TURAN CURT
(TURAN YURD)*

Tutturbayın çorza çorza
Turqun atka kireberdim
Turbas attan munub alğaş
Turan curtğa kireberdim

Eh he e Eh he e Eh he e Eh heh hey
Eh he e Eh he e Eh he e Eh heh hey

Altırbayın çorza çorza
Alqan atğa kireberdim
Akbas attan munub alğaş
«Altay curt ka» kirelinler

Eh he e Eh he e Eh he e Eh heh hey
Eh he e Eh he e Eh he e Eh heh hey


Dayın çayı kirelinler
Curtun bodur turan turan
Turanımçe baralincer.

*-Dunya Türk Gəncləri Birliyi Qurultaylarında oxunan (ortaq türkcədə yazılmış) Turan nəğməsi

DÜNƏNDƏN SABAHA

Ədəbiyyat, Söz sənəti Türk xalqlarının tarixində önəmli mövqeyə sahibdir. Bizlər düşünncəmizin, tariximizin dərin qatlarına ədəbiyyatla, söz sənəti vasitəsilə enirik; “birlik ömrümüz”ü, dövlətçiliyimizin tarixini bir çox hallarda mədəniyyət, dil-ədəbiyyat hadisələrinə, qaynaqlarına istinadən öyrənirik. Ergenokon, Boz Qurd, Şamanizim, Orxon – Yenisey, Gül-Tikin, Tanrıdağ, Dədə Qorqud, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Türk Mədəni İnqilabı … eləcə də Kərkük, Təbriz, Savalan, Göyçə, Borçalı adları, ünvanları şeir-sənət kimi gəlir adama... Batmanla gələn dərd də, ilahilər, türkülər də eləcə… Bəs Altay uzaqlığı, Sibir həsrəti, Türküstanın səhra sarlığı, Turan ovalıqları, Ərbilə gedən boz yollar, Dəmirqapı Dərbəndin yaşıl haləsi, gözəl Kırım, Qara Dəniz ləpədöyəni, Köstəncədə Sarı Saltuq Baba məqbərəsi, Odlar Yurdunda “zəncirini qıran Xəzər” necə?!.
Söz hər şeydən öncə və hər şeydən sonradır! Ömür yolumuz “Ol”dan başlayıb “Öl”də qurtarırsa, qoyub getdiyimiz ömür davamlıdır, Söz ömrü qalıcıdır! Yollar mütləq anlamda qurtarmır, dəyişir... Yeni başlayır.

***

Yollar – qurtarmayan yollar XX yüz ilin 97-ci ilində türk gəncliyini dörd bir tərəfdən Bakıya gətirib çıxardı: Zuğulbada Türk Dünyası Gənc Başqanlar Toplantısı keçirilirdi. Türkün üfüqügenişliyindən irəli gələn bir tövürlə az qala bütün dünyanın dərdinə-sərinə toxunan, dartışan, dəyərləndirmə aparan Anadolulara, Kazanlılara, Quzey Qafqazlılara, Türküstanlılara, Balkanlılara... qulaq asdıq və “son oturum konuşması”nda Türk soyunun əziz övladlarına üz tutub “gəlin, türk ədəbi gəncliyini bir araya gətirəlim” dedik. Ədəbiyyatın, mədəniyyətin türk xalqlarının tarixində oynadığı rol bəlli. – “Əvət” dedilər və illər öncə bu yolu başlayanlara “rəhmət” duası dilimizdə YOLa çıxdıq. Və gün gəldi - 1998-ci ilin mayısında, bir sonrakı “Başqanlar Toplantısı” üçün “Türk Ocaqları”nın ev sahibliyi ilə Ankaraya yığışdıq. Tatarıstan Gənclərinin Azadlıq Təşkilatının Başqanı, Dünya Türk Gəncləri Birliyinin (DTGB) yaradıcısı Talqat Əhmədişin söylədi ki, Birliyin həyatında yeni aşama başlamalıdır. Tanışlıqlar, qarşılıqlı həsrət nidaları, xoşgörülər yaxşıdı …və artıq yetərlidir. Təklif aktuallaşdı: müxtəlif ixtisas sahələri üzrə, peşə və sənət istiqamətləri üzrə çoxtərəfli əməkdaşlıq şəbəkəsi qurulmalı, türk gəncliyinin birliyi ideyası mücərrədlilikdən çıxıb, əməli müstəvi üzərinə keçməli, bunun üçün özək, “alt yapı” yaradılmalıdır.
İlk qərar ədəbi gənclik ünvanlı oldu. Qabağa yenə qələm əhli düşdü. Türk ədəbi gəncliyini bir arada tutacaq təməl prinsipləri, təşkilatın quruluşunu düzüb-qoşmaq, gənc türk yazarlarının I konfransını araya - ərsəyə gətirmək kimi görəvləri yerinə gətirmək üçün Təşkilat Komitəsi yaratdıq.

