsa yeriyirəm. Sevgi 40 dərəcə istidə cibimdə əriməyən yumru qartopu kimiydi... onun gülməli səsi məni ağladırdı...
Və bir gecə evdə qürub edirdim. Hm... sevgi! Günəşin qürubunda qürur edən sadə oğlan Adil kimiydi bəzi gecələr...
Sevgi gözləriydi, necə də ürkək-ürkək gözləyirdi... Və hər hiss gömülməyə məhkum idi sonda.
Sevgi xoşbəxt insan kimiydi, gözlərində dərin nifrət... Bəli, bəli, nifrət..! Sevgi göylərin çirkabına çevrilibmi enmişdi? - Həmin gecə evin divarlarından axan nəydi elə?..(((

 

Aliq Nağıoğlu

Təhmasibin cöngəsi iki gündü xəstələnmişdi. İki gündə əlli manatlıq dava-dərman vurulsa da, heyvanda bir irəliləyiş yox idi. Düzdü, oturaq durumda olsa da, dünən axşama kimi az-az həyətin sarmaşığından, qızılbaldırından yeyirdi, amma bu həyət belə durumdan ayağa duran ikinci bir heyvan görməmişdi. Odur ki, onun qanı qara idi. Xasiyyətini bildiyindən arvadı sözünün başına ip salmırdı, gördüyü işlərə fikir vermirdi. İndi də deyinə-deyinə su şlanqını qapının ağzına çəkirdi: növbəti dəfə dəmir darvazanın ağzını yol qırağı o baş-bu başa isladacaqdı. Belə baxanda toz-torpaq yatsın deyə sulamaq başa düşüləndi, ancaq nasos işləyirdi; indiki imkansız vaxtda bu da pul deməkdi. İyulun da istisinə neyləyəcəkdi, burdan isladırsan, ordan quruyur, di gəl demək- danışmaq olmurdu.
Təhmasib qızmar yay günəşinin anormal həniri altında heç nəyi vecinə almadan asfalt qırağını sulayırdı. Bu dəm qəfildən yoldan ötən çox bahalı, hündür təzə maşın dayandı, içindən dörd nəfər canı hövlü düşdü. İçərilərində ən yaşlısı, ağ saçlı, ağ köynəkli, qalstuklu birisi salam verib əlini şlanqa uzatdı:
- Sənə qurban, o şlanqı bəri ver görüm, quyu suyudur yəqin, bir sərinlənək, - deməyi ilə şlanqı Təhmasibin əlindən alıb aşağı əyildi, soyuq sudan ağ tüklü əllərinə axıtdı, üzünə vurdu. O, tanımadığı adamların dördünün də komanda şəklində cəld maşından düşüb iş başına keçməklərindən hiss elədi ki, onlar elə-belə, sadə adamlar deyillər. İçərilərində nisbətən cavanı, şişman qarınlı biri gülə-gülə:
- Nemeslər vaxtı ilə küçələri dayı kimi yuyurmuşlar, - söz atdı.
- O küçələr abırlı-başlı bir şey idi, daşlarla hörülmüşdü, bizimki tozlu-torpaqlı yoldur; on ildir asfalt örtüyü dağılıb. Evimizdə bütün avadanlıqlar toz içindədir. İynəni yorğan-döşək arasında gizlətsən, bala, toz tapır, inanın, - Təhmasib nəsə fəhmlə duymuşdu ki, bu tipli adamlar yol üstə olduqlarından çox dayanmazlar, ona görə hər dəfə bu işi görəndə beynində öyürüb-çevirdiklərini istər-istəməz dilinə gətirdi.
- Mən həmişə demişəm də bizimkilər dahidir: sən onları əziyyətə sal, gör vəziyyətdən necə baş çıxarırlar,- bayaqdan fınxıra-fınxıra yuyunan ikinci yoldaşını gözləyən gödək qarayanız adam dilə gəldi.
- Rəis, ağzına yiyəlik eləmir ha, yenə başladı... Sokraşeniyedən təzə ca¬nı¬nı qurtarıbsan, amma yenə düzəlmirsən, tut görüm,- dazbaş kürən böyüyünə baxıb göz vurdu.

