Azərbaycanda kitabı ən çox satılan yazıçı Lent.az-a danışdı: “İkinci romanım daha maraqlı olacaq”

 O, bugünlərdə yenidən gündəmə gəldi. Zatən ilk və hələlik yeganə olan kitabı çap olunandan – keçən ilin noyabrından bəri gündəmdədir. Ancaq “Kitab klubu”nun açıqladığı reytinqə görə, bədii ədəbiyyat nümunələri arasında ən çox oxunan kitabın (“Sonuncu ölən ümidlərdir”) müəllifliyi ilə daha da populyarlıq qazandı. Söhbət “Sonuncu ölən ümidlərdir”in müəllifi Varisdən gedir. Reytinq açıqlanandan sonra Varis ilk müsahibəsini Lent.az-a verir.

Ardını oxu...

Xalq şairi Zəlimxan Yaqubun “Türküstan” qəzetinə müsahibəsi

Bu günlərdə xalq şairi Zəlimxan Yaqubun iki kitabı işıq üzü görüb - "Peyğəmbər" və "Dünya Türkün dünyası". Həm bu kitablar haqda söhbətləşmək, həm də son dönəmlərdə ölkəmizdə, bölgəmizdə baş verən müəyyən məsələlərə münasibətini öyrənmək üçün Zəlimxan bəylə görüşdük.

Ardını oxu...


"Şairin nəşinin basdırıldığı zənn olunan ərazidə avtomobil dayanmışdı"

Məhəmməd Füzuli irsi Azərbaycan ədəbiyyatşünaslığının vizit kartı, onun söz sənətinə, yaradıcılıq dünyasına möhür vuran əbədi dühası, yenilməz söz xəzinəsidir. Onun bu dəyərli və bəşəriyyətə sözün əsl mənasında töhfə və ərməğan ola biləcək irsi artıq uzun illərdən bəridir ki, mütəxəssislər tərəfindən araşdırılaraq, tədqiq olunur.

Ardını oxu...

 

Əkbər Qoşalı: “Turan ideyası gerçək ola bilərmi? – Olacaq deməliyəm, əks halda veriləcək cavab mənim cavabım deyil”

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü yazıçı-publisist Əkbər QOŞALInın "OLAYLAR"a müsahibəsi

- Əkbər bəy, adətən təşkilat rəhbəri olan yazıçılarla söhbətdə, yaradıcılıq məsələləri barədə sona yaxın sual verilir. Mən istərdim, biz ilk öncə sırf yaradıcılıq sualı ilə başlayaq: Yaradıcılığınızda nə kimi yeniliklər var, nə üzərində işləyirsiz, hazırda?

- Təşəkkürlər, əfəndim. Sizin bu sual tərcihinizi qəbul edirəm. Nə gizlədim, təşkilat başqanlığından irəli gələn məsələlər, sorumluluğunu daşıdığımız işlər, bunun yanısıra qaçınılmaz məişət qayğıları-filan bəzən, Kərküklü soydaşımız Şəmsəddin Kuzəçinin sözü olmasın, “adamın başını ərəb saçına döndərir”. Qısa kəsim, dolaşan, düyünlənən “saç”-başdan avazıyıb da yazdığım şeirlər var, təbii, inşallah, fevralda onları yayımlayacağam. Bir də, baxaq, görək, maddi və texniki baxımdan çatdıra bilsək, yeni şeirlər kitabımı 40 yaş tamamınadək oxucuların ixtiyarına verməyi düşünürəm.