***

1998-ci ilin sentyabrı! Qazaxıstan Cümhuriyyəti, Türküstan şəhəri! Əhmıd Yasəvi yurdunda – bu azman türk böyüyünün adını daşıyan (və üstündə ruhu dolaşan) Qazax-Türk Universitetində VIII Türk Dünyası Gənclik Günləri və Qurultayı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyinə (DGTYB) xeyir-dua verildi. Birliyin Mərkəzi idarəetmə orqanının Çeboksarıda (Çuvaşıstan), Türküstanda, Alma-Atıda (Qazaxıstan) yerləşməsi ilə bağlı təkliflər səslənsə də son söz “Bakı!” oldu. Belə bir qərarın qəbulunda Azərbaycanın Türk Dünyası coğrafiyasında tutduğu yer, dövlətin mədəniyyətə, gənclərə xüsusi münasibəti faktı, gənclər siyasətini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanının mövcudluğu və b. amillər də təsirsiz olmadı yəqin.
DGTYB-nin I rəhbər heyəti: Ə.Qoşalı (Azərbaycan) – başqan, Vilyam Molotov (Qazaxıstan uyğurları) – I müavin, Petri Yalınçı (Qaqauz Yeri) – müavin, Fəridə Butayeva (Özbəkistan) – müavin, Raisa Sarbi (Çuvaşıstan) – baş katib olaraq bəlirləndi.
Türk ədəbi gəncliyini bir araya gətirmək; sağ duyulu, ağ fikirli gəncliyi, yeni təfəkkürü çağdaş türk birliyinin mədəni-ideoloji alt yapısının formalaşması prosesinə yönəltmək; Ədəbiyyatda Turançılıq ideyalarını yaymaq; dolu ədəbi irsimizi zərərli yad axınlara qarşı milli immunitetə çevirmək; bütöv millət, bütöv məkan miqyasına yönələrkən dünyadakı bütün gözəlliklərin də bizə dəxli olduğunu qəbul etməyi, digər millətlərin mədəni-ədəbi hadisələrinə sayğıyla yanaşmağı təmin edən “altun arna”nı tapmaq; zamanüstü, məkanüstü ruhi məqamları Sözə çəkmək; gəncliyin ciddi yaradıcılıq örnəklərini ümumtürk ədəbiyyatı və sənətinin məhsuluna çevirmək bizim yönümüzü, görəvlərimizi ifadə etməkdəydi.
Bizim üçün əsərin formasından daha ziyadə, ideyası (ruhu!) önəm daşıyır (Şübhəsiz, qutsal dəyərlərdən məhz elə qutsal sənət dəyərlərinə söykənərək yazılmalıdır). Ortaq türk ədəbi-mədəni abidələri, ümumtürk intibahının klassikləri bizim üz tutduğumuz ünvanlardır və biz keçmişə ehkamçılıqla, gələcəyə kortəbii inqilabla getməyin tərəfdarı deyilik.
XX yüzilin əvvəllərində türkçülük düşüncəsində baş vermiş hadisələr, meydana çıxmış sistemli fikirlər XXI yüzilin əvvəllərində də öz aktuallığını saxlayır. “Füyuzat” ədəbi məktəbinin, H.Cavidin, C.Cabbarlının, Ə.Cavadın, Ə. Hüseynzadənin, Z.Göyalpın, Ə.Ağaoğlunun, Y.Akçuranın, Çolpanın, N. Kamalın, M.Ə.Yurdakulun, Z.V.Toğanın, İ.Qaspıralının irsi bizim üçün əzizdir.
İnanırıq ki, “milli olmayan bəşəri ola bilməz” (Asif Ata).
(Biz Ədəbiyyatla “guyaədəbiyyat”ı qarışdıranlara qarşıyıq! Biz özünü Ədəbiyyatın yaxasına zorla sırıyanlara qarşıyıq!
DGTYB yarananda bu günkü bir çox ədəbi qurumlar (ədəbi qurum adına iddialılar) meydanda yox idi. Biz yaxşı bilirik ki, əgər bu gün ədəbi mühitdə müəyyən canlanma varsa, müəyyən ədəbi rəqabət ortamı mövcudsa onun ilk təməl daşını atanlardan biri də biz olmuşuq. Və bir çox hallarda bizi görməzdəngələrlərdən, içi kəsafət qoxuyanlardan fərqli olaraq biz təşkilat, cərəyan mənsubiyyətindən asılı olmayaraq harda bir işıqlı fikir, Ədəbiyyat adına həqiqi xidmət görürüksə onları dünən olduğu kimi bu gün də alqışlayır, öz nəşrlərimizdə onlara yer veririk!)
Biz yürüdüyümüz yolda artıq tamamilə yetkinləşmişik deyə düşünmürük, amma üz tutacağımız yön, yürüdüyümüz yol bəllidir. (Höte deyir: “İnsan xırda işlərlə məşğul olduqca özü də bilmədən xırdalanmağa başlayır, böyük işlərlə məşğul olduqca böyüyür”.)