Təhmasib araya söz atdı:
- Uzaq yol gələnə oxşayırsınız, bir stəkan çayıma qonaq olardınız, - dedi.
- Sağ ol ağsaqqal, Allah razı olsun, xeyir işinə çağırarsan, gələrik. Yol adamıyıq, tələsirik, qonşu kəndə hüzürə gedirik, - ağ saçlı ciddi görkəm aldı,- dünən televizorda göstərilən, şəhərdə iş başında dünyasını dəyişən yol polisi bizim əməkdaşdı...
- Həə, qonşu kənddəndi, rəhmətlik, qabaqdan sola, sonra da düz axıra kimi gedəcəksiniz,- dedi Təhmasib.
- Tamahının badına getdi, insanda pula nə qədər sevgi vardı, Allah, yatmırdı ki, gecə-gündüz işləyirdi, rəis onun toyuna da gəlmişdi...- gödək qarayanız yenə dilini dinc qoymadı.
- Atası kassir idi, kassir Kərim adı ilə tanınırdı, gözünü açıb rəhmətlik evdə pul görmüşdü, neynəsin,- yenə Təhmasib də öz bildiklərini nümayiş etdirdi. - Burda yaxşı ev-eşiyi vardı, amma heyf canından...
- Həyət quyusu olsa da, su şirindir,- bayaqdan dinib-danışmayan dördüncü qonaq da nəhayət söhbətə qoşuldu. - Ancaq bizim tərəflərin suyuna çat¬maz, heyf o yer¬lərdən...
- Alacayıq, bugün-sabahlıqdı, Allah qoysa dayını da o yerlərə apararıq, bax, o, mənnikdir, - gödək qarayanız əlüstü tamamladı.
- Nə təhər olur əə, bütün nerealnı şeylər sənlik olur, həyy rəis?- dazbaş kürən onu sancdı.
- Bəsdirin, doluşun maşınlara, elə gedək obedə düşməyək,- rəis səsini qaldırdı.
 Təhmasiblə ikilikdə qalanda astadan:
- Çox sağ ol, ağsaqqal, insan adamsan, o saat bilinir, birdən bir şeyə- zada ehtiyacın olar, utanma, deginən,- dedi.
- Sən nə danışırsan, rəis, - o, səsini elə ucaltdı ki, özü də təəccübləndi.
- Gözlərin qızarıb, yaman əzgin görünürsən, - yaxın adam kimi qoluna girdi.
- Sözün düzü, xəstə var, onunçün yatmamışam. Elə bilərsiz adamdır, yoox, bir cöngəm var, iki gündü azarlayıb, canına sağlıq. Amma bekara şeydi, bütün müalicə olunub, ayağa durasıdı...-
 Təhmasib rəisin məhrəmliyindən kövrəlmişdi, odur ki, bir az da ürəkləndi: - Duracaq, rəis, duracaq!
- Uşaq olanda mən bu hissləri çox yaşamışam. Yəqin hələlik çəkisini-zadı itirməmiş, yaxşı qiymətə vermək olarsa, verərsən, hər halda canın sağ olsun. Deyir: malın ağı gedər, qarası gələr... Ağsaqqal, bir şey də soruşum, ancaq düzünü de: möcüzəyə, bəxtə-zada inanırsan?
- Allah kömək olmuş, yüz biletin doxsan doqquzu uduşlu olsa, o, bir uduşsuz- mənim qismətimdir. Ömürdü yaşayırıq dəə... -
 Axırıncı sözləri Təhmasib elə ümidsiz söylədi ki, su şlanqı biixtiyar əlindən sürüşüb rəisin ayaqqabılarını islatdı.
- Di hələlik, sağlıqla qal, ağsaqqal,- o, cəld çevrilib maşına mindi.
Quyunun suyu qurtarmaq üzrə idi. Ona görə şlanqı yığışdırıb qapıdan içəri çəkdi, nasosu cərəyandan ayırdı. Cöngəyə baxmaq üçün saraya gəldi; öncəki qaydada uzanmışdı, başını sola əyib göz qırpmadan məchul nöqtəyə baxırdı. Təhmasib cöngənin yanında yeşiyin üstündə oturdu. İndi hiss elədi ki, soyuq su ayaqlarına dəydiyindən damarları daralıb, ağrılar əmələ gəlib. Ancaq heyvanın indiki durumu ona hər şeyi unutdurmuşdu. Çünki Təhmasib bu həyətdə bin tutandan çox mal-qara görmüşdü, onlardan müxtəlif xəstəliklərlə tələf olanları da az olmamışdı. Vaxt olmuşdu ki, Təhmasib xəstə heyvanın azarı ilə sona qədər yaşamışdı, gecələri diri gözlü açmışdı, amma başı bıçağa da gəlməmişdi; qismət olmamışdı. Kəsilib dəyər-dəyməzinə imansız qəssablara verildiyi hallar daha çox idi. Bütün hallarda Təhmasib azarlı heyvanların vəziyyətini anbaan izlədiyindən deyə bilərdi ki, məsələn, cöngə indiki kimi başını sola əyib göz qırpmadan bir nöqtəyə baxırsa, yüzdə-yüz bir iki saata getməlidir. Yoox, cöngə Təhmasibin indiki halında ölə bilməzdi, nədən ki, onun ümidləri satılacaq heyvanla gerçəkləşəcəkdi: qalan iki baş heyvanın yem pulu, üstəgəl ailənin qış odun pulu, bir də dən pulu... Hər üçü də ceyranın belinə qalxmışdı. Odun heç, odun iki ildi qiymətdən düşmürdü, builki sel suları otun, taxılın qiymətini də əlçatmaz eləmişdi. “İndi gəl, ay yazıq kəndçi, dolan görüm necə dolanırsan, ölmürsən də canın əzabdan birdəfəlik qurtarsın. Nə danışırsan, ölmək olmazdı, ölənin dalının altında bərk ayaqda, heç olmasa, beş-altı mini olmalıdır. Odur ki, onu yaddan çıxart. Ya rəbbim, sən özün cöngəyə bu dəfə səbəb sal, ayağa dursun, görürsən nə haldayam. Heç zaman sənə əl qaldırıb yalvarmamışam, hər işinə “özün bilən məsləhətdi” demişəm, ancaq indi vəziyyət tamam başqa cürdür, başına dönüm, mən heç bu bədbəxtin dava- dərman, müalicə pulunu verməmişəm...”