Sizə deyim, əgər gündəlik yenilənən ədəbi saytın başçısı olmaq, kitab tərtib eləmək, kitabla sonuclanan layihəyə başçılıq eləmək də yaradıcılıqdırsa (inşallah ki, belədir), - ötən ilin sonu, yeni ilin ilk ayı mənim üçün əlamətdar olub. Ötən ilin son ayı “Bölgələrdən səslər”, bu ilin ilk ayında isə “Gəldik, gördük, yazdıq” adlı kitablarla oxucu qarşısına çıxdıq. Birinci kitab, adından və DGTYB-nin mandatından da bəlli olduğu kimi, bölgələrimizdə yaşayan gənc yazarlarımızın yaradıcılıq örnəklərini içərməkdədir; ikinci kitab isə türksoylu ölkə yazarlarının Azərbaycana səfərləri ilə bağlı təəssürat yazıları toplusudur. Hər iki nəşrimiz nəfis şəkildə çıxıb və hesab edirəm, kitablı toplum, başqa sözlə, toplumumuzu kitaba qaytarma çabalarına biz tərəfdən bir töhfədir.

- Elədir! Başqa yönlü bir sual vermək istəyirəm. Necə bilirsiz, türk dövlətlərinin ortaq türkcəsinin yaradılması sahəsində hansı irəliləyişlər var?

- Ortaq türkcəni dövlətlər yaratmır. Dövlətləri də, türkcəni də xalq yaradır. Ortaq türkcə ideyası nəyi ifadə edir? – İlk öncə, ortaq keçmişimizin gerçəkliyini (həqiqətini) ifadə edir, xatırladır. Biz ortaq köklərə malik olduğumuzu, ortaq dəyərlərimizi bilirik, amma etiraf edək, bir qardaşımız o biri qardaşımızın türkcəsini ya bilmir, ya da güc-bəla ilə anlayır... Bu anlayış, daha doğrusu, anlamamazlıq da ona gətirib çıxarır ki, qardaşımızla qonşunun, yadın dilində danışırıq. Demək, ortaq türkcə ehtiyacdı, ehtiyacın ifadəsidir..!

Biz ortaq gələcək qurmaq istəyirik (inşallah), bəs o ortaq gələcəyin dili yenə, yabançı dilmi olmalıdır?!. - Bax, bu anlamda, ortaq türkcə istəyi xalqın içindən gəlir və dövlətlər də bu içdən gələn istəyi dəyərləndirirsə, nə gözəl! Olsun ki, bu gün bir türk dövlətində bu iş nizamlı, birində nizamsız gedir, başqa birində isə ümumiyyətlə dövlət səviyyəsində heç bir iş görülmür, ancaq xalq, harda yaşamasından asılı olmayaraq, türk insanı ortaq türkcəyə meyl edir, bir-biri ilə ruhunun dili ilə danışmaq istəyir, ana südü ilə ruhunu mayalandıran sözlərlə anlaşmaq istəyir... İstəyir ki, onunla bir boydan, bir soydan olan insanla məktəbdə öyrəndiyi dillə danışmasın... Uzun sözün qısası, mən bu mövzuda yeni nəsil aydınlarımızın keçirdiyi rahatsızlıqları bölüşərkən, inamımı da bildirmək istərdim ki, ortaq türkcə yaranacaq!.. Şair demişkən, “Bir az gecim, bir az tezim olacaq”, amma olacaq! O olacağın şəkillənəcəyi günədək isə Türkiyə türkcəsi ortaq türkcə kimi qəbul edilib. Yanılmıramsa, bu barədə türk dövlət və topluluqlarının İstanbulda keçirilmiş Qurultayında qərar qəbul edilib.

- Yenidən ədəbiyyata və Azərbaycana qayıdaq. Əkbər bəy, indiyədək Azərbaycanda keçirilən müxtəlif ədəbiyyat müsabiqələri olub. Sizcə, o müsabiqələr özünü doğruldubmu?