***

1999-cu ildə Çuvaşıstanda IX Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirildi. DGTYB-nin artıq Azərbaycan dövləti tərəfindən hüquqi şəxs statusu verilərək (qeyd edək ki, DGTYB-nin dövlət qeydiyyatına alınması üçün müraciət məktubunu gənc yazarlardan Ə.Qoşalı, R.Sabir, İ.İlkin, A.Həsənoğlu, D. Osmanlı, Səhər, Xanəmir, G.Yoloğlu və başqaları imzalamışlar) uluslararası birlik kimi tanınması, gənc türk yazarlarının şeir, hekayə və publisistik yazılarının toplandıığı “Türkün səsi” antolojisinin ilk sayının təqdimi, habelə, çoxsaylı tədbirlərimizi əks etdirən KİV materialları və fotolardan ibarət sərginin təşkili, ...hesabat məruzəsi bir il öncə Qazaxıstanda verilmiş qərarın nə qədər doğru olduğunu bariz şəkildə göstərdi: Qurultay X Türk Dünyası Gənclik Günləri və Qurultayının Azərbaycanda keçirilməsinə qərar verib, DGTYB rəhbər heyətinin tərkibində bu şəkildə dəyişiklik etdi: Ə.Qoşalı (Azərbaycan), Albina Yuratu (Çuvaşıstan) – başqanın I müavin, Nurqali Jusufbay (Qazaxıstan) – müavin, Həyat Aras (Türkiyə) – müavin, Güllü Yoloğlu (Azərbaycan) – baş katib.
2000-ci ildə Bakı yenidən türk gəncliyini qoynuna aldı (Bundan öncə isə mayısda Rumıniyanın Köstəncə şəhərində növbəti Başqanlar Toplantısı olmuşdu). DTGB-nin X, yazarların III Qurultayı keçirildi. Hesabatlar, təqdimatlar, mükalimələr, mübahisələr, alqışlar, tənqidlər ... və davam: bu dəfə də yeni qüvvələrin rəhbərliyə gətirilməsi ilə - Ə.Qoşalı (Azərbaycan), Şəmsəddin Kuzəçi (Türkməneli) – başqanın I müavin, N.Yusufbəy (Qazaxıstan) – müavin, Cem Arslan (Türkiyə) – müavin, Aygün Həsənoğlu (Azərbaycan) – baş katib.
2004-cü ildə Rumıniyada keçirilən Qurultayda - Ə.Qoşalı (Azərbaycan) - başqan, Şəmsəddin Kuzəçi (Türkməneli) – başqanın I müavin, Ufuk Tuzman (Türkiyə) – müavin, Valeri Lukovitsev (Saxa) – müavin, Aygün Həsənoğlu (Azərbaycan) – baş katib seçilmişlər. İstanbulda keçirilən sonuncu Qurultayda təşkilati məsələyə baxan Qurultay yalnız Baş katib görəvinin daşıyıcısını dəyişərək Nərgiz Cabbarlını (Azərbaycan) – bu görəvə təsdiq etmişdir.
