İskəndər Pala: "Tarixi, əslində, neytral insanlar yazmalıdır, hadisələrə yaxından-uzaqdan aidiyyatı olmayan tarixçilər yazmalıdır".
 
Sentyabr ayının 16-dan 18-dək Bakıda səfərdə olmuş ədəbiyyatşünas alim, Türkiyənin tanınmış yazıçısı professor-doktor  İskəndər Pala ilə müsahibə:
- Ustad, biz Sizinlə Bakı səfərinizin son günü, son saatlarında söhbət edirik. Səfərinizin ilk saatlarından bir yerdə olsaq da, hesab edirəm, söhbət üçün ən münasib vaxt məhz indidi - artıq görüşlər, ziyarətlər başa çatıb, bir neçə saatdan sonra Bakını tərk edəcəksiniz. Öncə, təəssüratlarınızı bilmək istərdim...
- Bəli, doğru buyurursunuz, bu saatda söhbət etməyin öz anlamı var. Hesab edirəm, çox yoğun, amma çox da maraqlı iki gün yaşadıq. Görüşdüyümüz, fikir mübadiləsi apardığımız bütün insanlar üçün bu iki günün yaddaqalan olacağına ümid edirəm. Şəxsən mən və həyat yoldaşım, çox böyük məmnunluq və deyərdim, sürprizlər dolu bir səfərdən dönürük... Örnək verim, mən professor-doktor olsam da, ilk dəfə burda - Azərbaycanda - çalışdığım ali təhsil ocağından kənarda “fəxri doktor” ünvanı ilə təltif olundum. Eyni zamanda, sizin dünya Gənc Türk Yazarlar Birliyi və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən özəl plaketlə təltif olundum. Habelə hər nə qədər 8 il öncə Bakıda olmuş olsam da, məhz bu səfər, sırf ədəbiyyatçı olaraq, yazar olaraq dəvət olunduğum və burada nəşr edilmiş kitablarımın təqdimatına qatıldığım bir özəl səfər oldu; burada çoxsaylı oxucularımla təmas qurmaq, onların əsərlərim haqqında düşüncə və fikirləri ilə yaxından tanış olmaq fürsətim oldu. 
Mən də ilk dəfə Azərbaycanda olan xanımım da qardaş ölkənizdən, Bakıdan zəngin təəssüratlarla ayrılırıq. Fürsətdən yararlanaraq, görüşdüyümüz, söhbət etdiyimiz hər kəsə, özəlliklə bizim bu səfərlə bağlı zəhmət çəkmiş dostlara təşəkkürlərimi yetirirəm.   
- İskəndər bəy, Bakıya daha öncəki səfərinizlə bu səfərinizdə gördüklərinizi, şahid olduqlarınızı müqayisə etsək, hansı dəyişiklikləri qeyd edərdiniz?
- Dediyim kimi, Bakıya bundan səkkiz il öncə gəlmişdim. O zaman paytaxtınız mənə hüznlü görünürdü, şəhərin üz-gözündən qəm-kədər tökülürdü. Bu dəfə isə şəhərinizi, insanınızı təbəssümlü gördüm. Şəhərin gur işıqları, özəlliklə gecə mənzərələri ayrı bir aləmdi. Mən dünyanın bir çox şəhərlərində olmuşam, deyim ki, Bakının yaddaşımda öz yeri olacaq. Bu, yəqin ki, Bakının həm qardaş ölkənin paytaxtı olmasından, həm də özünəməxsus gözəlliyindən, tarxiliklə modernliyi bir arada yaşatdığından irəli gəlir. 
Şəhərinizin, insanlarınızın simalarında solğunluğun öz yerini gözəl duyğuların, ümidin təcəllasına buraxmasını görmək çox xoşdu. Artıq şəhərinizdə mürəkkəb yol qovşaqları, körpülər, keçidlər, gözəl tikililər, qəlboxşayan yeniliklər var. Dünyanın ən hündür bayraq dirəyini tikmisiniz. Qardaş Azərbaycanın gələcəyinə olan ümidlərim çox yüksəkdir.
- Siz Bakıya gələrkən, yəqin, daha çox “Şah və Sultan”la bağlı suallarla üzləşəcəyinizi təxmin etmişdiniz. Artıq oxucuların, məsləkdaşlarınızın, həmkarlarınızın münasibətləri ilə bilavasitə tanış oldunuz, - bu mövzuda nə deyərdiniz?
- Bəli, Türkiyədə olduğu kimi, burada da tənqidlər olacağını bilirdim və normal da yanaşırdım. Sizə deyim, öz ölkəmdə “Şah və Sultan”la bağlı təqribən hər yüz insanın 90-ı olumlu, 10-u olumsuz münasibət göstərir. Olumlu, olumsuz münasibət göstərənlərin də yarıbayarısı, kitabın məzmunu baxımından yanaşsaq, sünni və ələvilərdir. Amma mən fikir mübadiləsindən qaçan insan deyiləm. Bu tarixi romandı və mən tarixi faktları saxtalaşdırmadığımı düşünürəm, çünki əlim çatdığı qədər tarixi qaynaqlara istinad etmişəm. Hə, ola bilər, mənim baxdığım sənədlə bir başqasının əlində olan sənəd fərqli bilgi verir, bu artıq mənim problemim deyil. Bilirsiz, “Şah və Sultan” yazıldığı andaca - dərhal nəşr edilmiş bir əsər deyil. Mənim əsərimə rəy verənlər içində həm ələvi, həm də sünni məzhəbinin tanınmış biliciləri var. Başqa fikir bildirən mötəbər insanlar da var. Demək istəyirəm, əlinizə ovuc içi boyda bəlgə keçdisə, siz artıq nə irad, nə tənqidlə üzləşsəniz də, haqlısız, güvənlisiz. Onu da əlavə edim ki, mən tarixi roman yazarı olaraq, bir tarixi roman yazmağın sevgi romanı yazmaqdan daha asan olduğunu deməliyəm. Tarixdə olub-bitən hadisələr var, tarix mazidi  - keçmişdi... Romanlar isə bu hadisələrin arasına daxil etdiyimiz süjet xəttindən, obrazlara yaxınlaşma biçimimizdən, yazıçı fəndindən asılıdı. Dünən bir görüşdə də vurğuladığım kimi, sevgi, eşq romanları yazanda, hətta yazar öz yaşamından, təcrübəsindən, olsun ki, yaxın dostlarının yaxud ayrı bir qaynaqdan yararlana bilər, ancaq tarixi romanda bunu edə bilmirsən. Bu baxımdan, tarixi roman yazmaq mənimçün daha asandır. Çünki tarix tarixdi, bəlgəli, arxivli... Bizə qalan da o bəlgələrin,  arxivlərin üzərində necə çalışmaq, faktları necə ətə-sümüyə doldurmaqdı...
- Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “fikir gecəsi”ndə millət vəkili Qənirə Paşayevanın “Şah İsmayıl Xətai də, Sultan Səlim də mənim babamdı” deməsindən sonra bir oxucunuz “İskəndər bəy, Siz də eyni şəkildə “Sultan Səlim də, Şah İsmayıl Xətai də mənim babamdı” deyə bilərsizmi” deyə sual etdi və siz “maraq etməyin, mən “Şah İsmayıl Xətai də mənim babamdı” sözünü çox demişəm” cavabını verdiniz. Bu mövzuda əlavə etmək istədiyiniz bir söz varmı?
-  Bilirsiniz, hadisələrə birtərəfli baxmaq olmaz. Yenə deyirəm, tarixi roman yazarına bəlgələrə istinad etmədiyi şeyi yazmağa haqq vermirəm. Bir də, “kültür” və “mədəniyyət” dediyimiz iki qavram var - biri keçmişi, biri bu gün və gələcəyi anladan, ifadə edən. “Kültür” dediyinizdə, insanoğlunun keçmişdə yaratdıqları gözönündə tutulursa, “mədəniyyət” dedikdə insanoğlunun bugünkü quruculuğu, yapdıqları, gələcəyə necə boylanması, baxışlarının təcallası gözönündə tutulur. Bu anlamda, Şah İsmayıl Xətai ilə Yavuz Sultan Səlimin yanlışlıqlarına tarixi baxımdan qiymət vermək, tarix üçün, onların yanlışlarından dərs almaq gələcək üçün önəmlidir. Biz mədəniyyəti kültürün üzərindən qururuqsa da, gələcəyimizi gözəl, layiqli şəkildə qurmağa borcluyuq. Özəlliklə də, tarixi yazan aydın, tarixi roman yazarı keçmişdə ilişib qalmamalı, ulusuna doğru yol göstərməlidir. Mən çox istərdim, insanlar “Şah və Sultan”ı oxuyaraq, oradakı ideyanı, fəlsəfəni idrak edərək düşüncə və fikirlərini bölüşsünlər. Bax, o zaman bir yazıçı olaraq mənə haqq verəcəklərinə inanıram. Çünki mən özümə inanıram, yalan, riya peşində olmadığımı bilirəm. Eyni zamanda, onu da anlayır və müdafiə edirəm ki, mənim yazdığımdan daha səlis yazan ola bilər və olmalıdır, başqa sözlə, mənimlə razı olmayanlar, buyursunlar daha gözəl bir roman yazsınlar, özlərini bu şəkildə ifadə etsinlər. Bu daha yaxşı olmazmı? 
Bir söz də deyim, - “Şah və Sultan” nəşr olunduqdan sonra, bir ələvi aydını mənə bir qaynaq gətirdi - orada Sultan Səlim Təbrizdə ikən Şah İsmayılın ona məktub yazdığı və Taclı xatun əlindəsə, onun azad edilməsini istədiyi yazılırdı. - Açığı, mənim daha öncə tanış olduğum qaynaqlar fərqli bilgi verirdi və mən də əsərimi ona görə yazmışdım, ancaq haqqında bəhs etdiyim  digər bəlgə əlimdə olsaydı, bəlkə süjet ona görə qurula bilərdi. Yaxud bu gün sizin də iştirakınızla Azərbaycan Yazıçılar Birliyində keçirilən görüşdə, hörmətli Anar dedi ki, onun çox dəyər verdiyi, güvəndiyi tarixçi alim Oktay Əfəndiyev Şah İsmayılın öz anasını öldürməsi fikrinə kəsinliklə qarşı olaraq, belə bir tarixi faktın olmadığını deyir, amma mənim baxdığım bəlgələr başqa şey deyirdi. Bu da ondan irəli gəlir ki, tarixçilər tarixi bəlkə öz hökmdarlarının siyasətinə, istək və arzularına uyğun yazıblar. Mən deyirəm, tarixi, əslində neytral insanlar yazmalıdır, hadisələrə yaxından-uzaqdan ilgisi olmayan tarixçilər. ...Belə şeylər olur, o üzdən deyirəm ki, mənim əsərimlə razı olmayanlar başqa bir əsərdə özlərini ifadə etsələr, daha məntiqli olardı.   
- İskəndər bəy, siz yetərincə çox dəvət alan yazıçılardansınız. İstərdim, bir qədər də Azərbaycana budəfəki gəlişinizə səbəb olan dəvət barədə danışasınız. 