- Deməzdim, tam doğruldub, amma müsabiqə təşkili, necə deyərlər, yarışma mühiti özü diqqətə­layiqdir. Əsas məsələ, münsif heyəti, heyətin seçim və iş prinsipi ilə, texnologiyası ilə bağlıdır. Örnək verim, müsabiqə keçirən qurum, münsiflərinin adını öncə açıqlamırsa, münsiflərə də əsərlər kodla təqdim olunursa bu əla olar. - Yəni nə münsif bilir kimin əsərinə qiymət verir, nə müəllif bilir kim ona qiymət verir... Doğrudur, irad tutula bilər ki, münsif heyətinin tərkibini, o tərkibdəkilərin zövqünə, ədəbi yetənəyinə güvənməyin mümkün olub-olmadığını bilmədən müsabiqəyə qatılmaq istəməyənlər ola bilər. Olsun! – Birincisi, elə ziyandansa, belə ziyan yaxşıdır ( - əgər buna ziyan demək olarsa); ikincisi, müsabiqə keçirən qurum, quruluş ədəbi ictimaiyyətin etimadını qazanmaq istəyirsə yaxud o etimadı itirmək istəmirsə, o zaman münsif olaraq da münsif olmağa layiq insanları seçmək zorundadır...

Qaldı ki, hansısa müsabiqənin özünü doğruldub-doğrultmamasına, nə gizlədim, mən şəxsim adına hələ ki, arzuolunan səviyyədə parlaq müsabiqə görməmişəm. Bununla belə, yenədəlik olmasın, ədəbi müsabiqə düzənləyən şəxslərin, qurum və quruluşların zəhmətini də yerə vura bilmərik. Gəlin inanaq ki, ilbəil daha yaxşı müsabiqələr olacaq, daha parlaq sonuclarla tanışacağıq.

- Yeni yazarların yaradıcılıq səviyyələri hansı vəziyyətdədir, onlar arasında kimlər sevilir və onlar yazdıqları ilə ədəbiyyatımıza hansı qatqılarda bulunurlar?

- Biz DGTYB olaraq, Gənclər İdman Nazirliyinin dəstəyi ilə ötən ilin son 5 ayı ərzində “Bölgələrdə yaşayan yaradıcı gənclərlər görüşlər” adlı bir layihə həyata keçirdik. Sizin sualın cavabını tapmaq bizim o layihədə qarşımıza qoyduğumuz vəzifələrə aiddir. Bizim gəldiyimiz qənaət odur ki, yeni yazarlar dediyimiz kateqoriyanın səviyyəsi hələ tam bitkin, oturuşmuş səviyyədə deyil. Ancaq, o səviyyə dinamik inkişafda olan bir səviyyədir: irəliyə boylanan, axtaran, inanan...
Bölglərdən ad çəkmək gərəkirsə, Elməddin Nicat (Kəlbəcər), İsrail Fərhad (Xocalı), Hikmət Qarayev (Bərdə), İlham İsmixanoğlu (Ağdaş), Elnarə Nur (Tovuz), Taleh Mansur (Qazax), şeirləri ilə bu yaxınlarda tanış olduğum Ramil Əhməd və başqaları... Siz bu adları yadda saxlayın, inşallah çox keçməz, onları Böyük Ədəbiyyat Yolunda inamla irəliləyən görəcəksiz, deyə ümid edirəm...

- Qayıdaq yenə türkçülüyə... Bəy, türkçülüklə bağlı layihələrdə daha çox Azərbaycan və Türkiyə aktivdir, bəzən düşünürsən ki, digər 5 türk dövləti öz türkçülüklərini unudublar...

- Vallah, bunun, belə deyək, “obyektiv niyə”si bəlli olsaydı, sorun çözüm bulardı bu günədək... Bir qardaş dövlət o biri qardaş dövlətə qarşı öz mükəlləfliyinə uyğun addım atardı, ancaq görünən o ki, ortada yad barmaqlar, barmaqlar da yox, əllər... heç əl də deyil, qollar var, qollar... Azərbaycanla Türkiyə bir ürəkdə iki candır, inşallah digər qardaşlarımızla da yaxşı olan ikitərəfli münasibətlərimiz ümumtürk maraqlarına töhfə verir və verəcək də.