DGTYB üzvlərinin əksəriyyətinin artıq çoxdan etiraf olunmuş yaradıcılıq yolu, yaradıcılıq yönü var. Anar, S.Rüstəmxanlı, N.Həsənzadə, B. Nəbiyev, Q.Paşayev, M.İsmayıl, M.Aslan, Z.Yaqub, N.Cəfərov, V.Bayatlı, Y. Seyidov, A.Abdulla, V.İbrahimoğlu, Ç.Əlioğlu, S.Nəzərli, A.Əmrahoğlu, A.Tahirli, N. Ələkbərli, T.Əlişanoğlu, İ.Kayacan, N.Alimbekov, M.Ecevit, Y.Dəliöməroğlu, Safruh, S.Atalı, O.Ənvəroğlu və başqa hörmətli ədiblər, fikir adamları DGTYB mənsubları haqqında, ümumən DGTYB-nin fəaliyyəti barədə yüksək fikirlər səsləndirmişlər. Bizimkilərin yazıları, müsahibələri Türkiyədə, İraqda, Özbəkistanda, Tatarıstanda, Kıprısda, İsveçdə və b. ölkələrdə çap edilmiş, müxtəlif elektron dərgilərdə yayımlanmışdır. DGTYB fəallarının bir çoxu ayrı-ayrı vaxtlarda dövlət və qeyri-hökumət qurumlarının təsis etdiyi ədəbi mükafatlarla təltif edilmiş, nüfuzlu ədəbi müsabiqələrin qalibi olmuşlar.
Türkiyədən Ufuk Tuzman, Ənvər Uzun, İmdat Avşar, Sabit İncə, Arslan Bulut, Osman Baş, Zaim Gök, Alptəkin Cevhərli, Hikmət Ərən, Ahmet Coşğun, Cem Arslan, Arzu Altun, Gültən Ərtürk, Murat Fatih Ecevit, Kıprısdan Erhan Arıklı, Şirin Zəfəryıldızı, Fatma Aqilxoca, Fatma Midem, Türkmənelindən (İraq) Şəmsəddin Kuzəçi, Fövzi Əkrəm, Dilər Kasab, Murat Ziya, Rumıniyadan Amet Aledin, Ervin İbrahim, Gülşən İsmayıl, Məmiş Həyat, Bolqarıstandan Rafet Murat, Aziz Şakir, Tansel Mutlu, Kırımdan Seyran Süleyman, Tair Kərim, Qazaxıstandan Nurqali Jusufbay, Dosay Genjatay, Bekaris Şoybekov, Didar Şauyenov, Özbəkistandan Jabbar İşənkul, Boxtiyar Abdulkarim, Qaybulla Bobayarov, Qırğızıstandan Altınbek İsmayılov, Aybala Polat, Çuvaşıstandan Albina Yuratu, Raisa Sarbi, Svetlana Azamat, noğaylardan Zülfiyyə Temirbulatova, Qaqauz Yerindən Tudora Arnaut, Tatarıstandan Minurə Xalim, Rəşid Minhac, Rüstəm Sulti, Başqırdıstandan Gülnur Gülsarina, Timur Loğman, Sibirdən Püreqan Sibir, Altınay Junusova, Xakasiyadan Arslan Nerbışev, Yakutiyadan (Saxa) Valeri Lukovitsev, A.Krivoşapkin-Ayina, Arçıoğlu, Sargilana Mokroshupova kimi yaradıcı insanlar bizimlədir.