- Mən çalışmağa, yazmağa, öz doğma iş otağımdan uzaq durmamağa diqqət göstərən bir insanam. Lakin elə dəvətlər var ona cavab verməmək mümkün deyil. Bakıda “Şah və Sultan” romanım işıq üzü gördüyü zaman əsərin tərcüməçisi Nəriman Əbdülrəhmanlı ilə birlikdə bura gəlməyim üçün çox danışıqlar aparmışdıq, Türkiyənin Azərbaycandakı səfirliyi də bu işdə maraqlı idi, ancaq gəlmək üçün uyğun zaman tapa bilmədiyim üçün onların təkliflərinə müsbət cavab verə bilmədim. Sonra da İstanbulda hörmətli millət vəkili Qənirə Paşayeva ilə görüşümüz oldu. O, “OD” romanımı azərbaycancaya çevirməyi təklif  etdi,  mən də razılaşdım. Beləliklə, ard-arda iki kitabım nəşr olununca Azərbaycana gəlmək şərt oldu və ikigünlük də olsa bir tarix müəyyənləşdirərək, Qənirə xanımın, Nəriman bəyin və təbii, səfirliyimizin dəvətlərini ümumiləşdirərək, Bakıya gəldik. - Türkiyədəki üç günlük proqramımı təxirə salmaq bahasına olsa da, artıq deyə bilərəm ki, yaxşı ki, gəldik.
- Bakıda keçirdiyiniz görüşlər, ziyarətlər haqqında oxucularımız bir də Sizin özünüzdən bilgi alsınlar... 
- Sentyabrın 16-da Bakıya gəldik. Öncə, bizi dəvət edən “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) başqanı xanım Paşayeva və rəhbər heyətin üzvləri ilə görüşdük. Sonra Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və Onun xanımı Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət etdik. Daha sonra  İçərişəhərlə, Şirvanşahlar Saray Kompleksi ilə tanış olduq.
Ayın 17-də ilk ziyarətimiz Azərbaycan Tarix Muzeyinə oldu. Muzeyin direktoru hörmətli Nailə Vəlixanlı xanıməfəndi ilə görüşdük. Qardaş Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini özündə əks etdirən muzeyin tarixi, ümumən Azərbaycan tarixşünaslığının dünəni və bu günü barədə bilgi aldıq. 
Daha sonra Nizami adına Ədəbiyyat Muzeyini ziyarət etdik. Muzeylər kültürün, tarixin saxlanc yeridir və mən tarixlə, ədəbiyyatla məşğul olan bir yazar olaraq bu iki muzeydə olmağı çox anlamlı sayıram. Bunu ziyarət sonrası “rəy kitabı”na yazdığım ürək sözlərimdə də ifadə etdim.
Həmin gün Azərbaycanda Atatürk Mərkəzində olduq. Mərkəzin direktoru, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri professor Nizami Cəfərovla görüşdük. Onunla daha öncədən tanışırdıq, bir-birimizin yaradıcılığına müəyyən bələdliyimiz var. 
Axşam oxucularımızla görüş ortamında “ədəbi-fəlsəfi fikir gecəsi” keçirdik. Görüş gözləniləndən təqribən iki dəfə uzun çəkdi və nə xoşbəxtəm ki, qardaş ölkənin insanları məni sonunadək səbrlə dinlədi, təbii mən də onları dinlədim. Görüşdən öncə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”nun bir layihəsi çərçivəsində Azərbaycan dilinə uyğunlaşdırılaraq yenicə çapdan çıxımış mənim “OD” romanımın satışı həyata keçirildi. Satışı deyərkən, bu, bir xeyriyyə aksiyası idi - romanın satışından əldə edilən vəsait xeyriyyə məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Təbriz və ətrafında baş vermiş son dağıdıcı zəlzələdən ziyan çəkmişlərə göndəriləcək.
Gecədə sevgili dostum Əsgər Rəsulovun etdiyi çıxış məni çox təsirləndirdi. Nəhayət, sonda “OD”un imzalanma mərasimi oldu, oxucularımla qısa da olsa, könül söhbəti etmə, üz-üzə gəlmə fürsətim oldu, xatirə şəkilləri çəkdirdik.
 Ağrılı, amma vacib ziyarətlərdən biri də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini və Şuşada erməni vandalizminə uğramış “güllələnmiş heykəllər”i ziyarət etməyimiz oldu... 
Odlar Yurdu Universitetində də maraqlı görüş keçirdik. Sağ olsunlar, söhbətin başında da vurğuladığım kimi, lütf edib, mənə “fəxri doktor” ünvanı verdilər. Universitetin kitabxanası ilə tanış olduq, biz də bir neçə kitabımızı universitet kitabxanasına hədiyyə etdik.
Sonra, sağ olsunlar, zaman ayırıb bizi Milli Məclis sədrinin I müavini cənab Ziyafət Əsgərov qəbul etdi. Cənab Əsgərovla  da “bir millətin iki dövləti”ni təmsil edən elm və sənət adamları arasında işbirliyinin dünəni, bu günü və perspektivi barədə danışdıq, qardaş ölkələrimiz arasında parlamentlər səviyyəsindəki yüksək ilişkilər barədə bilgi aldıq. 
Nəhayət, sizinlə söhbətdən bir xeyli öncə Yazıçılar Birliyində Birlik başqanlığı və bir qrup yazıçı, şairlə görüşümüz oldu. Göründüyü kimi, yetərincə zəngin və necə deyərlər, protokol kimi bir səfər olmuş, maraqlı görüşlər keçirilmişdir. Bax, işbirliyi, ilişki dediyimiz nəsnələr, hadisələr belə görüşlərlə, təmaslarla, belə deyim, könül bağı ilə daha da zənginləşir, möhkəmlənir, bir sözlə, məzmun qazanır. 
- İstərdim, gələcək yaradıcılıq planlarınız barədə bilgi verəsiniz. Oxucularınız İskəndər Pala qələmindən çıxacaq hansı əsərə hazırlasınlar özlərini... 
- Yeni romanım “Seyr dəftəri” adlanır, Barbaros Xeyrəddin Paşanın həyat və mübarizəsindən ilham alınaraq, bayaqdan söz etdiyimiz tarixi roman yazma texnologiyamıza uyğun olaraq yazılmışdır - yəni, bəlgələrə istinad edərək... Roman “Qapıyayınları”nda çıxacaq və 2013-cü il yanvarın 1-dən oxucuların ixtiyarına veriləcək. İnşallah, oxucularımın, azərbaycanlı oxucularımın da ilgisini çəkəcəyinə inanıram.