- A kişi, orda kimnən danışırsan elə?.. - Arvadı idi, sarayın qabağında dayansa da, görünmürdü. - Dünəndən ağzına bir şey almamısan, barı, heç olmasa şirin çay qayırım, içərdin... - Səs çıxmadığını görüb dayanmadı, sakit gəldiyi kimi səssiz də çəkilib getdi.
Təhmasib indi xatırladı ki, cöngənin bu durumunda qəssablardan hər hansı birisinə xəbər də verməyib, nədən ki, heyvana bıçaq dəyməmiş, ayaqüstə yenə babat pul verən olur. Bıçaq dəyəndən sonra, elə bil atırsan hamara. Amma kimə deyəsən, hamısı sözləşiblərmiş kimi təxminən eyni qiymət oxuyacaqdılar, o da ancaq dava-dərman pulunu güclə ödəyirdi. İndiki hava şəraitində kəsilmiş heyvan üç saata iylənər. Bu boyda cəmdəyi yerləşdirməyə soyuducu hardaydı. Belini soyuq divara söykəyib çarəsiz tanış qəssabları fikrində canlandırmağa çalışsa da, insaflısını xatırlaya bilmirdi. Əksinə, yadına düşənlər bir-birindən tamahkar, kəmfürsət adamlardı.
Cöngə isə həyatla ölüm arasında son məsafəni yaşayırdı, heyvanın ağzından köpüklü selik axıb torpağa damcılayırdı. Təhmasib onun başını özünə tərəf düzəltməyə cəhd etsə də, boyun yenə sola əyilib qaxaclaşdı. Şəhadət barmağı ilə alnını taqqıldatdı, əlini gözləri qarşısında yellədi, sonra yumruğunu zərblə qatlanmış ayağına çırpsa da, cöngə heç bir reaksiya vermədən donuq gözlərini məchul nöqtədən çəkmədi. Təhmasib güclə eşidiləcək batıq səslə:
- Sənə nə oldu, ay bədbəxt... - deyə bildi. Bu anda cöngənin görkəmi çox miskin idi, sanki yalvarırdı ki, son macalda sahibi onu rahat buraxsın...
Dəmir qapı açıldı, bağlananda bərk səs saldığından Təhmasib hiss etdi ki, gələn hər kimsə yad adamdır. Aman çəkmədi, cır səs aləmi başına götürdü:
Ağsaqqal, hardasan, - addım səsləri düz saraya tərəf yaxınlaşırdı. İstər-istəməz ayağa durdu, çevriləndə qəssablığa iki-üç il öncə başlamış, ancaq bu iş¬də çox qabağa getmiş cavan, şüərək oğlanla üz-üzə qaldı.- Düz deyiblər hamısını, mal da hazırdır, amma nə qədər ölməyib maşına mindirməliyik, qalanı mənlikdir. Qoşqunu bura rahat vermək olacaq. Ağsaqqal, yeri gəlmişkən, yadında olaram, iki dəfə səndən mal götürmüşəm.
Təhmasib hər halda, gələni ilk baxışdan tanımışdı, bilirdi ki, doğma anasının əmcəyini kəsəndi, amma çox da zirəkdi, yatmaq nə olduğunu bilmirdi, daim yollarda idi. Amma o, özü qəssab çağırmamışdı axı... Qəssab çağırmağı indi götür-qoy edirdi. Zərrəcə danışmağa heyi-hərəkəti, həvəsi qalmamışdı; elə bil canı ilə əlləşməkdə olan cöngə yox, onun özü idi.
Birinci dəfə idi ki, Təhmasib mal satarkən karıxaraq lal- dinməz durub baxırdı. Cavan qəssab cibindən bir dəstə pul çıxartdı - hamısı yüz dollarlıq idi:
- Ağsaqqal, səni sevindirəcəm, bu gün əlim yuxarıdır. Babam rəhmətlik həmişə deyərdi ki, səhər sübhdən duranın ruzusunu Allah verər, mənsə üç ildir yatmıram, özün şahidsən, yollardayam. Burda on dənədir, azdırsa, əlavə edərəm. İnsafən cöngə xəstələnsə də, kökdür, ətini tökməyib. Deyim köməkçi maşını versin bura, salamat yerinə çatdıraq, hələ bir- iki saatlıq canı var, - dedi və ərkyana darvazanı açmağa tələsdi.
Təhmasib hələ də lal-kar dayanıb onun hərəkətinə göz qoyurdu: bu adamın gələcəyi parlaqdı, niyə də danasan. Cöngəni qoşquya atmaq da çətinlik yaratmadı, köməkçi də əldən qıvraq idi.
- Ağsaqqal, düzünü de, məndən narazılığın olmadı ki?- Cavabı gözləmədən əlini uzatdı: 
- Halallıq dilə...