Birlik fəaliyyət göstərdiyi 10 il ərzində ən müxtəlif ədəbi hadisələrə, məsələlərə həsr olunmuş onlarla tədbir keçirmişdir. DGTYB-nin nəşri olan “Türkün səsi”nin artıq 8 sayı, “Turan yolu” toplusunun 1 sayı, “Altun bitig”in birinci basqısı işıq üzü görmüş, Türkiyədə isə müxtəlif adda 9 kitab oxucuların ixtiyarına verilmişdir. (Habelə “Ədalət” qəzetində “Turan” xüsusi buraxılışı (20 say) çap edilmişdir). Qarabağ probleminə həsr olunmuş məqalə müsabiqəsi (Ali məktəblərin tarix, filologiya və jurnalistika fakültələrində oxuyan tələbələr arasında keçirilmişdir) də yaddaqalan tədbirlərimizdən olmuşdur, 2008-ci ildən isə Gəncliyə Yardım Fondu ilə birlikdə fərqli yaş və fərqli üsluba mənsub şairlərin iştirakı ilə “Poeziya görüşü”nə start vermiş, ilk görüşdə Türkiyədə çıxan “Üz ağı” ədəbiyyat, fikir və sənət dərgisinin baş redaktoru, şair Mehmet Əli Eşməli və Məmməd Aslanın oxucularla görüşünü təşkil etmişik. Birliyin Türkiyə təmsilçiliyi iki dəfə Uluslararası Füzuli Şeir Yarışması təşkil etmiş, Ankarada Uluslararası Poeziya Axşamı keçirmişdir.
Birlik əksər türk dövlət, muxtar dövlət və topluluqlarında, o cümlədən Türkiyənin və Azərbaycanın bir neçə bölgəsində təşkilatlana bilmişdir. DGTYB Avropa Gənclər Forumunun (AGF) üzvü olan Respublika Gənclər Təşkilatları Milli Şurasının, habelə Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumunun, Dünya Türk Gəncləri Birliyinin aparıcı təşkilatlarından biri, tam hüquqlu üzvüdür. DGTYB Gənclər və İdman Nazirliyi, Atatürk Mərkəzi, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yazıçılar Birliyi və “Vektor”la əməkdaşlıq şəraitində bir sıra layihələr gerçəkləşdirmiş, kitablar nəşr etdirmişdir.
DGTYB seçkili orqanlarında təmsil olunan yazarlar (2005-2009):
İlqar İlkin - Məclis başqanı,
Nərgiz Cabbarlı - DGTYB baş katibi,
Rəsmiyyə Sabir - TK başqanı
Namiq Hacıheydərli – TK üzvü,
Aygün Həsənoğlu - Məclis üzvü,
Arzu Bayramlı - Məclis üzvü,
Rəvan Tohidoğlu - Məclis üzvü,
Hafiz Hacxalıl - Məclis üzvü,
Oktay Hacımusalı - Məclis üzvü,
Rövşən Məmmədli - Məclis üzvü
Qismət - Məclis üzvü

2009-cu ilin avqustunda Kırımda (Yalta- Oteldə) keçirilmiş VI Qurultayda seckili orqanlara seçilmiş yazarlar:

İlqar İlkin (Məclis), Rəsmiyyə Sabir(Məclis), Füzuli Sabiroğlu(Məclis), Ələmdar Cabbarlı(Məclis), Günay Dağlı(Məclis), Hafiz Hacxalıl(Məclis), Nərgiz Cabbarlı(Məclis), Rəvan Tohidoğlu(Məclis), Vasif Süleyman(Məclis), Namiq Hacıheydrli (Təftiş Komissiyası), Habil Yaşar(Təftiş Komissiyası), Tural İrfan (Təftiş Komissiyası).