Həmsöhbət oldu: ə.QOŞALI
“Yeni Azərbaycan”/21.09.2012, 173 (3840), səh.6















Bəlli olduğu kimi bugünlərdə respublikamızda “Avrasya Beynəlxalq Ararşdırmalar İnstitutu” İctimai Birliyinin Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupu və digər qurum və quruluşların iştirakı ilə gerçəkləşdirdiyi “Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi” adlı proqram uğurla başa çatmışdır. Proqramda iştirak edən İraq türkman nümayəndə heyəti tanınmış ictimai-siyasi xadimlər, sənətçilər və ədəbiyyatçılardan təşkil olunmuşdu. Nümayəndə heyətinin üzvləri olan tanınmış İraq Türkman ədibləri – dr. Mustafa Ziya, dr. Şəmsəddin Kuzəçi və keçmiş millət vəkili Fövzi Əkrəm Tərzioğlu “Yeni AZƏRBAYCAN”ın suallarını cavablandırmışdır. İraqlı yazar soydaşlarımızla müsahibəni DGTYB.ORG oxucularına təqdim edirik:

 - İstərdim, öncə Azərbaycan – İraq mədəni əlaqələri, bu əlaqələrin yaxın tarixi, bugünü və sabahı barədə fikirlərinizi bölüşəsiniz.


Dr. Mustafa Ziya:
Münasibətlərimizin tarixi öz yerində, biz Azərbaycanı 1960-cı ildən sonra yenidən tanımış olduq. O zaman Azərbaycandan İraqa ədəbi kitablar və əsərlər gəlirdi. Biz də o kitabları böyük bir sevgi və sayğı ilə oxuyurduq. Baxdıq ki, bizim ədəbiyyatla Azərbaycan ədəbiyyatı demək olar, eynidi, heç fərqi yoxdur. Sonradan da tarixi oxuyanda gördük ki, Kərkük və Azərbaycan mədəni və ictimai əlaqələri 200 il Türkmənçay müqaviləsinə qədər eyni idi, amma ondan sonra bir qırıqlıq oldu.  1960-cı ildən sonra da yenidən əlaqələr bərpa olunmağa başladı. Bizim Azərbaycanla mədəni əlaqələrimiz elə kitablar vasitəsilə başladı. Bizim Bağdadda “Qardaşlıq” dərgimiz var idi və dərgidə hörmətli Rəsul Rzanın məqalələri çıxdı. Ustad şair 1961-ci ildə “Uzaq ellərin yaxın töhfələri” adında bir qisim məqalələr yazdı . Bunlar da inkişafa bir az da olsa dəstək olurdu. Sonra əziz qardaşımız professor Qəzənfər Paşayev İraqda demək olar ki, 6 il yaşadı. Bizim ədəbiyyatımızı, folklorumuzu, ictimai həyatımızı “6 il Dəclə və Fərat sahillərində” kitabında tanıtdı. Belə hesab edirəm ki, Azərbaycanda Kərkükü əsasən elə bu kitab vasitəsilə öyrəniblər.



Dr. Şəmsəddin Kuzəçi:
Azərbaycan-İraq mədəni əlaqələri xüsusunda danışarkən öncə onu vurğulamaq istərdim ki, bu əlaqələr... təməlində əlaqələr şəklində deyil, bir bütövün daxilində baş verən proses şəklində olub. Böyük dövlət və siyasi xadim Heydər Əliyevin sözlərini xatırlatmaq istərdim: “Mən tarixi araşdıranda gördüm ki, Quzey Azərbaycan da, Güney Azərbaycan da, Kərkük də bir bütövün parçalarıdır.” – Bax, bu anlamda, siz “bu əlaqələrin yaxın tarixi”  deməkdə çox haqlısız. Bu, həm də onu sübut edir ki, bütöv olan, uzun müddət vahid olan milli-mədəni məkan, mühit  zamanınla parçalanıb, araya sınırlarla, necə deyərlər, tikanlı məftillərlə qorunan ideoloji-siyasi fərqliliklər girib, artıq əlaqələr qurmaq ehtiyacı yaranıb, əlaqələr  gerçəklikdən könüllərə, varaqlara köçüb... Qısa kəsmək istərdim, Mustafa bəy dedi, bir də XX yüzilin 60-cı illərində İraq-Azərbaycan ədəbi-mədəni əlaqələrində yeni səhifəaçlmağa başlamışdır. Bu əlaqələrin memarlarının ruhu şad olsun, hələ də bu işə öz töhfələrini verənlərə isə könül dolusu təşəkkürlər, əfəndim.




Fövzi Əkrəm Tərzioğlu:
Arkadaşlarımın dediklərinə qatılıram. Sizlər də sağ olun, bu sualı verirsiz – deməli, oxucularınızın, Azərbaycan ictimai fikrinin bu və bu kimi sualların cavablarını bilmək tələbatı var, başqa sözlə, mövzu ictimaiyyət üçün maraq kəsb edir yaxud sizlər belə düşünürsünüz. – Bunlar çox xoşdur. Bəlliolduğu kumu, mən Bakıda təqribən ayyarım öncə də olmuş, mətbuatın bu səpkili suallarını cavablandırmışdım.
Mədəni, ədəbi əlaqələr baxımından İraqla Azərbaycanın çox yaxşı təcrübəyə, deyə bilərəm, yaxşı da perspektivi malik olduğunu deyə bilərəm. Daimi olaraq dostluğumuzu və qardaşlığımızı davam etdirməyə çalışırıq. İştirakçısı olduğumuz proqramın “Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi” adlandırılması da, proqram çərçivəsində gerçəklən fəaliyyətlər də, hesab edirəm, dediyimiz bu gözəlliyin sübutu, təsdiqidir.