Təhmasib baş verənlərə, sanki inanmayaraq ma¬şın darvazadan çıxandan sonra da, yerində dayanıb irəlidəki döngədə gözdən itənədək arxacınca baxdı. Ancaq indi içində nə isə sevincə oxşar bir hiss oyandı, geri qanrılıb tələsik darvazadan həyətə atılmaq istədi. Amma üzbəüz sürətlə şütüyən təzə maşını görüb ayaq saxladı: bu dəfə sürücünün yanında oturacağa yayxanmış rəis dəsmalı üzünə sıxsa da, çiyinlərinin aramsız silkələndiyi aşkarca görünürdü.

 

 

 

Azər HƏSRƏT

 Azər qatardan düşüb kəndə sarı gedən yola çıxdı. Artıq çox gec idi. Gecə yarısını – saat on ikini keçmişdi. Fevral ayının ən soyuq günlərindən biri, ətraf ağappaq qar. Heç kim də gözə dəymirdi. İlin-günün bu vaxtında kimin nə işi vardı küçədə?

Adətən bu vaxt gələn qatardan düşüb Dədəli kəndinə gedənlər olardı. Amma indi bir nəfər də yox idi. Qatardan düşənlər olmuşdu, onlar da Dədəliyə getmirdilər. “Deməli, kəndə tək getməli olacam”, - deyə düşündü Azər. “Olsun da. Hava da əladır. Sakitdir, təmizdir. Ətraf da ağappaq qar. Elə bil gündüzdür. Qarın rəngi qaranlığı əməlli-başlı kölgədə qoyur. Palçığa da batmaram. Yolda maşın olar, minərəm, olmaz, ayaqlarıma güc verib qırx dəqiqəyə evə çataram.”

Azər Qusarçay dəmiryol stansiyasından ayrılıb üzü Dədəliyə sarı gedən yola endi. Ətrafa göz gəzdirib yola düzəldi. Bir xeyli getdikdən sonra Dədəlinin ərazisinə çatdı. Burada artıq yol qalın kolların və iri gövdəli ağacların əhatəsindən keçirdi. Özü də elə bir yol idi ki, ağacların arasında tunel kimi uzanıb gedirdi. Bu başından baxanda xeyli irəlini görmək olurdu. Üstəlik də hər tərəf qar olduğu üçün ən adi qaraltı belə gözdən qaçmırdı. Belə olanda arxayın getmək olardı. Düzdür, ilin bu vaxtı çaqqal sürüləri, yalquzaqlar da adamın qarşısına çıxa bilərdi. Ancaq nə etməli, getmək lazımdır. Bu qarda-soyuqda, həm də gecənin bir aləmində küçədə qalan deyildi ki.

Əsgərlikdən yeni gəlmişdi o həm də. Özünə güvənirdi. Güclüydü, idmanla çox məşğul olurdu. Qarşısına bir vəhşi heyvan çıxsa, onunla bacara biləcək qədər gücü vardı. Ona görə də arın-arxayın, ancaq ehtiyatı da əldən vermədən yoluna davam etdi.

Bir qədər getdikdən sonra xalq arasında “Xozeyin arxı” kimi tanınan yeri keçib kəndə yaxınlaşmağa başladı. Kəndin evlərinə çatmağa hardasa bir kilometr yol qalmışdı. Bir azdan ora yetişəcək və rahat nəfəs alacaqdı. Çünki həm evlərdə ara-sıra yanan işıqlar, həm də həyət itləri canavar, çaqqal kimi heyvanların kəndə girməsinə əngəl olurdu. Ona görə də yalnız itlərdən qorunmaq lazım ola bilərdi. Ancaq onlar da adətən həyətdən bayıra çıxmaz, yol keçənlərə toxunmazdı.

