DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİnin
NİZAMNAMƏSİ

(02.06.1999-cu ildə 1133 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasında dövlət qeydiyyatına alınıb. 
Əlavə və düzəlişlərin təsdiqi: 29.11.2004)

I. Ümumi müddəalar

1.1. Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) türk dövlət və topluluğunun hər hansı birinin dilində (türkcəsində) yazan gənc yazıçıların könüllü ictimai birliyidir;
1.2. DGTYB beynəlxalq ictimai birlik olaraq öz fəaliyyətini bu nizamnamə, beynəlxalq hüquq qaydaları və Azərbaycan Konstitusiyasına əsasən qurur;
1.3. DGTYB-nin baş qərargahı Bakı şəhərində yerləşir;
1.4. Birliyin müstəqil balansı, möhürü, ştampı, bankda hesabı və digər rekvizitləri var;
1.5. Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə edə, vəzifələr daşıya bilər.

II. Birliyin məqsəd və vəzifələri

- Birlik bütün türksoylu xalqlar arasınada ədəbi-mədəni ilişkilərin inkişafı və möhkəmləndirilməsi sahəsində çalışır;
- «Ortaq türk dili və əlifbası»nın formalaşdırılmasının perspektivini araşdırır, ortaq türk dəyərlərinin qorunmasına, aktuallaşmasına səy göstərir;
- Birlik peşəkar ədəbi fəaliyyətlə məşğul olan türk yazarlarının əsərlərinin digər dillərə tərcüməsini təşkil edir, onların mənafelərini müdafiə edir;
- Gənc türk yazarlarının toplantılarını, görüşlərini təşkil edib, keçirir;
- Ayrı-ayrı mədəniyyət və sənət birlikləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri qurur;
- Nəşr və tərcümə işi ilə məşğul olur, kitabxanalar qurur;
- Ədəbi ödüllər təsis edir, istedadlı gəncləri, türk mədəniyyəti qarşısında böyük xidmətləri olan fikir və söz adamlarını həmin ödüllərlə təltif edir.

III. DGTYB-nin əmlakı və maliyyə fəaliyyəti

3.1.Birliyin mülkiyyətində binalar, avadanlıqlar, nəqliyyat vasitələri, qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulan fəaliyyətin maddi təminatı üçün başqa əmlak növləri ola bilər;
3.2. Birliyin gəlirləri aşağıdakı mənbələrdən daxil olur:
- könüllü verilən ianələrdən;
- DGTYB-nin təsis etdiyi müəssisələrin təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən ayırmalardan;
- Sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan vəsaitdən;
- Nəşriyyat fəaliyyəti nəticəsində əldə olunan vəsaitdən;
- Qanunvericilikdə qadağan olunmamış digər gəlirlərdən;
3.3. Birlik öz fondlarını yaradır;
3.4. DGTYB hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənmir.

IV. Birliyə üzvlük

4.1.DGTYB-yə üzvlük fərdi qaydada aparılır;
4.2. Peşəkar ədəbi fəaliyyətlə məşğul olan, türk dövlət və topluluğunun hər hansı birinin dilində (türkcəsində) yazıb-yaradan gənclər DGTYB-nin üzvü ola bilər;
4.3.Üzvlüyə qəbul türk dövlət və topluluqlarında fəaliyyət göstərən nümayəndəliklərin təqdimatı ilə DGTYB-nin Məclisi tərəfindən aparılır;
4.4. Üzv olmaq istəyən gənc yazar təmsilçiliyə (təmsilçilik yoxdursa, birbaşa başqana) «Ərizə» verə bilər. Ərizə 1 ay ərzində cavablandırılır;
4.5. Türk ədəbiyyatı qarşısında xüsusi xidmətləri olan hər bir yazıçı birliyin fəxri üzvü seçilə bilər;
4.6. Üzvlərə üzvlük vəsiqəsi verilir;
4.7. Birlik üzvləri aşağıdakı hüquqlara malikdirlər:
- bu nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada DGTYB-nin idarəçiliyində, təmsilçiliyində və cari fəaliyyətində iştirak etmək;
- birliyin xətti ilə keçirilən tədbirlərdə iştirak etmək;
- DGTYB seçkili orqanlarının fəaliyyəti barəsində məlumat almaq;
- Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün DGTYB rəhbərliyinə müraciət etmək;
- Birlik üzvü yalnız rəhbər orqanlar tərəfindən səlahiyyət aldıqda DGTYB adından çıxış edə bilər;
- Birliyin bütün üzvləri eyni hüquqa malikdir.
4.8. Birlik üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
- bü nizamnaməyə əməl etmək, türk milləti adına, mədəniyyətinə, türk birliyi ideyasına hörmətlə yanaşmaq;
- Başqanlığın qərarlarını yerinə yetirmək.
4.9. Birlik üzvü könüllü olaraq üzvlükdən çıxanda, DGTYB üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə və birliyin tədbirlərində ardıcıl olaraq iştirak etmədikdə üzvlükdən çıxarılır.