- Siz hər üçünüz şairsiz, ədəbiyyatçısız, bilmək istərdim, Azərbaycan ədəbiyyatı ilə nə qədər tanışsız, kimləri oxumusuz, tədqiq etmisiz, təbliğ etmisiz?
Dr. M.Ziya:
Mənim Azərbaycan ədəbiyyatı ilə tanışlığım Məhəmməd Hüseyn Şəhriyarın  “Heydərbabaya salam” poeması ilə başlayır. Bizim İraqdakı şairlər də bu şeirə 15-ə yaxın nəzirə yazdılar. Nə zamanki Quzey Azərbaycan və onun ədəbiyyatı ilə də tanışmaq fürsətimiz oldu, Səməd Vurğunu, Rəsul Rzanı tanıdıq, Kərkükdə onların şeirləri üzərinə bəstələnmiş mahnıları səslənməyə başladı. Qədim dövrlərə baxdıqda isə görürük ki, ədəbiyyatlarımız eynidi. Elə Nəsimi və Füzulinin adını çəksək bəs edər. Həm də onların yazı dili elə Kərkük yazı dili deməkdir. Unutmamaq lazımdır ki, 1970-ci illərdə dr. Əbdüllətif Bəndəroğlu Azərbaycana gəlirdi və əlaqələrin genişlənməsində onun çox böyük rolu olmuşdu. 1988-ci ildə Azərbaycandan Bağdada çox böyük  bir heyət gəldi və mən də bu heyətlə təmaslarda bulundum. O zaman çox böyük şairlər gəlmişdi və bir sıra yaddaqalan tədbirlər də düzənləndi. Rəhmətlik Nəbi Xəzri də gəlmişdi, onun bir şeir məclisində dediyi şeirlər xatirimdədir. 1994-cü ildə isə daha böyük bir heyət gəldi Bağdada – Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və başqa ünlü şairlər də var idi bu heyətin tərkibində. Bunların da nəticəsində Azərbaycan-İraq mədəni əlaqələri daha da inkişaf etməyə başladı.
Azərbayca ədəbiyyatını biz çox yaxından oxuyub öyrənməyə çalışırıq, çünki bu bizim öz ədəbiyyatımızdır. Mən dr. Bəndəroğlu ilə birlikdə müqayisəli ədəbiyyat kitabı hazırlamışdım. O kitabda xoryatlarla bayatıları tədqiq etmiş, oxşar, fərqli cəhətləri araşdırmağa çalışmışıq.
Sonradan da bizim əlaqələrimiz səfərlərlə davam etdirildi. Çağdaş İraq Türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatına çox yaxındı. İnanıram ki, Azərbaycanda da bizim xoryatları, bayatıları tədqiq edənlər oldu. Bilirsiz, biz 2001-ci ildə, professor Qəzənfər Paşayevlə Bakıda Nizami adına Ədəbiyyat Muzeyində İraq Türkman Ədəbiyyat Muzeyi açdıq. Muzeydə İraq türkmanlarının, özəlliklə, Kərkükün mədəniyyəti, folklor örnəkləri əyani vəsaitlər, nəşrlər və s. ilə orda sərgiləndi. Biz bu gün də çalışırıq bütün uyğunprofilli yığıncaqlara qatılaq və mədəni əlaqələrin inkişafında bir qatqımız olsun.
F.Ə.Tərzioğlu: Təbii, Azərbaycan ədəbiyyatı ilə hər zaman yaxından tanış olmağa çalışmışıq – istər klassik ədəbiyyat – hansı ki, o əsasən ortaq ədəbiyyatımızdır, istərsə də çağdaş dövrdən yetərincə bilgim var. Bilirsiz, mən bir neçə il, mərkəzi Bakıda olan Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) İraq təmsilçisi olmuşam, hazırda da fəxri üzvüyəm, üstəlik, mən də, dr. Kuzəçi də, dr. Ziya da Azərbaycan Yazıçılar Birliyinin üzvləriyik – bu üzvlüklər də bizim Azərbaycan ədəbiyyatında baş verən hadisələrdən bilgili olmağımızı şərtləndirir, tələb edir. Davamlı burdan əldə edə bildiyim, habelə Bağdadda çap olunan qəzet və jurnallardan, xüsusən də “Birlik səsi” jurnalından oxuduqlarımızı qeyd edə bilərəm.
Dr. Ş.Kuzəçi: Fövzi qardaşım dedi, mən də bu mövzuda bir xeyli şanslıyam. Daha 2000-ci ildən – DGTYB başqanının I müavini seçiləndən bəri davamlı olaraq Azərbaycan Respublikasına gəlib-gedirəm. Mənim şəxsi kitabxanamın böyük bir qismini Azərbaycanla bağlı nəşrlər, Azərbaycan şair və yazıçılarının əsərləri tutur və onlar mənim üçün çox əzizdir. Bir də türk dünyası ünvanlı festivallara qatılırıq, Azərbaycan yazarları, alimləri ilə orada da, habelə internet ortamında da tanış oluruq. Təbii, bunların da toxunduğunuz mövzuya, əlaqələrin möhkəmlənməsinə, fikir və bilgi alış-verişinə özünəməxsus qatqısı olur.
Məmnuniyyətlə deməliyəm, bizim hər üçümüzün üzdəolan Azərbaycan yazarlarının bir çoxu ilə dostluğumuz mövcuddur.
-İndi Kərkükdə bizim çağdaş Azərbaycan yazıçı və şairlərindən kimləri oxuyurlar, yaxud oxumaq istəyirlər?
Dr. M.Ziya:
Doğrusu, mən bizdə çağdaş şairlərdən daha çox XX yüzilliyin əvvəllərində, eləcə də 1960, 70-ci illərdə ədəbiyyata gəlmiş şair və yazıçıların oxunduğuna tanıq olmuşam. Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və başqalarının da adını çəkə bilərərm və bizdə daha çox bunları oxuyurlar. Amma Kərkükdə yeni yazarlarla o qədər də yaxından tanış deyillər.