- Bakıda TAQM adlı türk dövlətlərinin hərbi təşkilatı yaradıldı. Fikrinizcə bu amil türk dövlətlərinin birliyi üçün önəmli olacaqmı?
- Olacaq, əlbəttə. Ümid edirəm, bu format digər qardaş dövlətlər üçün də cəlbedici olacaq.

- Türk dövlətlərinin Turan bayrağı adı altında birləşməsinə nələr lazımdır, doğrusunu danışaq - Turan gerçək ola bilərmi?

- Adı altında niyə? – Elə bir başa bayrağın öz altında! Artıq ortaq bayrağımız var, mübarək olsun! Arzu edirəm, o bayraq gələcəkdə bütün türk dövlətlərinin bayraqları ilə qoşa dalğalansın! Çalışmalıyıq, bir-birimizin dərdinə aşina olaq – daha dərindən..! Sevgimiz, sayğımız işə, çalışmalara tökülməlidir! Turan ideyası gerçək ola bilərmi? – Olacaq deməliyəm, əks halda veriləcək cavab mənim cavabım deyil…

 

"Bəxtəvərlik Tanrının sevgisini qazana bilməkdi..."

-Salam, xoş gördük, əfəndim. İstədim bir könül söhbətində buluşaq, ovqatın nasıl?
-Əleyküm-Salam. Xoş gününüz olsun. Sənnən könül söhbətində buluşmaq hər zaman xoşdu. Təbii ki, “ovqatım yaxşıdı” cavabını gözləyirsən. Maləsəf, elə deyə bilməyəcəm. Gecə saat 2-nin yarısıdı. Eyni zamanda sənin suallarını cavablandırmaq zorundayam. Ovqatdı da... həmişə yaxşı olmaz ki? Amma elə pis də deyil.
-Onda başlıyalım İbrahim İlyaslının mənsub olduğu nəsil-kök şəcərəsindən. İbrahim İlyaslı kim, kimin kimsənəsidir?
-İbrahim İlyaslının nəslinə də, kökünə də bir dostum kimi azdan çoxdan sənin də bələdçiliyin var. Oxuscular üçün soruşursansa, gərək bir az gendən gələk. Yeddi arxa dönənimə qədər – yeddinci ulu babama qədər bilgim var. O kişinin adı Hacı olub. İndi daşıdığımız rəsmi Hacı(yev) soyadımız da ordan qaynaqlanır. Hacı babam Qazağın İncə dərəsi obasına Dəmir Qapı Dərbənddən gəlib. Bu təxminən XVII əsrin sonlarına təsadüf edir. Mən Hacı babamın oğlu İbrahimin adını daşıyıram. Onun oğlunun adı isə İlyas olub. Yəni babamın babasının adı. Bu da mənim imzamda və böyük qardaşım İlyasın adında öz ifadəsini tapıb. Babam Mustafa İlyasoğlunu görmüşəm. Atam Musa müəllimdir. 1930-cu il təvəllüdlüdür. Təqaüdə çıxıncaya qədər – 40 ilə yaxın Aslanbəyli kənd orta məktəbundə fizika müəllimi işləyib. Hal-hazırda anam Sənubər xanımla doğma kəndimizdə - Aslanbəylidə qoşa ömür sürürlər. Allah bütün valideynlərin canını sağ, könlünü xoş eləsin. Bu qədər... 