V. DGTYB-nin təşkilat quruluşu və idarəetmə orqanları

5.1. Birlik türk dövlət və topluluqlarında (beynəlxalq qanunvericiliklərə uyğun olaraq) hüquqi şəxs statusuna malik nümayəndəliklər açır.
5.2. DGTYB-nin ali orqanı ildə bir dəfə çağrılan Qurultaydır (və ya Qurultay səlahiyyətli Konfransdır);
5.3. Qurultay bütün türk dövlət və topluluqlarından seçilmiş nümayəndələrin 2/3-dən çoxu iştirak etdikdə səlahiyyətlidir;
5.4. Qurultay:
- Nizamnaməni qəbul edir, ona əlavə və dəyişikliklər edir;
- Birliyin əsas fəaliyyət istiqamətlərini müəyyən edir;
- DGTYB başqanını seçir, başqan müavinləri, Baş katib, həmçinin Məclis və Təftiş Komissiyasının tərkibi barədə qərar qəbul edir, təmsilçiliklərin səlahiyyətlərini təsdiq edir;
- Seçkili orqanlarn hesabatlarını dinləyir, onlara qiymət verir;
- Qurultayda rəhbər orqanlara seçkilər, Nizamnaməyə əlavə və dəyişikliklər 2/3, digər məsələlər haqqında qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir;
5.5. Növbədənkənar qurultay Məclis tərəfindən, Başqan və onun müavinlərinin birgə qərarı, habelə üüzvlərinin yarıdan çoxunun tələbi ilə çağrıla bilər;
5.6. Qurultaylararası dövrdə DGTYB-nin qərarverici orqanı Məclisdir.
5.7. Məclisin iclasları 2 ayda 1 dəfədən az olmamaq şərti ilə çağrılır;
5.8. Məclisə Qurultaydan sonrakı ilk iclasda seçilən Məclis başqanı rəhbərlik edir;
5.9. DGTYB başqanı birliyə ümumi rəhbərliyi həyata keçirir. Başqanın səlahiyyət müddəti 3 ildir;
- Başqan DGTYB-ni təmsil edir, onun adından müqavilələr bağlayır, müvafiq sərəncamlar imzalayır.
5.9.1. Birliyin mərkəzi qərargahında cari fəaliyyəti yönəltmək, Məclisin qərarı ilə yaradılan şöbə, bölmə və mərkəzlər arasında əlaqələri təmin etmək məqsədi ilə Baş katiblik fəaliyyət göstərir. Baş katibliyin fəaliyyəti, tərkibi və səlahiyyət müddəti Qurultay tərəfindən müəyyənləşdirilir.
5.10.
- I müavin beynəlxalq əlaqələr və təmsilçiklərin fəaliyyətini koordinasiya işinə məsuldur;
- Təşkilati və Yaradıcılıq məsələləri üzrə başqan müavinləri uyğun sahələrdə iş aparırlar;
- Təşkilati və Yaradıcılıq məsələləri üzrə başqan müavinləri Qurultay tərəfindən səlahiyyət verildiyi halda Məclisdə də seçilə bilər.
5.11. Seçkili orqanlar və vəzifəli şəxslərin fəaliyyəini tənzimləyən Əsasnamələr Məclis tərəfindən təsdiq olunur.
5.12. Tətiş Komissiyası Birliyin maliyyə fəaliyyətinə, vəzifəli şəxslər və üzvlər tərəfindən Nizamnamə tələblərinə əməl olunması işinə nəzarət funksiyasını həyata keçirir.

VI. Birliyin fəaliyyətinə xitam verilməsi

6.1. DGTYB aşağıdakı hallarda ləğv edilmiş hesab edilir:
- Qurultayın qərarı ilə;
- Məhkəmənin qərarı ilə;
- Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
6.2. Birlik ləğv edilərsə onun əmlakı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş məqsədlərə yönəldilir.