F.Ə.Tərzioğlu: İraqda Azərbaycan Respublikasında yaşayıb-yaradan şair və yazıçıları, buranın ədəbi mühitini geniş şəkildə ilk tanıdan “Altı il Dəclə- Fərat sahilində” kitabının müəllifi Qəzənfər Paşayev olub. Rəsul Rza, Qasım Qasımzadə, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Vaqif Arzumanlı imzaları ilə tanışmışıq. Yeni dönəmdən Əkbər Qoşalını, Rəsmiyyə Sabiri, Aygün Həsənoğlunu, Həyat Şəmini deyə bilərəm, sonra …Daha sonra Türk Dünyası ədəbiyyatı və sırf folklorla əlaqəli çox sayda dostlarım var burda və hər zaman əlaqə saxlayırıq. Mədəni və ədəbi əlaqələri genişləndirmək üçün hər kim əlini daşın altına qoyursa, onları salamlayıram. Örnəyi, Zərnişan Azayeva və AzTV-nin “Turan” proqramının yaradıcı heyətini sizin səhifələrdən də sayğı ilə salamlamaq istərdim.
Dr. Ş.Kuzəçi: Vallah, bu elə mövzudur, mən burada oxucu, müşahidəçi yox, məsuliyyət daşıyan şəxs durumundayam. – Doğrudur, bu məsuliyyət ictimai, könüllü məsuliyyətdir, ancaq yenə də məsuliyyətdir. Sizə deyim, DGTYB-nin İraq təmsilçiliyinin xətti ilə ötən illərdə müəyyən işlər görmüşük, ancaq etiraf etmək gərəkirsə, bu işlər daha çox İraq Türkman yazarlarının tanıdılması, istedadların üzə çıxarılması, onlara dəstək durulması yönündə olub. Hesab etmişik ki, buna öncəlik tanınmasına ehtiyac var. Çünki türkmanların Türk Dünyasından, özəlliklə də Türkiyədən, Azərbaycandan gözləntiləri çoxdur. Ancaq artıq zaman yetişib ki, Azərbaycan yazarlasrını, onların əsərlərini istər ərəb dilində, istərsə də İraq Türkman ağzı ilə İraqda nəşr edək, buradan şair və yazıçıları Kərkükə dəvət edək, orada festivallar, simpoziumlar düzənləyək. Bu o demək deyil ki, indiyədək bu istiqamətdə heç bir iş görülməyib. – Görülüb, təbii – qəzetlərdə, dərgilərdə, sitələrdə müxtəlif nəsillərə mənsub Azərbaycan yazarlarının yaradıcılıq örnəklərini vermişik, İraq Gənclər-İdman Nazirliyinin dəstəyi ilə Kərbalada Füzuli simpoziumu düzənləmişik.
Onu da deyim ki, biz DGTYB xətti ilə ərəbdilli oxucular üçün “Çağdaş Azərbaycan şeir antolojisi” nəşr etməyi düşünürdük, artıq xalq yazıçısı ANAR da bu işə öz olumlu münasibətini bildirib. Bu həm İraq üzərindən ərəb ölkələrində, həm də ərəb əlifbası və ərəb dili ilə yazıb-oxuyan türkman oxucuları üçün maraqlı olacaq, deyə düşünürük. ən yaxın planlardan biri olaraq bu antolojinin hazırlanmasını, çap olunmasını istəyirik.
-Oxumaqdan, təbliğ etməkdən söz düşmüşkən, bəs sizin özünüzün burda getdiyiniz ünvanlar içində kitab dükanları da vardımı, Bakıdan hansı kitablarla gedirsiz?
Dr. M.Ziya:
Mən hələ vaxt tapıb gedə bilməmişəm, amma keçən dəfə Azərbaycana gəldiyimdə kitab dükanına gedib xeyli sayda maraqlı kitablar almışdım. Kitab demişkən, sizə bir fakt deyim, Səddam zamanında Türkiyədən İraqa kitab aparmaq cinayət sayılırdı, amma Azər¬baycan ilə belə bir problem yaşanmırdı. Bunun bizə həmin illərdə, Azərbaycan ədəbiyyatı ilə tanışlığımız üçün çox böyük təsiri oldu.
Dr. Ş.Kuzəçi: Proqram çox sıx olduğundan bugünədək kitab dükanına gedə bilməmişəm. Kitab dükanına elə 5-10 dəqiqəlik girib-çıxmaq istəmirəm, doğrusu, gərək əməlli-başlı zaman olsun. İnşallah istirahət günü bu işlə məşğul olacağam. 
F.Ə.Tərzioğlu: Mən kitab yükümü keçən səfərimdə tutmuşam. Bu səfərimdən də kitabsız dönmərik, inşallah. Artıq bir neçə yazar öz kitabını hədiyyə edib, özümün də almaq istədiyim kitablar var.
Ümumiyyətcə kitab mənim üçün ayrı bir aləmdir. Ovqatımın ən sarsıntılı zamanlarında kitab oxumaqla təsəlli tapıram. Sarsıntı da... İraqda tapılmayacaq mal deyil.
- Siz Xocavənddə - Qarabağda, Tovuzda – ön cəbhədə, eləcə də Qubada – toplu soyqırım məzar¬lığında ziyarətdə bulundunuz. Bilmək istərdim, Sizin yaradıcılığınızda Azərbaycanın yaşadığı üzüntülər, Qarabağ mövzusu necə bir yerə sahibdir yaxud Siz bu barədə düşünürsünüzmü?
Dr. M.Ziya: Mənim bütün şeirlərimdə Kərkük var, Qarabağ var, Türk Dünyasının birliyi sevdası var. Bütün Türk Dünyasının ağrı-acıları var şeirlərimdə. Azərbaycanın çəkdiyi bütün problem və sıxıntılar elə  bizim də ağrı-acılarımızdır. Mən Bakını görmədən “Bakı gözəl¬ləməsi”ni yazdım. O şeiri Nəbi Xəzri Kərkükə gələndə oxudum və onun da xoş sözlərini eşitdim.