Bu düşüncələrlə və ayağının altında xışıldayan qarın səsindən aldığı ləzzətlə irəliləməkdə ikən Azərin gözünə xeyli irəlidə bir qaraltı sataşdı. Bir an addımlarını yavaşıdıb diqqət kəsildi. Yanılmamışdı. Uzaqda görünən qaraltı canavara bənzəyirdi. Elə bil nəsə parıltı da gəlirdi ordan: “Yəqin gözləridir. Axı deyirlər qaranlıqda canavarın gözləri parıldayır. Hə, canavardır. Amma nəsə tərpənmir. Bəlkə pusqu qurur? Bəlkə qəfil hücum edəcək? İndi geri dönüb qaçmaq olmaz. Çünki canavarlar adətən qaçanı qovarlar. Həm də qaçana arxadan hücum etmək onlar üçün daha asan olur. Ən yaxşısı üstünə getməkdir. Hazır olmaq lazımdır ki, birdən hücum etsə boğazından yapışıb boğum. Cəhənnəmə, ora-buramı cırmaqlayacaq, ancaq boğazı əlimə keçəndən sonra ölsə də məndən qurtula bilməz”.

Azər bir az addımlarını yavaşıdıb yaxınlaşmaqda olduğu qaraltını daha diqqətlə nəzərdən keçirməyə çalışdı. Qaraltı isə daha çox canavara bənzəsə də yerindən tərpənmirdi ki, tərpənmirdi. “Lənət şeytana, bu indi mənəmi kələk gəlir? Yüz faiz yalquzaqdır. Özünü tülkülüyə qoyur ki, qəfil üstümə atlansın. Yox, yalquzaq hara, tülkü hara? Onda niyə tərpənmir? Bəlkə yaralıdır? Yaralı yalquzaqlar çox dəhşətli olur deyilənə görə. Elə olsa işim bir az çətin olacaq. Bir də deyirlər canavarlar oddan qorxur. Cibimdə də kibrit yox ki, od yandırım. Siqaret çəkən olsaydım indi kibritim də olardı. Bir od yandırıb onu qorxudardım və yoluma davam edərdim. Eh, hər necə olsa davam etməkdən başqa çarə yoxdur. Qoy gəlsin görüm, kim kimi yenir”, - deyə düşünərək o, artıq canavara bənzəyən qaraltının hardasa yüz metrliyinə yaxınlaşdı.

“Deməli belə. Bu indi yerindən durub mənə doğru cumsa hər şeydən əvvəl gərək heç nəyə baxmayıb boğazından yapışım. Özü də iki əllə. Baş barmaqlarımı xirtdəyinə dirəyib nəfəsini kəsərəm, iki dəqiqə içində canı çıxar. Düzdür, çırpınacaq, mənim üst-başımı cırmaqlayacaq. Ancaq başqa çarə yoxdur. Bacarsam yerə yıxıb belini də sındıraram. Pay atonnan, sonra gör kənddə nə söhbətlər olacaq? “Azər Qurdbasan” qoyacaqlar adımı! Əladır ki! Yaxşı addır vallah! Küçəyə çıxanda hamı məni barmaqla göstərib deyəcək ki, “oho, Qurdbasan gəlir”. Özüm ölüm, bu dastanlarda, nağıllardakı qəhrəmanlar da elə belə ad çıxarır da. Biri, görürsən ayını yalın əllə öldürür, bir başqası pələnglə əlbəyaxa olur, digəri də canavar öldürür. Elə mən də canavar öldürərəm, adım olar Qurdbasan! Kəndimizdə bu adda heç kim yoxdur onsuz da. Mən olaram Qurdbasan! Hələ qızlar nə danışacaq mənim haqqımda? Arxamca düşəcəklər! Hansı qız istəməz canavarı yalın əllə boğan oğlanı? Hə, onda dost-tanış da mənə həsəd aparacaq!”

Azər artıq canavara tam yaxınlaşmaq üzrə idi. Onların arasında bir neçə metr ara qalmışdı. O, indi canavarın açıq ağzında parıldayan dişlərini də təsəvvür etməyə başlamışdı. Qorxunc idi: “Bu dişin biri adamın ətinə batsa bəsdir elə. Bıçaq kimi kəsər adamı bu. Hələ arxa dişlərinə bax. Gör necə qorxuncdur. Yox e, bunun payını verəcəm. Üz-gözümü cırmaqlayar, yerində çapıq qalar. O kinolardakı qəhrəmanların çapıqlarından olar məndə də. Onda əsl qəhrəman olaram ki. Üzümdə çapıq, qızlar arxamca düşür, tay-tuşum da mənə həsəd aparır! Bəh-bəh!”