-Bəzi söz adamları  deyir ki, İncə Dərəsindən olan şairlər ona görə böyük şairlər olurlar ki, onlar sözü qanandan Aşıq Avdıya baba deyib ətəyindən yapışıllar. Hər kəs Aşıq Avdını mənəvi babası sayır. Bu müqəddəs kökə bağlılığın sirri nədədir?
-Əslində, İncə dərəsinin yeganə fərqli cəhəti bu obada ulu övlüya – pirimiz, səcdəgahımız Hacı Mahmud Əfəndi kimi bir şəxsiyyətin dünyaya göz açması, Nəqşibəndi təriqəti kimi uca bir təriqət mürşidi olaraq  bu obanı mənəvi mayalaması və bu obada haqqın dərgahına qovuşmasıdır. Bizim oba bu adnan tanınır. O ki, qaldı İncə dərəsindən çıxan sənət adamlarına, onların hər birini haqqa tapınmaları urvatlı edib. Ustadımız Aşıq Avdı Qaymaxlı kəndindəndir. 20-ci əsrin ən böyük aşıqlarındandır. Sazda “İncə gülü”müzün yaradıcısıdır. Onu özümüzün mənəvi babamız bilməyimiz bizim tərbiyəmizin göstəricisidr. Yeri gəlmişkən, məmləkətimizin hər bir obasında bu cür örnəklər var. Göyçədə Aşıq Ələsgər, Kəlbəcərdə Dədə Şəmşir, Borçalıda Aşıq Əmrah, Tovuzda Mikayıl Azaflı, Laçında Sarı Aşıq, ... olan kmi.
-İbrahim İlyaslı necə adamdı? 
İbrahim İlyaslı sizin dostunuzdur. Onun necəliyini siz məndən yaxşı bilərsiniz. Mənə qalsa, mən onun ancaq qüsurlarından danışa bilərəm. Bunu da təbii ki, aləmə car çəkmək istəməzdim. Qoy oturub oturduğu yerdə. Məmləkətinin bu günündə qazi deyil, şəhid deyil... uzağı bu təmənnada olub, buna cürəti çatmayanın biridi. Onu qan yaddaşı göynəyənlərin sırasına yazın getsin... 50-ni haqladı, əlifbadan bircə hərfi kamil öyrəndi – T! – Tanrı, Türk, Turan!!! 
Bu dünyada bəxtvər olmaq üçün divanə və dəlimi olmaq lazımdır?
Ən azı ikisindən biri olmaq lazımdı. Tanrının sevdiyi bəndələrdi onlar. Bəxtəvərlik Tanrının sevgisini qazana bilməkdi...
-Deyirsiniz ki, “Mən bir şey bilirəm...”, “Bir para şeylər bilirəm” Nə bilirsiniz, əfəndim?
Mənim bu dünyada bəlkə də yeganə qazancım bu sirlərdi... Bundan başqa heçcə nəyim yoxdu. Onu da əlimdən almaqmı istəyirsiniz? 
Hə ustad sənin bildiklərinin bir bariz nümunəsidir bu şeir:

Mən bir söz bilirəm - dilimə gəlsə,
Sədası qanıma bələyər məni.
Şahlar yeddi yerə şaqqalayallar,
Rəiyyət daş - qalaq eləyər məni.

Mən bir söz bilirəm - onu söyləsəm,
Kafirlər tonqala atallar məni.
Möminlər üzəllər başımı, sonra
Başlarından uja tutallar məni.

Mən bir söz bilirəm - dilimə alsam,
Alimlər dilimi kəsəllər mənim.
Sözümü asallar dar ağajından,
Özümün üstümdə əsəllər mənim.

Mən bir söz bilirəm - ağzımdan çıxsa,
Aqillər adıma dəli deyəllər.
Dərvişlər o sözə heyran olallar,
Olmayan aşiqlər «bəli» deyəllər.

Mən bir söz bilirəm,  axı nə olsun?-
Ağajda yuvam var, içində balam.
Mən heç nə bilmirəm, ay Məmməd, anjaq
Mən bir söz bilirəm - yaxşı ki, lalam.


-Başınıza olmazın oyunlar gəlir. “olmaz”ları “olar ” bilirsiniz. “Olmaz” necə “olar” ola bilər axı?
-Bunu son nəğməsini oxuyan QUlar bilir... Bir də rəhmətlik Nəcib fazil Qısakürək bilirdi. Ondan öncəkilər də bilməmiş deyildilər.
-Bu dünyada doğrudanmı halal adam yoxdur?
-Adamda nəfs var. Şeytanın istirahət günü olmur. İblisin dörd bar(ğ)daşdan oturduğu yerdə hansı halallıqdan danışmaq olar? 
Hərdən uzaqlarda halınız pisləşir, Qəfildən sinənizin altı göynəyir, hərdən də görməyə tələsənlər olur. Halınızı pisləşdirənin, sinənizi göynədənin və görüşünüzə tələsənin görüşünə heçmi getmirsiniz?
Kimdi məni ora buraxan, ay dost?! Yaralarımın qaysaqlarını qopartma. Oralarnan işin olmasın. İndi mən özümə də qısqanıram bu mətləbləri...
-İncə dərəsi, “Bala Təpə”, quzu novatı – necə qalıb yaddaşınızda?  Balaca, quzuçu İbrahimdən ötrü çoxmu darıxır İbrahim İlyaslı?
-Sən niyə bu cür suallar verirsən, Elməddin? Mənnən qəsdi-qərəzinmi var? Gecənin bu vaxtı məni niyə oralara dartırsan? Axı sən Bala Təpə dediyimiz yerdə mənim hallarımın şahidi oldun...

Örtülü saxlayaq gəl bu sevdanı,
Bu mübarək əzab örtülü qalsın.
Vüsal aramızda Quzğun dəryası, 
Həsrət aramızda körpüdü, qalsın.

-Deyirsiniz: 
Eşqdir Allahın kölgəsi,
Eşqə düşmək bəxt iləndi.
Nə var bu eşqin sonunda?

-Bunu eşqin sonuna varanlar bilər. Mən hardan bilim? Şeyx Sənan bilirdi...
- Doğmaların ögeyliyi qədər ləzzət eliyə bilirmi, qəribliyin doğmalığı?..
- Mən çölü sevirəm. Nəhayətsizliyin vurğunuyam. Çingiz Aytmatovun təsvir elədiyi Qıpçaq çölləri məni həmişə özünə bənd eləyir. Oljas Süleymenovun at təri qoxuyan şeirlərini heyranlıqla oxuyuram. Qəriblik mənə çox doğmadır. 
-Bir vaxt sizə demişdilər: “Mən ölsəm ağlayarsanmı”?.... Ölüb sizi ağlatmaq istiyənə sağlığında çoxmu ağlamısınız? 
-Hə, adama da beyqəfil belə sözmü deyəllər... Maraqlısı budur ki, o sualın müəllifi çox şən bir xanımdı. 
Hal-hazırda Sumqayıt şəhər Əli Kərim adına poeziya klubunun rəhbərisiniz. Orda işləriniz, gənclərin poeziya klubuna münasibətləri və keçirdiyiniz görüşlər barəsində fikirlərinizi bilmək maraqlı olardı....
Artıq 23-cü ildir ki, bu vəzifədə işləyirəm... Yaman çox oldu. Bir iş tapsaydım, böyük məmnuniyyətlə yerimi gənclərə verərdim. Bizim cəmiyətdə ədəbi camiə idarə eləmək ağır işdi. Yorulduğumu etiraf edirəm. Hayıf deyil müstəqillik...
-Ustad, fürsətdən istifadə edib sizi 50 yaşınız münasibətilə təbrik edirəm. Qələminiz iti, sözünüz kəsərli olsun. İbrahim İlyaslının bu 50 ildə qazandıqları və  itirdikləri bir cədvələ salsaq hansı çox olar?
Mən zatən naşükür adam deyiləm. Taleyə inanan adamam. Bu mənim taleyimdir. Qazancın və itginin miqyasını ölçmək mənim ixtiyarımda deyil. Mənim ən böyük arzum riyaziyyatçı omaq idi. Gəlib şeir yazan oldum... Təbrikə görə də sağ olun, təşəkkür edirəm. 
-Nadir Məmmədlinin sözündən, Aşıq Elbrusun sazından muğayat olun!