Dr. Ş.Kuzəçi: Bizim yaradıcılığımız başdan-başa Vətən, Azərbaycan, Türk Dünyası, şəhid, torpaq, bayraq üzərinə deyilmi? Sizə Kərküklü şair Sami Yusuf Tütünçünün bir dördlüyünü demək istəyirəm – elə bilirəm, sualınıza poetik cavab olar:
Qürbət atəşdi, qardaş,
Həsrət yoldaşdı, qardaş,
Demə gözdən iraqam,
Qardaşdı qardaşdı, qardaş.

F.Ə.Tərzioğlu: Xoşbəxtəm ki, mən də Azərbaycanı, Bakını görmədən 1001 beytdən oluşan “Azərbaycan dastanı” adlı poema yazmışdım və o da 2001-ci ildə Bakıda işıq üzü görüb. İndi millət vəkili Qənirə Paşayeva o kitabı yenidən nəşr etdirməyi təklif etdi, sağ olsunlar. Əlbəttə, Azərbaycanın dərdi-dərdimiz, sevinci-sevincimizdir, başqa cür ola da bilməz. Tanrı Azərbaycanı ucaltsın! 
- Xocəvənddə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Qarabağ (Azərbaycan) – Kərkük (İraq) Dayanışma Platformu elan olundu. Sizin bu platformda nə kimi yeriniz və nə kimi qatqılarınız olacaq?
Dr. M.Ziya:
Bu platform içində ilk öncə müştərək işləməmiz, ilk işlərdən biri olaraq  Azərbaycan – Kərkük, ya da Qarabağ – Kərkük adında kitab nəşr etməyimiz lazım olacaq. Çünki həm Qarabağ, həm də Kərkük bir-birinə bənzər bir sıra soyqırımlar yaşadılar. Hər ikisini ədəbi və tarixi məsələlər də birləşdirir. Bunların hamısı bir kitab şəklində insanlara təqdim olunmalıdır. Ondan sonra ikinci bir toplantı isə Kərkükdə olmalıdır. Biz burda ermənilərin etdiklərini toplayıb kitablar hazırlamaq istəyirik, əsas bilgilər əlimizdə olandan sonra hər şeyi yaza bilərik və tanıda bilərik. Ərəb dilində hazırlamaq istəyimiz ondan irəli gəlir ki, kitabı İraqda hər kəsə paylayaq, qoy ərəblər də, digər xalqlar da bu soyqırım və vəhşiliklərdən xəbərdar olsunlar. Bütün islam ölkələrinə də bilgilər verməyimiz mütləqdi.
Bu platform daxilində edəcəyimiz işlərdə müştərək çox şeylər var. Dediyim kimi qarşılıqlı əlaqələrin davamlı xarakter almasını istərdim. Həmçinin şəhid ailələri arasında başların olmasını, görüşlərin olmasını uyğun bilərdim, qoy hər iki tərəf bir-birinin yaşadıqlarını duysun. Bu şəkildə bir qaynaşma olsa bütün dünyaya səs salar və yaşadıqlarımızı göstərə bilərik. Bizim üzərimizə çox böyük işlər düşür. Bu platform çox mühüm bir əhəmiyyətə malik olacaq.
Əlaqələrimiz bir gündə möhkəmlənə, inkişaf edə bilməz və bunun üçün müəyyən zamana ehtiyac var. Amma bir işıq yeri varsa biz onun arxasınca getməyə hazırıq. Bizim əlaqələrimiz üzərindən problemlərimizi bütün dünyaya çıxmaq və tanıtmaq lazımdı. Daima da yığıncaqlar olmalıdır ki, bizim gücümüzün olduğunu görsünlər və anlasınlar ki, biz kimik. İnşallah, haqq hər zaman öz yerini tapacaq.
Dr. Ş.Kuzəçi: Bu platform daha öncəki işlərin təhlili, qarşıda duran vəzifələrin sistemləş¬di¬ril¬məsi, konkret proqram əsasında çalışma və professionalca yanaşma ilə uğur qazancaq. Inşallah, ümidlərimiz böyükdü, görüləcək işlər, gediləcək yol barədə də fikir və düşüncələrimiz var.
F.Ə.Tərzioğlu:Bu, bir ictimai təsisatdır, lakin adından da göründüyü kimi daha çox beynəlxalq hüquq, eləcə də unitar dövlət, ölkələrin suveren hüquqları kimi an¬layışlar, bu anlayışlardan irəli gələn mövzular, fəaliyyətlər zaman-zaman ön plana çıxacaq. Mən də çox ümidvaram ki, istər Azərbaycan, istərsə də İraq tərəfindən Platformda yer alan qurumlar, şəxslər üzərlərinə götürdükləri vəzifələrin fərqində olacaq.
-Siz öz əsərlərinizdə daha çox nələri qabardırsız? Hansı problemlər, hadisəlır sizə təsir edir ki, qələmə sarıla bilirsiz ?
Dr. M.Ziya: Şeirlərimdə daha çox sevgidən yazıram. Amma bu sevgi ancaq bir istiqamətdə deyil. Bura həm insana, dosta, yara və təbii ki, Vətənə aid olan sevgi şeirləri daxildir. Həm əruz, həm də heca vəznində yazıram. Bir qələm adamı olaraq, türkün tarixdə yaşadığı soyqırım və qətliamlara biganə deyiləm və ürək hökm edincə qələmə sarılıram.