Sonuncu fikir Azəri necə tutdusa bir anda bütün gücünü toplayıb irəli atıldı. Canavara doğru şığıyıb əllərini irəli uzatdı. Barmaqlarını açıb onun boğazından yapışmaq istəyirdi ki, əli bərk bir şeyə dəydi... və özünə gəldi. Qarşısındakı adi bir qara kötük idi! Bütün ümidləri puç oldu! Bir anda “Azər Qurdbasan”, arxasınca düşən qızlar, üzündəki çapıq, barmaqla uzaqdan göstərilmələr elə bil havaya uçdu. Azər dərin bir xəyal qırıqlığına uğrasa da özünü o yerə qoymadan yoluna davam etdi. Onsuz da kəndin evlərinə çatırdı artıq...


Yeqzar CƏFƏRLİ, DGTYB Yönətim Qurulu Başqan Yardımçısı

İyun ayının ortaları idi. Artıq yazın gündüzlər adamı sərinləndirən axşamlar isə əməlli-başlı üşüdən havası yayın istisi ilə əvəz olunurdu. İyun ayı iş ayı olduğundan  gündüzlər çimərlikdə tək-tək adamlara rast gəlinirdi. Axşam saat 5-dən sonra isə Xəzərin sahilində əsil qələbəlik olurdu.  

Havalar bir az da qızışacaqdısa biz də yaxın bir neçə gün ərzində  dənizə gedəcəkdik. Anam belə planlaşdırmışdı. Çünki, biz həmişə dənizə getmək istəyəndə o “hələ vaxtı deyil, sizə soyuq olar”-deyirdi. Dənizə ailəmizdə mən daha çox can atırdım. Xəzər mənim uşaq təsəvvürümdə sonsuz idi. Elə bilirdim ki, nə  qədər üzsən də onun sonuna çata bilməzsən. Məndən olsaydı hər gün dənizə gedər, hava qaralmamış geri qayıtmazdım. Amma valideynlərimin iş qrafiki buna imkan vermirdi. Hər dəniz mövsümündə atam eyni sözləri təkrar edib gileylənərdi:

-Dəniz ağzımızın içindədir. Əlimizi uzatsaq gedib dənizə çatar. Amma biz düz-əməlli gedib orda istirahət edə bilmirik.

Həsrətlə həftənin altıncı və bazar günlərini gözləyirdim. Xəzərin qırağında isti qumun üzərinə uzanmaq,  günəşin məlhəm  şüalarını cana çəkmək hamı kimi mənə də zövq verirdi. Həm də bir həftənin yorğunluğu canımızdan çıxır, (ailəmiz böyük olduğundan  atam  bizi dolandırmaqda çətinlik çəkir və mən də evin böyük uşağı olduğum üçün ona kömək edirdim) adamı sanki ikinci dəfə dünyaya gətirirdi. Xalam uşaqları məni quma basdıdırdılar. Yalnız başım görünürdü. O qədər ağırlaşırdım ki, elə bil indicə üzərimdən tank keçib. Bu mənim bütün yorğunluğumu  aparırdı. Çox zaman da qumdan kiçik qalalar qurur, çimərlikdə maraqlı oyunlar oynayırdıq.  

İyunun isti günlərinin birində  həmişə olduğu kimi yenə də əmimin “Vaz 21” maşınına minib dənizə yollandıq. Bu gün hava həqiqətən də çox isti idi. Mənim digər yoldaşlarım kimi  suda o tərəf bu tərəfə üzüb, suda gizlənqaç, qaçdı-tutdu oynamaqla aram yox idi. Suyun içində çox dayanmağa hövsələm çatmırdı. Suda çox dayananda elə bilirdim, kimsə mənim ayağımdan tutub çəkir. Bir dəfə dənizdə çimərkən qum ayağımın altından qaçdı. Burulğana düşdüyümü zənn etdim. Qorxumdan rəngim yenicə yetişmiş qarpız kimi al qırmızı olmuşdu. (Bunu mənə əmimin arvadı dedi). Tez əllərimi hərəkətə gətirib balıq kimi üzərək sahilə çıxdım (üzməyi yaxşı bacarıram, Xəzərin sahilində böyümüşəm axı) .

Dəniz kənarında  süfrə salıb Allah yetirən nemətlərdən yeməyin ayrı bir ləzzəti var idi. Çimərlikdə adamların sayı artdıqca hər gün maraqlı hadisə baş verirdi. Gah maşınlar bir-birilərinə yol vermək üstündə mübahisə edir, hətta əlbəyaxa olur, gah da cavanlar arasında heç nə üstə dava düşürdü.

Xülasə, çimərliyə çatan kimi qardaşım və xalam uşaqları atam demiş, “mıxdan qopmuş dana” kimi suya tullandılar. Mən isə adətim üzrə suya atılmağa tələsmir, ləpədöyəndə dayanıb bu sirli- sehirli  dənizi seyr edir, Xəzərin ecazkar  gözəlliklərindən zövq alırdım. Həmişə olduğu kimi bu dəfə də gənclər çimərlikdə daha çox idi.  Burada hər dəfə tanış üzlərə rast gəlirdim. Onlar balıqlar kimi dənizin daimi sakininə çevrilmişdilər. Gənclər dənizdə müxtəlif akrobatik hərəkətlər edir, bir-birilərinin çiyninə çıxaraq əks istiqamətə suya tullanırdılar. Gözüm onlarda idi. Bir-birilərini ucadan çağırdıqlarından adlarını da öyrənmişdim. Aralarında ən iri cüssəlisi, dostlarının  Elvin adlandırdıqları gənc digər dostlarına nisbətən daha çox canfəşanlıq edir, müxtəlif hərəkətləri təkrar edirdi. Bu da səbəbsiz deyildi. Onun özünə əl qatmasına, dəridən-qabıqdan çıxmasına səbəb ətrafımızda ucadan danışıb-gülüşən qızlar idi. Mən bu qızlara fikir verirdim. Geydikləri çimərlik formasından, ətrafındakılara qətiyyən fikir verməyib ucadan danışmaq və  heç bir səbəb olmadan qəh-qəhə çəkib  gülmələrindən heç də tərbiyəli qızlar olmadıqları açıq-aydın görünürdü. Qızlar ucadan danışıb gülməklə oğlanların diqqətini özlərinə cəlb etmək istədikləri kimi oğlanlar da həmin qızların nəzər-diqqətini cəlb etmək üçün özlərini necə deyərlər oda-közə atmağa hazır idilər. Bu isə qızları məmnun edirdi. Onların, atam demişkən “cingənəliyi” təsirsiz ötüşməmişdi. Elvin əməlli-başlı bu yüngül qızların təsirinə düşmüşdü. Rəfiqələrdən Sevinc adlı birisi  Elvinin çox xoşuna gəlmişdi. Sevinc çox gözəl idi. Mən ürəyimdə ixtiyarsız olaraq dilləndim: “Gözəl gözlü gözəl”. O, digər rəfiqələrindən daha çılğın, ehtiraslı görünürdü. Baxışlarında bir çəkicilik vardı. Amma, istifadəedici, vaxtkeçirici bir çəkilcilik idi. Çox güman, bu çəkicilik Elvinin gözünə sevgi-məhəbbət qığılcımları səpələyib onu ehtirasa gətirmişdi. Əbəs yerə demirlər, “gözlər aldadıcı olur”.

 Qız güldükcə Elvin daha çox lovğalanırdı.  Gözlərini Sevincdən ayırmadan dostlarına müraciətlə:

-Eyni hərəkətlərdən bezmədiniz, nə qədər bir-birinin çiyninə çıxıb suya tullanmaq olar?

Dostlarından  İlkin adlı bəstəboy birisi Elvinə yaxınlaşdı:

-Yaxşı, nə təklif edirsən?

-Gəlin daha uzaqlara üzmək üçün yarış keçirək. Görək kim daha çox üzə bilər.

Əlbəttə, dostları onun sözünü tam başa düşmədilər. Elvinin əsil məqsədi “bu gözəl gözlü gözəlin” diqqətini daha çox cəlb etmək idi. “Hələ bir sahilə çıxım, bəlkə telefon nömrəsini də ala bildim. Sonrası asan idi. Sonra onu özümün sevgilisi etmək mənim kimi səriştəli ovçu üçün heç nədir”-deyə düşündü. Bir yüngül əxlaqlı qıza görə özünü oda-közə atmağa hazır olan Elvin çətinliklə də olsa dostlarını bu yarışa razı sala bildi.

Yarış başlandı. Mən bu yarışı diqqətlə izləyirdim. Bir yandan yarışın nəticəsini gözləyir, bir yandan da yüngülbeyin qızlardan ötrü özünü təhlükəyə atan bu gənclərin halına acıyırdım. Az sonra atam səsləndi:

-Nəyə baxırsan orda, gəl çörək ye!

-Ac deyiləm,- cavab verdim.

Özüm də bilmədən yalan danışdım. Əslində ac idim. Amma bu oyunun sonunu görmək marağı aclığımı hissimi üstələmişdi. Gəncləri diqqətlə izləyir, gözümü qırpmağa belə qorxurdum. Qorxurdum  gözümü qırparam, bu anda yarış qurtarar.