F.Ə.Tərzioğlu:Ədəbiyyatda, şeir-sənətdə ayrı bir ləzzət, ayrı bir dad var, o dadı-tamı başqa  heç bir yerdə bula bilməzsən. Sizə bir söz deyim, mən iki çağırış İraq parlamentinin üzvü olmuşam, indi mənə “keçmiş millət vəkili” deyilir, ancaq heç zaman “keçmiş şair” deyilməyəcək... Ədəbiyyat daim mənimlə, mən də ədəbiyyatlayam...  Daimi olanda isə elə daimi, qalıcı mövzulara üz tutmalısan. Doktor Ziya demiş - insana, dosta, yara və təbii ki, Vətənə olan sevgiyə... Bunlarla yanaşı, bizim tarixi problemlələrimiz var, torpaqlarımız işğal olunur, kimliyimiz itir və buna bənzər problemlər də yansıyır şeirlərimdə, bunları şeirlərimin döyünən ürəyinə çevirmək mənim, qələmimin, ilhamımın görəvidir.
-Mustafa bəy, Siz hazırda Türkiyədə yaşayırsınız. Maraqlıdır, Türkiyədən baxınca İraq və Azərbaycan münasibətləri necə görünür?
Dr. M.Ziya: Türkiyədə bizim çox sayda dostlarımız var, amma Kərküklə Azərbaycan əlaqələrinin belə dərin olduğunu bilmirlər. Bizim kökümüzün, dinimizin, dilimizin eyni olduğunu da bilməyənlər var. Azərbaycan ruhən, dil, adət-ənənə baxımından Kərkükə daha yaxındır, amma Türkiyədə də qar¬daşlarımız, qohumlarımız var, ortaq tariximiz var, böyük sevgimiz var bu ölkəyə. Azərbaycana gələndən sonra isə buranın da vətənimiz ol¬duğunu dərindən anladıq. Biz, doğrudan da bir bütövün parçalarıyıq.
- Bəs İraqdan Azərbaycan necə görünür. Siz şəxsən necə gördünüz Azərbaycanı, burda olarkən Sizdə hansı təəssüratlar oyanır?
F.Ə.Tərzioğlu:Mən parlament əlaqələrinə toxunmaq istərdim. Biz – şəxsən mən və həmfikirlərim, soydaşlarım, dostlarım Azərbaycanın maraqlarını istər İraq parlamentində, istərsə də Ərəb ölkələri Liqasında müdafiə etməyə çalışmışıq, gücümüz çatan qədər bundan sonra da bu işi davam etdirəcəyik.
Bilirsiz, biz keçən dəfə böyük bir heyətlə Bakıya rəsmi səfərə gəlmişdik. O səfər öz meyvələrini verməyə başlayır, deyə bilərəm. İndi bizim İraq parlamentində yeni İraq-Azərbaycan parlamentlərarası münasibətləri qurulur. İraqda ( Bağdadda) Azərbaycan böyükelçiliyinin olmasını çox istəyir və buna ümid edirik.
Eləcə də, xüsusi bir uçaq reysi açılacaq, inşallah: Nəcəf-Bakı, Bakı –Nəcəf..! Bu da həm iqtisadi-siyasi, həm də ictimai-mədəni əlaqələrin genişlənməsinə yol açacaq. Xüsusən də turizm, din turizmi inkişaf edəcək.
Sualınız çoxplanlı oldu, Sizə özümün yazdığım bir xoyratı demək istəyirəm:
Mən Tuzda yaşırsam da
Qulaq, ruhum səndədi
Bir Azər cocuğu ağlasa
bilərəm mən.

Dr. Ş.Kuzəçi: Deməliyəm ki, İraq xalqının, təbii, özəlliklə türkmanların ürəyində Azrəbaycanın özəl bir yeri, sevgisi-sayğısı var. Mən artıq vurğuladığım ki, Azərbaycana öncələr də səfər etmişəm, amma indi tam ayrı bir görünüş var, inkişafın ayrı bir şəkillənməsi var Bakıda, Azərbaycanda. Paytaxtınız, respublikanız çox inkişaf edib və hər yanda yeni binalar, yeni  tikililər, körpülər, yol qovşaqları, xiyabanlar, parklar göz oxşayır. Dövlət Bayraq Meydanını ayrıca qeyd etməliyəm. Bax, bütün bunlar bir İraq vətəndaşının gördüyü, ancaq özündə saxlamayıb, bölüşmək istədiyi gözəlliklərdir. Biz Azərbaycanı görürük, özümüzlə - ürəyimizdə götürürük, öyrənirik, öyrətməyə çalışırıq.
Dr. M.Ziya: Mən burda özümü evimdəki kimi hiss edirəm və elə bilirəm ki, elə neçə illər imiş mən burda yaşamışam. Hər kəs mənim dilimdə danışır, hər kəs məni başa düşür. Bizim dilimiz hər zaman bir olub və olacaq da. Bura birinci, ya ikinci vətəndi – orasını bilmirəm, amma bizim olduğumuz bütün torpaqlar vətən sayılır. Vətənin də nə birincisi, nə ikincisi – Vətən elə Vətəndi..!
-Azərbaycan oxucusuna, öz soydaşlarınıza sön sözünüz nə olardı?
Dr. M.Ziya:
Onu deyim ki, Azərbaycanlılar öz muğamları ilə bütün dünyada məhşurdur və yöndə olan çalışmalarını daha dərinləşdirsinlər. Dünya da Azərbaycan ədəbiyyatının gücünü duymalıdı və bunun üçün də çoz səy göstərmək, çalışmaq lazımdı.
F.Ə.Tərzioğlu: Oxuculara son sözüm… Təkrarçılıq olacaq, bəlkə - Bakıya ötən səfərim zamanı mətbuata verdiyim müsahibədə də bənzəri sual olmuşdu, qüsura baxmasanız həmin cavabı yenidən demək istərdim: istərdim, oxucular çox oxusunlar, yazarlar isə oxucuların onlardan nə gözlədiyini, örnəyi, bir Kərküklü soydaşının ondan nə gözlədiyini idrak etsin…
F.Ə.Tərzioğlu: Rəhmətlik Cabir Novruzun bir sözü ilə cavab vermək istərdim: “Sevin Azərbaycanı, Azərbaycanı sevin!”

"Yeni AZƏRBAYCAN" qəzeti/19.06.2012/səhifə 6