Dörd oğlan yanaşı dayandı və yoldaşlardan biri bir, iki, üç deyən kimi gənclər hərəkətə keçdilər. Elvin öndə idi və tez-tez arxaya baxırdı. Sahildə bu yarışı izləyənlərin arasında o “gözəl gözlü gözəl” də var idi. Və elə bu bircə izləyici ona yetərli idi. Başqaları izləməsə də olardı. O, Elvinə baxır, Elvinsə daha da cəldləşir, nəhəng, vahiməli dəniz onun gözünə kiçik gölməçə kimi görünürdü. Üzməkdən qolları ağrısa da, özünü o yerə qoymurdu. Axı, bir anlıq dayansa qızın diqqəti ondan yayına bilərdi. Az  sonra dostları bir-bir yorulub  yarışı tərk etdilər. Elvin isə hey üzür, üzürdü. Deyəsən, Xəzərin Qazaxıstan sahillərinə çıxmaq istəyirdi. Dostlarından özünə ən yaxın hesab etdiyi Rəşid ucadan qışqırdı:

-Yaxşı, sən qalib gəldin. Biz yenildik. Qayıt gəl. Daha özünü çox “boğma”, yoxsa doğrudan da boğulacaqsan.

Elvin bu sözləri eşitsə də bunlara heç bir önəm vermədi. Rəşid həyəcanlandı.   Dostları qorxu bürüdü.  Çünki, qəfil bir xəzri başlamışdı.  Dostlarının bağırıb-çığırmaları heç bir nəticə vermirdi.  O, üz alıb gedir və gedirdi. Bu zaman nəhəng bir dalğa təkər kimi bir dairə şəklində qadın şaçlarına bənzər bir mənzərə yaratdı.  Elvin bu nəhəng dalğanın arasında bir andaca görünməz oldu.

Bir neçə üzücü dəqiqə gəlib keçdi. Elvin görünmürdü, o, artıq batmışdı. Bunu başa düşən dostları tez FHN əməkdaşlarını axtarıb tapdılar. FHN əməkdaşları motorlu qayıqla yarım saata yaxın suda axtarış apardılar. İndi ətrafımızda hamı çimmək həvəsindən düşmüş, gözlərini mavi sulara dikib axtarışın nə ilə sonuclancağını gözləyirdi. Tanımadıqları bu gəncin taleyi insanları çox narahat edirdi. Daha bir neçə dəqiqə keçdi, xilasedicilərin qayığı sahilə yan aldı. Onlar Elvinin cəsədini sudan çıxarmışdılar. Cəsədi görcək Rəşidin ürəyi getdi. Güc-bəla ilə onu özünə gətirdilər. Bayaq ucadan gülən “gözəl gözlü gözəl” isə rəfiqələri ilə bir az öncə, heç hadisənin sonunu belə gözləmədən başqa bir “Elvin”in “Mercedes”inə minib getmişdi.

Həmin gün dəniz çox qəzəbli idi. Onun qəzəbinin əsli səbəbini Tanrıdan başqa heç kim bilmirdi və bilə də bilməzdi. Çox həyəcanlanmışdım və özümü itirmişdim. Nə yemək, nə içmək məni maraqlandırmırdı, üzgün və kədərli idim.

Artıq hava qaralır, camaat yavaş-yavaş evlərinə dağılışırdı. Biz də bir azdan tərpənəcəkdik. Amma mən fikirli  halda dənizi seyr edir, bir az öncə baş vermiş bu faciənin təsirindən ayıla bilmirdim. Bu zaman daha bir qorxulu hadisə baş verdi.  İki nəhəng dalğa yanaşı addımlayan iki insan kimi özünü sahilə çırpdı. Qandan doymayan dəniz sanki daha bir neçə nəfəri öz ağuşuna çəkib aparmaq istəyirdi. Az sonra dəniz  qəfildən coşduğu kimi, birdən-birə sakitləşdi və həmin iki dalğa qəfil gəldiyi kimi qəfil də yox oldu, əridi getdi. Birdə ki, dənizin nə vecinə, o ki istəyinə nail olmuşdu. Ucaboy enlikürək, amma ağılsız bir igidi öz ağuşuna alıb sonsuz bir aləmə aparmışdı. İndi o elə sakitləşmişdi ki, elə bil o, heç coşmamış, öz ağılsız hərəkətlərinin qurbanı olmuş Elvinin gənc həyatını yarımçıq kəsməmişdi.

Mən öz-özlüyümdə bu iki dalğanı iki insana bənzətdim. Bir-birilərini mühakimə edən iki insana...

Bir müddətdən sonra atam səsləndi:

-Oğlum, gəl əynini dəyiş, evə gedirik.